Əlaqə Arxiv
news Image
2012.11.27
11:55
| A A A
Narkomaniya daha böyük bəlaya çevrilir
Ölkəmizdə gənclərin "ağ ölümə" meyllənməsi halları artır

Müasir dönəmdə dünyanın üzləşdiyi və getdikcə dərinləşməkdə olan problemlərdən biri də narkomaniya ilə bağlıdır. Problem Azərbaycan üçün də kifayət qədər aktualdır. Çünki görülən bütün qabaqlayıcı tədbirlərə rəğmən, narkotik aludəçilərinin sayında hələ də artım tendensiyası özünü göstərir.

Təkcə paytaxt Bakı yox, İranla sərhəd ölkənin cənub bölgəsində bu sahədə vəziyyət getdikcə daha çox narahatlıq doğurur. Narkotik vasitələrdən istifadəyə görə paytaxtdan sonrakı yeri Lənkəran tutur. Hazırda Lənkəranda 1406 nəfər narkoman dispanser qeydiyyatındadır ki, onların orta yaş həddi 18-40 arasındadır.

Həmçinin paytaxt Bakı və bir sıra rayonlarda da vəziyyət qənatbəxş sayıla bilməz. Rəsmi statistik məlumatlardan narkoistifadəçilərin sayının artıq 30 minə yaxınlaşdığı görünür. Qeydiyyatda olmayanların sayı buraya əlavə olunsa, onda bir daha vəziyyətin narahatdoğurucu səviyyədə olması bir daha üzə çıxar. Bu da nakotik aludəçilərinin sayının artmasından xəbər verir. Daha bir təhlükəli məqam ondan ibarətdir ki, son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-yə düşüb. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin kannaboid qrupuna aid olan narkotik maddələrdən istifadə etdiyi üzə çıxır.

Araşdırmalar əvvəlki kimi onu göstərir ki, Azərbaycana daxil olan narkotik maddələrin böyük əksəriyyəti yenə cənub qonşumuz İran vasitəsilə ölkə ərazisinə daxil olur. Azərbaycan hüquq-mühafizə orqanlarının zərərsizləşdirdiyi cinayətkar qrupların təhlili göstərir ki, Əfqanıstanda istehsal olunan opium, eləcə də kustar üsulla istehsal edilən heroini İran vasitəsilə Azərbaycana keçirmə cəhdləri, eləcə də Azərbaycan üzərindən Rusiyaya aparılma halları müşahidə edilir. Son 2 ayın statistikasına nəzər yetirdikdə də İrandan Azərbaycana xeyli sayda narkotik maddələr keçirilməsinə cəhdlər olunduğunu görmək mümkündür.

Bu günlərdə isə ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan "Washington Post" qəzeti belə bir məqamı diqqətə çatdırmışdı ki, narkotik maddələrlə bağlı zorakılıq indi İrandan Qafqaza yayılmaqdadır: "Region rəsmiləri bildirirlər ki, narkotik maddə qaçaqmalçıları polis və sərhəd qoşunları ilə amansız döyüşlərə girməkdən belə çəkinmirlər. İranın şimal qonşusu olan Azərbaycanda İran qaçaqmalçılarının təkmilləşdirilmiş sürət katerləri Azərbaycanın dəniz patrulları tərəfindən təqib olunur. Qərb və Yaxın Şərq rəsmiləri bildiriblər ki, İranın narkotik maddə qaçaqmalçıları ABŞ istehsallı gecə durbinlərindən, bombalardan və hətta sərhəd-buraxılış məntəqələrini vurub keçmək üçün zirehli maşınlardan istifadə edirlər".

Ümumiyyətlə, İranda narkotiklərlə bağlı vəziyyət çox ağırdır. İranda narkotik vasitələrin istifadəçilərinin çox olmasına qonşu Əfqanıstanda ildən-ilə daha çox narkotik vasitələrin istehsalı böyük təsir edir. Bununla yanaşı, İran həşiş istehsalına görə dünyada birinci yerdədir.

Ölkədə istifadə olunmayan narkotik vasitələr isə qonşu ölkələrə, əsasən də Azərbaycan Respublikasına ixrac edilir. Diqqət edilsə, son illər İran-Azərbaycan sərhədində tutulan qaçaqmalçıların, demək olar ki, hamısı narkotik alverçiləridir. Fars narkobaronlar bu baxımdan işğal olunmuş ərazilərimizdən də istifadə edirlər. Hazırda isə dünyada 208 milyondan artıq insan narkotik vasitədən istifadə etməkdədir. Bu isə dünya əhalisinin təxminən 4,8 faizi deməkdir. Son dövrlər heroindən, tiryəkdən istifadə edənlərin sayı daha çox artmaqdadır. 2000-2009-cu illərlə müqayisədə Əfqanıstanda narkotik istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada narkotik əkilən sahələr 235 min 700 hektar idisə, 2011-ci ildə bu rəqəm 238 min hektara çatıb.

BMT-nin bildirdiyinə görə, Əfqanıstan narkotikinin 18 faizi Avropaya, 15 faizi isə Rusiyaya daşınır. Əfqanıstan narkotiki İran vasitəsilə, o cümlədən Azərbaycan üzərindən keçməklə daşınır. Azərbaycandan keçən marşrutlar ildən ilə fərqlənir. Bir neçə il əvvəl İran-Azərbaycan, Azərbaycan-Rusiya və ya İran-Azərbaycan, Azərbaycan-Gürcüstan-Avropa marşrutu ilə daha çox daşınırdısa, indi Xəzər dənizi vasitəsi ilə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi-Azərbaycan və sonra quru sərhədləri boyunca Gürcüstan-Avropa marşrutları narkotacirlər üçün əsas rol oynayır. Araşdırmalar il ərzində Əfqanıstan narkotikindən 2,4 milyard dollar gəlir əldə edildiyini göstərir. Ölkədə 500-dək narkotik hazırlayan laboratoriya müəyyən edilib.

Sizin Reklam Yeriniz