Artıq ümmui həcmi 45 milyard dolları keçən valyuta ehtiyatlarının bir hissəsini Azərbaycan xaricdə daşınmaz əmlaka, qiymətli kağızlara, həmçinin müxtəlif pul vahidlərinə yatırmaqdadır. Bu xüsusda Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu aktiv siyasət həyata keçirir. Məlumdur ki, Dövlət Neft Fondu 800 milyon Türkiyə lirəsi alaraq Türkiyənin yerli banklarında qısamüddətli depozitlərə yerləşdirib. Yaxın gələcəkdə fondun investisiya portfelində Türkiyə lirəsinin daha da artırılması nəzərdə tutulur.
Növbəti mərhələdə, həmçinin Türkiyə lirəsində olan qiymətli kağızlara investisiyalar planlaşdırılır. Türkiyədə yerləşdirilən depozitlərin gəlirlik dərəcəsi 8-10% arasında dəyişir.
Xatırladaq ki, Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə dair proqrama) əsasən ARDNF-in vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulmuşdu.
19 oktyabr 2012-ci il tarixində ARDNF Rusiyanın ən böyük banklarından biri olan "Qazprombank"a 3 milyard rubl (təxminən 100 milyon ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək, bu valyutada ilkin investisiyalarına başlayıb.
İnvestisiya Neft Fondunun Rusiya rublunda ifadə olunan aktivlərə nəzərdə tutduğu uzunmüddətli investisiya strategiyasının ilkin mərhələsidir və gələcəkdə bu valyutada ifadə olunan digər maliyyə alətlərinə də müvafiq investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.
Aond qızıla da böyük sərmayə yatırır. Artıq Fondun London birjasında aldığı qızıl külçələrin ilk partiyasının ilin sonunadək Azərbaycana gətirilməsi planlaşdırılır. Alınmış qızıl ehtiyatının 1 ton həcmində ilk partiyası ilin sonunadək Bakıya gətirilərək saxlanmaq üçün Mərkəzi Banka təhvil veriləcək. O da məlum olub ki, hazırda Londonda saxlanılan qızıl ehtiyatlarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən problemlər var. Heç bir aviaşirkət qızılın daşınması üçün bir dəfəyə 1 tondan artıq qızılı göyərtəsinə götürmür.
Xatırladaq ki, Dövlət Neft Fondu qızılın alınmasına 2012-ci il fevralın 1-dən başlayıb. Hazırda DNF-in ümumi qızıl ehtiyatları təxminən 11 ton təşkil edir. Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq "JP Morgan" bankının London anbarı seçilib. Fondun alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.
ABŞ biznes dairələriən yaxınlığı ilə tanınan "Wall Street Journal" qəzeti isə qeyd edir ki, Azrbaycan həm də Avstraliya dollarına böyük sərmayə yatırır. Qeyd olunur ki, öz istiqrazını satan hökumət xarici borclarını qısa müddətdə ödəmək imkanı qazanır. Elə bu üzdən hökumət istiqrazlarının alınmasını "borcların satın alınması" kimi də açıqlamaq olar. Əlbəttə, alıcılar bu işi təmənnasız görmür, kreditləri dəqiq şərtləndirilmiş müddətə və dəqiq sələm faizinə verirlər.
"Wall Street Journal"ın məlumatına görə, indi 33 milyard dollar vəsaiti olan Azərbaycan Dövlət Neft Fondu Avstraliya istiqrazlarını ötən ilin iyulundan almağa başlayıb. Avstraliya dollarının bir ayın içində 3-4 faiz bahalaşması da məhz həmin dövrə təsadüf etmişdi.
"Wall Street Journal"ın suallarını yazılı cavablandıran Azərbaycan Dövlət Neft Fondu bildirib ki, bu addım Azərbaycanın valyuta zənbilini şaxələndirmək məqsədilə atılıb.
Fond rəsmilərinin fikrincə, ABŞ və Avropanın maliyyə bazarlarındakı hazırkı aşağı kredit faizləri mühitində bu siyasəti seçmək qaçılmaz idi. "Wall Street Journal" bu addımı atan Azərbaycanın Rusiyanın da daxil olduğu ölkələr sırasına qatıldığını yazır və son bir ildə Avstraliya istiqrazı satışının 76 faiz artdığını vurğulayır. Analitiklər sözügedən artımı Avstraliyanın borclarının azlığına və bu ölkədə təxminən 100 adamdan 5-nin işsiz olmasına bağlayırlar.
Ölkənin maliyyə göstəriciləri o qədər yaxşıdır ki, BVF Avstraliya dollarını beynəlxalq "güvənli əmanət valyutası" elan etməyə hazırlaşır. İndi yalnız ABŞ dollarının, avro və Britaniya funt-sterlinqinin, Yaponiya yeni və İsveçrə frankının bənzər statusu var.
Hökumət istiqrazları həm də ona görə "güvənli əmanət" sayır ki, borcu satın alan subyektin ən pis halda, qoyduğu pulu geri götürmək imkanı qalır. Düzdür, daha pis hallar da var. Məsələn, Rusiyanın borclarını alan bir sıra Qərb ölkələri rublun məzənnəsi enib-qalxdığından 1998-ci ildə pullarını geri ala bilməyiblər. "Wall Street Journal"ın məlumatına görə, Azərbaycan Dövlət Neft Fondu indiyədək 200 milyon Avstraliya dolları (209 milyon ABŞ dolları) dəyərində istiqraza sahiblənib.