Əlaqə Arxiv
news Image
2012.11.28
07:17
| A A A
Təhsil müəssisələrində ən ciddi məsələlərdən biri müəllimlərin İKT bacarığının artırılmasıdır
Nazir: “Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”

"Məktəblərdə kompüter-şagird nisbəti 1:20 olaraq qalır. Bununla bağlı ciddi bir dəyişiklik yoxdur". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında qeyd edib. Nazir onu da bildirib ki, 2-5 il öncə alınan İKT avadanlıqları müəyyən zaman keçdikdən sonra ya keyfiyyətini itirir, ya da istifadəsində müəyyən problemlər yaranır. Nazirin sözlərinə görə, hazırda əsas diqqət mövcud nisbətin aşağı düşməməsinə yönəldilib. M. Mərdanov vurğulayıb ki, məktəbə verilən avadanlıqlar mütləq şəkildə istifadə edilməlidir.

"Məktəblərimizin hamısında İKT avadanlıqları var. Ola bilər ki, böyük məktəblərdə laboratoriyaların sayı, siniflərin sayı çox, kiçik məktəblərdə isə az olsun. Məktəblərimizin böyük əksəriyyəti geniş zolaqlı internet şəbəkəsinə qoşulub. Biz bununla kifayətlənmirik. Eyni zamanda, elektron məktəb proqramını həyata keçiririk. Bu baxımdan ölkəmizin təhsil müəssisələrində İKT-nin tətbiqi məsələsini normal hesab edirəm. Təbii ki, bu səviyyə ilə kifayətlənmirik. İşimizi davam etdirməli, səviyyəmizi daha da artırmalıyıq", - deyə M. Mərdanov əlavə edib.

O bildirib: "Bu gün təhsil müəssisələrində ən ciddi məsələlərdən biri müəllimlərin İKT bacarığının artırılmasıdır".

Nazir qeyd edib ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələniblər. M. Mərdanov vurğulayıb ki, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir: "Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları ilə gəlirlər. Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılmasına, internet şəbəkəsinin genişləndirilməsinə, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb".

Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin "İlin ən yaxşı müəllim" və "İlin ən yaxşı məktəbi" müsabiqəsinin keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, əslində o tədbirdə elə deyilməyib: "Amma mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".

Misir Mərdanov TQDK-nın 20 illik yubileyi çərçivəsində təşkil olunan dəyirmi masada nazirlik nümayəndələrinin iştirak etməməsi məsələsinə də aydınlıq gətirib: "Onların dəvət olunub-olunmadığını bilmirəm. Amma düşünürəm ki, yəqin, dəvət olunsaydılar, nazirlik nümayəndələri o tədbirdə iştirak edərdilər".
Sizin Reklam Yeriniz