Əlaqə Arxiv
news Image
2012.11.30
07:16
| A A A
Əhaliyə qazın fərqli qiymətlərlə satılması təklif olunur
Nazim Məmmədov: “Bu sistemin Azərbaycanın sərhədyanı bölgələri üçün tətbiq olunması çox məqbuldur” Natiq Cəfərli: “Bir təcrübə kimi bəzi dağ və yaxud da sosial - iqtisadi inkişafı geridə qalmış regionlarda bunu həyata keçirmək olar”

Gələn ilin iyul ayından etibarən ən böyük "mavi yanacaq" ehtiyatlarına malik ölkələrdən biri kimi tanınan Rusiyada əhaliyə satılan qazın qiyməti artırılacaq. Lakin bununla yanaşı lokal ərazilərdə qazın qiymətlərində differensiallaşdırılmış sistem tətbiq ediləcək. Belə ki, Arxangel vilayəti və Altay Respublikasında əhaliyə verilən qazın qiymətində fərqlilik olacaq və ucuz satılacaq. Bəs görəsən bir qaz istehsalçısı kimi Azərbaycanda da bu sistemin tətbiq edilməsi nə qədər real görünür?

İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, hazırda bizdə bölgələrin gəlirlik imkanını nəzərə alaraq kommunal xidmətlərdə, satışda differensiallaşma mövcuddur: "İndi bəzi coğrafi ərazi ilə bağlı əmək haqlarında əmsallar tətbiq olunur. Kəndin insanlardan boşalmaması üçün onların kommunal xərclərinin aşağı olması çox vacibdir. İndiki dövrdə kənd yerlərində iş yerləri məhdud, əmək haqlarının aşağı olduğuna görə bunu nəzərə almaq məqsədəuyğun olardı. Çünki, kənd yerlərində bir ailənin ay ərzində qaza xərclədiyi pulun miqdarı ən aşağısı 80-100 manat olur. Həm də nəzərə alsaq ki, bu gün Azərbaycanda orta əmək haqqı 400, təhsil sistemində isə 200 manatdır. Bunun da 80-100 manatının ancaq qaza verilməsi məqsədəuyğun deyil. O baxımdan həmin insanların orada qalıb yaşaması üçün kommunal xərclərinin yüngülləşdirilməsinə çox böyük ehtiyac var. Ona görə də bu sistemin Azərbaycanın sərhədyanı bölgələri üçün tətbiq olunması çox məqbuldur".

Nazim Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ədalətli qiymət müəyyən olunmalıdır: "Bu gün qazın maya dəyəri 30 - 40 manat olduğu halda, bunu əhaliyə 100 manata satmaq düzgün deyil. Əslində rentabelliyi nəzərə alaraq qazı maya dəyərinin üzərinə 30 % gəlməklə əhaliyə satmaq olar. Bu da əhali tərəfindən normal qarşılanardı. Hətta cənab prezidentin kommunal xərclərin maya dəyərinə uyğunlaşdırılması və əhaliyə verilən xidmətlərin tənzimlənməsi haqqında Nazirlər Kabinetinə tapşırığı da olub".

Digər ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rusiyanın ərazisinin bizdən dəfələrlə çox olmasını, bəzi bölgələrinin qaz təminatını və əhalinin sosial vəziyyətini nəzərə alaraq orada differensiallaşdırılmış qiymətlərə keçmək təbiidir: "Həm də Rusiya özü, ən böyük qaz istehsalçılarından biridir. Azərbaycan kiçik ölkədir. Azərbaycanda belə bir formada qiymətlərin tətbiqi nəinki ayrı - ayrı regonlarda, hətta bütün ölkə ərazisində də mümkündür. Amma bir təcrübə kimi bəzi dağ və yaxud da sosial - iqtisadi inkişafı geridə qalmış regionlarda bunu həyata keçirmək olar. Amma hökumət ilk öncə hazırda qazın maya dəyərinin dəqiq qiymətini çıxarmalıdır. Bundan sonra üzərinə cüzi opretiv xərcləri gəlməklə həmin qiymətə sata bilər. Son məlumatlara görə, Azərbaycanda qazın maya dəyəri 40-50 manat arasında dəyişir. Amma satış qiyməti 2 dəfəyə qədər bahadır. Məhz bu məsələdə hökumət müəyyən endirimlərə gedə bilər. Ondan da vacib bir iş isə şəbəkələrin yenidən qurulması prosesinin yüksək sürətlə aparılmasıdır ki, qaz itkisinin qarşısı alınsın. Çünki, bunun özü də maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Belə olanda da qazın qiymət endiriminə getməsinə şərait yaranar".

Ekspertin fikrincə, belə bir sistem Azərbaycanda tətbiq olunsa, ictimai fikirdə təlatüm yarada bilər ki, niyə burada tətbiq olundu, başqa yerdə yox: "Amma sistemin sosial - iqtisadi inkişafı zəif olan, qışın sərt keçdiyi regionlarda əhalinin ciblərinə xeyri olacaq. Sistemin həm də ekoloji nöqteyi-nəzərdən də çox ciddi xeyri ola bilər. Çünki, soyuq keçən bəzi dağ rayonlarına qazın verilməsində problem olan zaman burada yaşayan əahli meşələrin qırılması yolu ilə öz istilik problemlərini həll etməyə çalışır. Ona görə də əgər əhali ucuz qiyməyə qaz alsa, meşələrin qırılması da dayandırıla bilər".
Sizin Reklam Yeriniz