Əlaqə Arxiv
news Image
2012.12.02
12:15
| A A A
Yük maşınları yenə yolların qəniminə çevrilib
Bəzən belə maşınlar yol verilən maksimal çəkidən iki dəfə artıq yük vururlar
Ölkədə milyonlarla dollara başa gələn və beynəlxalq standartlara uyğun tikildiyi bilinən yolları qeyri-standart yük maşınları hələ də bərbad hala salmaqdadır. Böyük İpək Yolu layihəsi çərçivəsində Ələt-Kürdəmir istiqamətində ikinci yol yenidən tikilərkən bütün avtomobillər birzolaqlı yolla hərəkət etməyə məcbur oldu.
Nəticədə, 2005-2006-cı illərdə çəkilmiş yol cadar-cadar olub, hətta bəzi yerlərdə çökəklər yaranıb. İkinci yol çəkilib qurtarmamış əvvəlki yol dağıldı. Sözsüz ki, asfalt yollarının dağılmasının əsas səbəbi yük maşınlarının normadan artıq yük daşımaları həyata keçirməsidir. Xüsusilə də, mişar daşı aparan ağır tonnajlı maşınlar yenə yolları ciddi şəkildə zədələyir, sıradan çıxarırlar.
Məlumatlara görə, Azərbaycanda 15-18 min avtomobil mütəmadi yük daşıyır. Qeyd olunduğu kimi, dağılmağa daha çox məruz qalan Bakı-Qazax magistral yoludur. Şirvan şəhərində Kür çayının üzərində Avropa standartlarına uyğun tikilmiş körpü son 5 ildə 14 dəfə təmir edilib.
20-30 tonluq yük daşıma norması olan "Kamaz" markalı maşınlar isə bəzən 50-60 tonluq yüklə yola çıxırlar. Bu halda yolların, körpülərin dağılma ehtimalı böyük olur. Qeyd edək ki, Nazirlər Kabinetinin 2009-cu ildə təsdiqlədiyi "Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"na dair qərarda göstərilir ki, yük maşınlarının hər oxuna maksimum 10 ton yük düşməlidir. Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə hündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır.
2012-ci ildə parlamentin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsində təsdiqlənən dəyişikliklərə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən yüklənmə normasını pozduqda - vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə edilir.
Fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə cərimənin məbləği isə 600-700 manat təşkil edir. Bu hərəkətə il ərzində təkrar yol verən fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla onlar 1000-1200 manat, vəzifəli şəxslər 1800-2000 manat, hüquqi şəxslər isə 5500 manatdan 6000 manatadək miqdarda cərimə edilir.
Yol qurğularına ziyan vuran yük avtomobillərinin sürücüləri 120 manatadək cərimə ödəyəcək. Qanunun icrası, həmçinin qanunun pozulmasına şərait yaradılmaması üçün Nəqliyyat Nazirliyi bir sıra tədbirlər görməli olub. Bunlardan başlıcası ağır yük maşınlarının qoşqularına əlavə edilən qurğuların kəsilməsi idi. Daha sonra Bakı-Ələt-Astara, Bakı-Qazax və Bakı-Quba magistral yollarına 9 ədəd tərəzi quraşdırılıb.
Müşahidələr göstərir ki, Nəqliyyat Departamentinin əməkdaşları normadan artıq yük daşıyan ağır tonnajlı avtomobillərin sahiblərinə cərimə yazmasalar da, onların yüklərini özlərinə boşaltdırırlar. Buna təkcə Nəqliyyat Nazirliyi deyil, Dövlət Yol Polis İdarəsinin yol polis postlarında olan əməkdaşları da nəzarət edirlər. Postların ətrafına atılmış mişar daşları məhz normadan artıq olan yüklərdir.
Müşahidələr isə göstərir ki, İnzibati Xətalar Məcəlləsinə məlum dəyişikliklərin edilməsinə baxmayaraq, yollarda hələ də yükü özündən dəfələrlə ağır olan və yükünü daşımaqda əziyyət çəkən yük maşınlarına rast gəlinir. Daha çox gəlir götürmək iddiasında olan sürücülər daha çox gecə saatlarında yola çıxırlar.
Problemdən çıxış yolu kimi ekspertlər istismar müddəti başa çatmış ağır tonnajlı avtomobillərin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsində görürlər. Qoşqusu 4 təkərdən ibarət olan belə yük maşınları normadan artıq yük daşıdıqda asfalt yolu daha çox zədələyirlər. 6, 8 təkərli yük maşınlarında ağırlıq təkərlər üzrə paylanır və yola düşən ağırlıq daha geniş müstəvini əhatə etdiyindən dağılma, çökmə prosesi olmur.
Sizin Reklam Yeriniz