Əlaqə Arxiv
news Image
2012.12.04
07:05
| A A A
Xəzər ekoloji fəlakət astanasında
Rauf Sultanov: “Çirklənmə Xəzər dənizindəki fitoflanktonların növlərinin, miqdarının azalmasına səbəb olur” Telman Zeynalov: “Çirklənmə sonda Xəzər dənizini Aral kimi itirərək “ölü dəniz”ə çevirə bilər”

5 ölkə ilə əhatə olunan Xəzər dənizinin ekoloji durumu ilə bağlı son dövrlərdə daha çox həyəcan təbili çalınmaqdadır. Xüsusən də Volqa çayı ilə gələn axıntılar dənizi daha çox çirkləndirməkdədir. Çünki, ümumilikdə Xəzər dənizinə tökülən şirin suyun 82 %-ni Volqa çayı təşkil edir. Xəzərin çirklənməsində Volqa çayından sonrakı yeri isə Azərbaycan tərəfindən Xəzər tökülən Kür çayı tutur.

Ekologiya Standartları Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov isə bildirir ki, Azərbaycan hövzəsində çirklənməyə əsas səbəb Ermənistan və Gürcüstanın Kür və Araza axıtdıqları zərərli maddələrdir: "Bununla da onlar Xəzər dənizinin çirklənməsində bilavasitə iştirak edirlər. Ona görə də çirklənmənin qabağını almaq üçün müəyyən işlər görülməlidir".

Professorun sözlərinə görə, aparılmış hesablamalar göstərir ki, Volqa çayı hövzəsində 70 milyona qədər əhali yaşayır: "Bu qədər əhalinin məişət tullantıları və ətrafında yerləşən fabriklərin çirkab suları məhz Volqa çayına axıdılır. Ona görə də Xəzər dənizinin çirklənməsində xüsusi çəkini Volqa çayı tutur. Çirklənmə də Xəzər dənizindəki fitoflanktonların növlərinin, miqdarının azalmasına səbəb olur. Bunun nəticəsidir ki, Şimali Xəzərdə infuzorların növ tərkibi 73, Orta Xəzərdə 112, Cənubi Xəzərdə isə 108-dir. Ümumiyyətlə, bu infuzorlar şirin, duzlu, hər yerdə yaşamağa malikdirlər. Amma növ və miqdar tərkibinə görə Orta Xəzər Cənubi Xəzərdən çoxdur. Bu onunla əlaqədardır ki, Volqa çayının töküldüyü ərazidə zooflanktonların özünün də miqdarı azalır. Yəni, orada çayların çirklənməsi Xəzərin çirklənməsinə səbəb olur. Bu da zooflakton və fitoflanktonların tərkibinin dəyişməsinə səbəb olur. Bundan başqa ümumiyyətlə, dünyadakı oksigenin miqdarının təqribən 60 faizi su hövzələrinin altında olan bitkilərin hesabına əmələ gəlir. Amma dəniz çirkləndikdə dibindəki bitkilər məhv olur və onları antropogen amillərlə bərpa etmək qeyri - mümkündür. Nə qədər çox oksigen olarsa, orada yaşayan bioresurslar növ tərkibinə görə daha çox olur. Bu da "qida zənciri" yaradır ki, bioresursların Xəzər dənizində artmasına səbəb olur. Bundan başqa bu gün Xəzər dənizində ən gərgin vəziyyət Xəzər nərəsinin olmamasıdır. Çünki, uzun müddətdir ki, Xəzər dənizində tutulan nərələrin hamısı erkəkdir. Dişi tutmaq olmur ki, onun kürüsündən istifadə edərək Xəzər dənizində onun miqdarını artıraq. Bu da ölkəmiz üçün böyük faciədir. Xəzər nərəsi kimi ona oxşar müəyyən balıq növləri var ki, onların da miqadarı azalıb. Bu da Xəzər dənizinin həm bioresursların azalmasına səbəb olur, həm də insanların dənizdən istifadə etmə səmərəsi olduqca aşağı düşür".

Rauf Sultanov onu da bildirdi ki, Xəzər dənizi endemik növlərin çoxluğuna görə Avrasiya məkanında su tutarları arasında xüsusi əhəmiyyətə malikdir: "Son vaxtlarda Xəzər dənizinə başqa su hövzələrindən Volqa çayı vasitəsi ilə anqivin və üçiynəli tikan balıq növü daxil olub. Həmin balıqlar yerli endemik balıqlarla qida rəqabətinə girərək onların qida ehtiyatlarının azalmasına və nəslinin kəsilməsinə səbəb olub. Bir tikan balığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədəd endemik balıqları udur. Yəni, bu gün Xəzər dənizindəki bioresursların növ tərkibinin dəyişməsi və endemik balıqların kökünün kəsilməsinə gətirib çıxaracaq növlərin gəlməsi böyük təhlükə törədir".

Professor bildirir ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq müasit texnologiyalar mövcuddur: "Bu texnologiyalardan istifadə etmək lazımdır. Azərbaycan şimal ərazisində kanalizasiya sularının Xəzər dənizinə tökülməsi üçün böyük bir layihə həyata keçirilir. Bu lahiyələri həyata keçirməyimizə baxmayaraq, bu gün Ermənistan və Gürcüstan da belə bir layihəni həyata keçirməlidir. Yəni, Kürə tökülən suyu təmizləyib ora tökməlidirlər. Amma Gürcüstan və Ermənistan bu beynəlxalq müqavilələrə qoşulmayıblar. Qoşulmadığı üçün də beynəlxalq təşkilatlar ondan nəyisə tələb edə bilmir. Volqa çayının da təmizlənməsi prosesi böyük bir layihə olmalıdır. Rusiya da belə bir layihənin həyata keçirilməsində maraqlı olmalıdır".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirir ki, çirklənmə sonda Xəzər dənizini Aral kimi itirərək "ölü dəniz"ə çevirə bilər: "Qarşısını almaq üçün isə 5 dövlətin nümayəndələri yığışıb dövlət qurumları ilə birgə ictimai nəzarət monitorinq qurumu yarada bilərlər. Xəzər dənizini hər dövlətin nə qədər çirkləndirməsini monitoriq etsinlər və onu müəyyənləşdirdikdən sonra tədbirlər plan hazırlayıb həyata keçirə bilərlər. Tədbirlər planından sonra oralarda təmizləyici qurğular qurmaq olar. Həmçinin də nəzarət altına ala bilərlər. Burada nərə balıqlarının bütün resursları məhv ola bilər. Əgər onların yemləri məhv olursa, nərə balıqları da məhv olacaq. Bununla da həm nərə balığından, həm də onun kürüsündən məhrum ola bilərik".
Sizin Reklam Yeriniz