Əlaqə Arxiv
news Image
2012.12.05
06:44
| A A A
Azərbaycan döyüş təyyarələrinin istehsalına başlayacaq
Şəfəq Kərimova: “Artıq bu istiqamətdə işlər aparılır” Üzeyir Cəfərov: “Hərbi vertolyot və təyyarələrin istehsalına cəhd etməyə dəyər”

Ruslan Atakişiyev: "Gələcəkdə belə bir iş nəzərdə tutularsa, daxili istehlakdan daha çox satışa yönəlik olmalıdır"

Azərbaycanın gələcəkdə hərbi vertolyot və təyyarələrin istehsalına başlayacağı barədə indiyə qədər bir neçə dəfə məlumatlar səsləndirilib. Qeyd edək ki, bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır. Gələcəkdə planlar var ki, həmin təyyarələr Azərbaycanda da istehsal olunsun. Lakin bunun nə vaxt həyata keçiriləcəyi hələ dəqiq məlum deyil.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova "Mövqe"yə açıqlamasında artıq bu istiqamətdə işlərin aparıldığını bildirdi. İşlərin hələlik başa çatmadığını nəzərə alaraq, Şəfəq Kərimova proses barədə əlavə məlumatların verilməsinin qadağan olduğunu bildirdi. Amma xanım Kərimova artıq "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatlarının istehsal olunduğunu nəzərə çatdırdı: "Bunların da uğurlu nəticəsi oldu".

Hərbçi ekspert Üzeyir Cəfərov isə bildirir ki, hərbi vertolyot və təyyarələrin istehsalına cəhd etməyə dəyər: "Amma onu da fikirləşmək lazımdır ki, bu vertolyotların potensial alıcıları olacaqmı? Çünki, indi dünyda kifayət qədər hərbi sənaye kompleksini inkişaf etdirmiş ölkələr var. Bunların fonunda istehsal edilən məhsul özünü doğruldacaqmı? Ona görə də belə məsələrdə bir qədər diqqətli olmaq lazımdır. Məhsul xatirinə məhsul buraxmaq lüzumsuzdur. Çünki, bizim 20 illk təcrübəmiz olduğu halda bu sahədə 50-100 illik inkişafı olan ölkələr də var. Ona görə də bu məsələlərdə tələsmək lazım deyil. Belə getsə, biz sabah tankın da istehsalının eşqinə düşə bilərik. Hərçənd ki, dünyada müasir hərbi tələblərə cavab verən tanklar çoxdur. Bir sözlə, vertolyot baxımdan hələlik optimist fikirlərə bağlanmaq o qədər düzgün olmazdı. Çünki, vaxt baxımından bir az tezdir. Həmçinin həm ola bilsin ki, bizim o məhsulu realizə etməkdə çətinliklə qarşılaşaq".

İqtisadçı ekspert Ruslan Atakişiyev isə bildirir ki, silah - surat satışı dünyada formalaşmış bazarlardan biridir: "Bu gün iqtisadi imkan baxımından Azərbaycan istənilən növ silah istehsal edə bilər. Amma məsələ ondan ibarətdir ki, iqtisadiyyatımızın diversifikasiyası gedir. Yəni, dünya bazarında özünəməxsus məhsullarla çıxış etmək imkanı formalaşıb. O cümlədən də dünya silah bazarında da tələb və təklif var. Azərbaycan həmin silah bazarına daxil olmaq istəyirsə, burada diverfikasiya olunmalıdır ki, hansı növ silahla satış imkanlarımızı genişləndirə bilərik. Bu da silah növünə olan tələbatdan asılıdır. Silah alıcıları da əsasən, ABŞ, Çin, Fransa, Rusiya kimi ölkələrin silahlarına üstünlük verirlər. Odur ki, belə bir satıcıların olduğu yerdə Azərbaycanın yer tutması həmin bazarın dərindən öyrənilməsini zəruri edir. Hərbi vertolyot və təyyarə istehsalı çox böyük kapitaltutumlu sahədir. Burada böyük maliyyə və ixtisaslı kadrlara ehtiyac var. Amma bizdə daxili istehsalın həcmi o qədər də böyük deyil ki, birdən - birə zavodlar tikib həmin istehsala başlaya bilək. Gələcəkdə belə bir iş nəzərdə tutularsa, daxili istehlakdan daha çox satışa yönəlik olmalıdır. Çünki, Azərbaycanın daxili ehtiyacları o sənayenin sifarişlərinin verilməsinə kifayət etməyəck. Ona görə də əvvəlcədən dünyada bu bazar öyrənilməlidir. Öyrənildikdən sonra Azərbaycanın istehsal etdiyi vertolyotlar dünya bazarında hegemon satıcıların istehsal etdiyi vertolyotların səviyyəsinə çatacaqsa, buna gedilə bilər. Həm də Azərbaycanın iqtisadiyyatında diverfikasiyaya getməklə yanaşı, hərbi sənayesi ilə bağlı nəsə satışda nəzərdə tutulsa, burada da diverfikasiya aparılmalıdır".

Sonda qeyd edək ki, hazırda Azərbaycanın iki müəssisəsi - Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan "İqlim" Elmi İstehsalat Müəssisəsi və "Avia-Aqreqat" zavodu aviasiya texnikalarının istehsalı ilə məşğuldur.

Sizin Reklam Yeriniz