Əlaqə Arxiv
news Image
2012.12.05
10:19
| A A A
“Milyarderlər ittifaqı”nın fəaliyyətini dayandırması zərurətə çevrilir

Fəzail Ağamalı: "RATİ-nin bundan sonra fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur"

Rəsmi Bakı Rusiyada bir qrup azərbaycanlı zəngin tərəfindən yaradılan və daha çox Azərbaycan diasporunun parçalanmasına xidmət edən "milyarderlər ittifaqı"na dair növbəti dəfə mənfi münasibət bəslədiyini meydana qoydu.  Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyev  bununla bağlı növbəti dəfə konkret mövqe sərgilədi:

"Milyarderlər ittifaqı"na münasibətim əvvəldən mənfidir". O qeyd edib ki, hətta, bu təşkilat elan olunmazdan əvvəl onun rəhbərlərindən biri ilə görüşündə də bu təşkilata mənfi münasibətini bildirib: "Rusiyanın regionlarındakı diaspor qurumları da bu təşkilatı tanımır və əhəmiyyət vermirlər". R. Mehdiyev bildirib ki, təşkilatla bağlı ümumi maraqlardan kənar məsələlər müzakirə olunur: "Bu təşkilatı yaradanlar ancaq öz şəxsi məqsədlərini və mənafelərini güdürlər. Onlar Azərbaycanın Rusiyadakı diasporu ilə heç bir halda bağlı deyillər və bu hərəkətləri ilə əslində Azərbaycan diasporunu parçalamaq niyyətini güdürlər. Ona görə bu təşkilatı mənfi qiymətləndirirəm. Onun heç bir perspektivi olmayacağını qeyd edirəm".

Ekspertlər isə hesab edir ki, bütün bunlardan sonra "milyarderlər ittifaqı"nın fəaliyyətini dayandırması daha məqbul olardı. Çünki bu qurumun Azərbaycanın maraqların axidəm edəcəyi qətiyyən inandırıcı deyil.

Əslində, siyasi mövqeyindən asılı olmayaraq RATİ-ilə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyi üst-üstə düşürdü. O da fakt idi ki, yeni təşkilat Rusiya Azərbaycanlıları Konqresinin müəyyən qopmalara  səbəb oldu. Hesab olunur ki, hakimiyyətə yaxın və ya Azərbaycanla bağlı heç bir marağı olmayan nüfuzlu biznesmenlər, imkanlı şəxslər aldadılaraq, yaxud şəxsi münasibətlər kontekstində təşkilata cəlb olunublar. Artıq təəssüratlar özünü doğruldur.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı düşünür ki, RATİ-nin bundan sonra fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur: "Deyirlər ki, onlar Rusiyada yaşayan 3 milyona yaxın azərbaycanlının hüquqlarını müdafiə edəcək. Milli köklərdən uzaq, milyarderlərin dostu olan Rüstəm İbrahimbəyov gedib bazarlarda azərbaycanlı axtaracaq? Yoxsa bunu Söyün Sadıqov edəcək? Bəlkə Telman İsmayılov bu işi üzərinə götürdü? Ramiz müəllimin açıqlamasından sonra yəqin ki, oradakı insanlar xüsusilə də, Araz Ağalarov, Abbas Abbasov, Telman İsmayılov kimi şəxslər yanıldıqlarının fərqinə varıb, təşkilatı tərk edəcəklər. Bir daha bəyan edirəm ki, dövlət dəstəyi olmadan fəaliyyət göstərən bu təşkilat Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək gücündə deyillər. Yox, əgər Rusiyanın müəyyən dairələri tərəfindən Azərbaycandakı sabitliyi pozmaq, siyasi proseslərə müdaxilə etmək məqsədilə ortaya atılıblarsa, aqibətləri yaxşı olmayacaq. Nə qədər ki, gec deyil, səhv yoldan dönsələr, yaxşıdır".

R.QAÇAYOĞLU  

Sizin Reklam Yeriniz