Əlaqə Arxiv
news Image
2012.12.05
13:40
| A A A
Rusiya taxılı Azərbaycana daha baha başa gəlir

Vüqar Bayramov: "Rusiyadan taxıl idxalını ləğv etmək məqsədəuyğun olmazdı"

Vahid Məhərrəmov: "Nəzərə almaq lazımdır ki, Rusiyada istehsal olunan buğda, Qazaxıstanda istehsal olunan buğdadan fərqli olaraq keyfiyyətlidir"

Məlumdur ki, bu gün Azərbaycanda taxıla olan tələbatı tam şəkildə daxili istehsal hesabına ödəmək mümkün deyil. Məhz ona görə daxili istehsalla yanaşı, müəyyən həcmdə  taxıl idxal olunur. İdxal isə əsasən iki ölkədən - Rusiya və Qazaxıstandan olur. Amma hazırda Azərbaycana Rusiyadan idxal olunan taxıl Qazaxıstandan gətirilən taxıldan təqribən 30% baha başa gəlir. Belə olan təqdirdə isə qiymət fərqini nəzərə alaraq Rusiyadan idxal olunan taxılın tamamilə ləğvi məsələsini gündəmə gətirmək nə  qədər düzgün olardı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "Mövqe" qəzetinə açıqlamasında məsələyə münasibət bildirərək qeyd etdi ki, Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir: "Eyni zamanda Azərbaycan taxılı müxtəlif mənbələrdəb idxal etməyə çalışır ki, bir ölkədən asılılıq yaranmasın. Rusiyada 2012- ci ilin yekunlarına görə, taxıl istehsalı təxminən      20 %-ə qədər aşağı düşüb. Taxıl istehsalının aşağı düşməsi də taxılın qiymətinin yüksəlməsinə gətirib çıxarıb. Rusiya bazarında yalnız Azərbaycana ixrac etdiyi yox, eyni zamanda bütövlükdə dünya bazarına çıxartdığı taxıl məhsullarının qiymətində artımlar var. Rusiya bazarında taxılın qiymətinin və bizim Rusiyadan idxal etdiyimiz taxılın qiymətinin Qazaxıstandan idxal etdiyimiz taxılın qiymətindən yüksək olmasına baxmayaraq, Rusiyadan taxıl idxalını   ləğv etmək məqsədəuyğun olmazdı. Çünki, bunun ən ciddi mənfi tərəfi ondan ibarətdir ki, Rusiya taxıl idxalından imtina edilməsi Azərbaycanın Qazaxıstanın taxıl idxalından asılılığının gücləndirilməsinə gətirib çıxaracaq. Yəni, praktiki olaraq Azərbaycan Qazaxıstandan asılı olacaq. Nəzərə alsaq ki, Azərbaycan il ərzində 2.7 milyon ton taxıl istehsal edir. Bunun 1.7 milyon tonu çörək istehsalı üçün istifadə oluna bilən buğda məhsuludur. Bəzi hallarda isə Qazaxıstan taxıl istehsalının bu ölkədə azalması səbəbindən ixracata qadağalar qoyur. O baxımdan bir ölkədən taxıl idxalının asılılığı Azərbaycan üçün strateji və səmərəlilik baxımdan ciddi problemlər yarada bilər. İkinci səbəb onunla bağlıdır ki, Rusiya Azərbaycanın taxıl idxal və ixracatında əsas partnyorlarından biridir. Azərbaycan heç bir halda öz partnyorundan imtina etməməlidir. Amma hazırda istehsal aşağı düşdüyündən Rusiyada taxıl ixracatı bahadır. Eləcə də dünya bazarında da qiymət yüksəkdir. Amma bu, o anlama gəlmir ki, növbəti illərdə Rusiyanın taxıl ixracatındakı qiymətlər digər ölkələrlə müqayisədə yüksək olacaq. O baxımdan hətta digər ölkələrlə müqayisədə Rusiyada qiymət artımları olsa belə, Azərbaycan Rusiyadan taxıl idxalını davam etdirməlidir. Heç bir halda bu əməkdaşlığın dayandırılması arzuolunan deyil. Üçüncü səbəb də onunla bağlıdır ki, Azərbaycan üçün idxalın şaxələnməsi olduqca vacibdir. İdxalın şaxələnməsi həm Azərbaycan biznesmenləri üçün vacibdir, həm də Azərbaycanın idxal məbələri ilə bağlı seçim etmə imkanlarını genişləndirir.  Ona görə də idxalın şaxələnməsi baxımından Azərbaycan heç bir halda Rusiyadan taxıl idxalını dayandırmamalıdır. Çünki, hazırda Rusiyadakı qiymət artımı müvəqqəti və mövsümi xarakter daşıyır".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da qeyd etdi ki, birmənalı olaraq Rusiyadan taxıl idxalını dayandırmaq düzgün olmaz: "Onsuz da bu il Qazaxıstanda taxıl idxalının həcmini artırmışıq. Nəzərə almaq lazımdır ki, Rusiyada istehsal olunan buğda, Qazaxıstanda istehsal olunan buğdadan fərqli olaraq keyfiyyətlidir. Çörəkbişirmədə isə əldə olunan çörəyin keyfiyyətinin yaxşı olması üçün mütləq keyfiyyətli buğdadan istifadə edilməlidir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, biz Rusiyadan olan idxalın həcminin azaldacağıq. Amma hökumət belə məhdudiyyət qoymamalıdır. Bu işlə sahibkarlar məşğul olmalıdır. Qiymət sərf edirsə və keyfiyyəti yaxşıdırsa, biz istənilən ölkədən buğdanı idxal edə bilərik".

Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz