Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, İranın nüvə proqramını
inkişaf etdirməkdən çəkinməməsi bu ölkəyə qarşı daha sərt addımlar
atılmasını qaçılmaz edir. Elə bunun nəticəsidir ki, İranla bağlı
Qərb ölkələri tərəfindən daha sərt reaksiyalar həyata keçirilir və
yenilərinin tətbiqi üçün müvafiq addımlar atılır.
Bütün bunlar İranın beynəlxalq təcrid vəziyyətini daha da
dərinləşdirir və hadisələrin qeyd olunan səpkidə inkişafı cənub
qonşumuzun sonunda ciddi iqtisadi problemlərlə qarşılaşacağını
istisna etmir. Maraqlıdır ki, belə vəziyyətdə İran yaxın qonşuları
ilə münasibətləri gərgin məcraya sürükləyən addımlar atmaqdan
çəkinmir. Əslində bu, reallıq prizmasından yanaşdıqda heç də normal
olmayan siyasət kimi dəyərləndirilməlidir. Çünki qonşu ölkələrlə
münasibətləri indiki durumunda daha da sıxlaşdırmaq və
intensivləşdirmək əvəzinə İran tərəfindən bunun əksi olan fikirlər
səsləndirilir.
Sözügedən kontekstdə İranın Azərbaycanın da ünvanına
müxtəlif hədyanlar səsləndirməsi heç də başadüşülən deyil. Bu işdə
həmişəki kimi iranlı ayətullahlar yenə ön sırada yer alırlar.
Onların ölkəmiz barədə dəyişməz sərsəmləmələri isə guya
Azərbaycanda islamofobiyanın mövcudluğudur. Bu dəfə belə cəfəng
fikrin müəllifi qismində Tehran şəhərinin müvəqqəti imam cüməsi
Ayətullah Kazim Sədiqi çıxış edib. Təbriz şəhərində keçirilən
mərasimdə çıxış edən Ayətullah Sədiqi ölkəmizdə islam dininin
təbliğinə və inkişafına məhdudiyyətlər yaradıldığına dair yeni
cəfəng fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycan xalqı
imam hüseynçidir: "Onların qəlbi Hüseyn ibn Əli ilədir. Sovet
hökumətinin dağıldığı ilk illərdə bu ölkə qadınlarının hicab barədə
məlumatı yox idi. Bununla belə, onlar imam Hüseyni sevirdilər.
Məhərrəm ayında da əzadarlıq edirdilər. Sovet hökumətinin
dağılmasından artıq illər keçib və həmin qızlar və xanımlar hicaba
meyillidirlər. Amma çox təəssüf olsun ki, dövlət yenə hicabı
qadağan etməklə onlarla və dindarlarla üz-üzə dayanıb". Tehranın
müvəqqəti imam cüməsi bildirib ki, Azərbaycan dövləti özünü
dindarlarla üz-üzə qoymaqla səhvə yol verir: "İsrail din xadimləri
Azərbaycanda sərbəst hərəkət etdiyi halda, müsəlman alimlərin öz
hümməti ilə görüşlərinə məhdudiyyət qoyulur. Bu ölkənin müsəlman
xalqı bu hüquqdan məhrum olmalarına dözə bilməzlər. İndi Azərbaycan
Respublikasında şiələr İranda təhsil almış ruhaniləri moizə etməyə
dəvət edə bilmirlər. Bu vəziyyət gərək dəyişsin".
Xatırladaq ki, daha əvvəl buna bənzər mövqe İranın Ali Ruhani
Məclisinin üzvü, Ayətullahül-üzma Nasir Məkarim Şirazi tərəfindən
sərgilənmişdi. Dəfələrlə Azərbaycanda islamofobiyanın olduğunu
iddia edən bu şəxs İran mediasına müsahibəsində bu mövzuya
toxunarkən bildirmişdi: " Azərbaycanlıların əksəriyyəti şiələrdir.
Amma hakimiyyət son zamanlar insanlara təzyiqlər edir və məscidləri
dağıdır". Ayətullah dini ədəbiyyatın - risalələrin yayılmasına
qadağalardan da təəssüfünü bildirmişdi: "Son zamanlar tələbə və
məmurların məsciddə ibadət etməsinin yasaq olunduğu
bildirilir".
Onu da xatırladaq ki, İran Konstitusiyasının tələbinə görə, yüksək
çinli din xadimləri, müctəhidlər və təqlid mərcələri həm də dövlət
məmurlarıdır. Bütün bunlar isə o deməkdir ki, İran ayətullahlarının
açıqlamaları eyni zamanda rəsmi mövqe kimi qəbul oluna bilər. Bu
isə İranın dini zəmində Azərbaycanın daxili işlərinə qarışmaq
cəhdlərindən başqa bir şey deyil.
Belə bir vaxtda daha bir maraqlı açıqlama Ayətullah Fazili
Lənkəraninin oğlu Məhəmməd Cəvad Lənkərani tərəfindən gəlib.
Məhəmməd Cəvad Lənkərani müraciətində yazıçı Rafiq Tağının
öldürülməsini dəstəklədiyini bildirib. Xatırladaq ki, Rafiq Tağı
noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, çoxlu
bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Müsahibəsində
o, edilmiş sui-qəsd olayının arxasında İranın dayandığından
şübhələndiyini bildirmişdi. Rafiq Tağı İran rejimi əleyhinə tənqidi
yazılarla tanınırdı. Məhəmməd Cəvad Lənkəraninin isə onun ölümü
barədə verdiyi açıqlama İran ayətullahlarının mövqeyinin təhlükəli
məcraya qədəm qoyduğunu real təsdiqi kimi çıxış edir. Ekspertlərin
fikrincə, İranın dövlət məmurları və din xadimlərinin Azərbaycan
Respublikasındakı məsələlərə münasibəti dinlə əlaqəli olmayıb, sırf
İranın şovinist-millətçilik prinsipləri üzərində qurulmuş
siyasətdir. O da mühüm məqamdır ki, İrandan başqa heç bir islam
ölkəsindən Azərbaycandakı dini durumla bağlı tənqidlər
səslənmir.
Səməd CƏFƏROV