Əlaqə Arxiv
news Image
2012.12.06
10:05
| A A A
Şoranlaşma kənd təsərrüfatı üçün ciddi problemə çevrilir
Sabir Vəliyev: "Məhsuldarlığı artırmaq üçün torpaqların münbitliyini yüksəltmək lazımdır" Telman Zeynalov: "Torpaqların şoranlaşmasının əsas səbəblərindən biri də yeni yaradılan müəssisələrin tullantılarının münbit torpaq sahələrinə atılmasıdır"

Azərbaycanda əkinçilik üçün yararlı hesab olunan 1,6 milyon hektarlıq torpaq sahəsinin 1 milyon hektara yaxını müxtəlif dərəcədə şoranlaşıb. Statistik məlumatlara görə, 600 min hektar torpaq şoranlaşıb,  400 min hektara yaxın torpaq isə şorakətləşib. Şoranlaşmış torpaqlarda yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Hətta yüksək sort əkin toxumu şoranlaşmış torpağa səpildikdə keyfiyyətini itirir. 

Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Qazax kimi rayonlarda şoranlaşmanın dərəcəsi daha yüksək hesab olunur. 

Torpaqların şoranlaşmasına səbəb əkin sahələrinin tez-tez suvarılması, bu zaman qrunt sularının səviyyəsinin yüksəlməsi və torpağın altındakı duzun humus qatına qarışmasıdır. Torpağın üzünə çıxan duzlu su buxarlanır, amma duz torpaqda qalır. Şoranlaşma da elə bu zaman baş verir. Şoranlaşmanın qarşısını almaq üçün torpaqlar az-az sulanmalı, suvarma zamanı suyun bir yerdə yığılıb qalmasına imkan verilməməli, torpaq yuyulmalıdır. Torpağın yuyulması üçün kənarlarda kanalizasiyalar olmalı, həmin kanalizasiyallar drenaj sisteminə birləşdirilməlidir. Sovet dövründə torpaqların şoranlaşmasının qarşısını almaq üçün bütün rayonlarda drenaj sistemi qurulmuşdu. Zaman keçdikcə drenajlar köhnəlib, sıradan çıxdı.

Hazırda torpaqların yuyulması genişmiqyaslı xarakter daşımır. Üstəlik kanallar lildən təmizlənmədikləri üçün yığılıb qalan su ətraf sahələri ağuşuna alır. Beləliklə, torpaqlar həm şoranlaşır, həm də bataqlığa çevrilir. 

Dövlət Torpaq və Xəritəçəkmə komitəsindən verilən məlumata görə, son illər 51 rayonda, 715 min hektar torpaqla bağlı araşdırmalar zamanı onun yalnız 325 min hektarının tam münbit olduğu aşkar olunub. Yerdə qalan hissə isə az, orta, ağır dərəcələrə müvafiq şorandır. 

O da bildirilir ki, kolxoz sistemi dağılandan sonra 24 min km-lik drenaj-kollektor sistemi sıradan çıxıb. 

Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin rəhbəri Sabir Vəliyev bizimlə söhbətində bildirdi ki, məhsuldarlığı artırmaq üçün torpaqların münbitliyini yüksəltmək lazımdır: "Aqrokimyəvi laboratoriyalarımızın maddi-texniki bazası gücləndirilməlidir.  

Torpaqlarımızda hansı gübrələrin çatışıb-çatışmadığı dəqiqləşməlidir.  Hazırda bizə 100 min tona yaxın gübrə lazımdır.  Bunun əsasını fosfor, azot və kalium gübrələri təşkil edir.  Torpaqların şoranlaşmasına qarşı həm bizim nazirlik, həm "Azərsutikinti" Səhmdar Cəmiyyəti, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti, rayon icra hakimiyyətləri, bələdiyyələr, fermerlər mübarizə aparmalıdır". 

S.Vəliyevə görə, torpağa aqrotexniki qulluğun edilməməsi məhsuldarlığın aşağı düşməsinə səbəb olur: "Bəzən deyirlər ki, Azərbaycanda bir hektar ərazidən 30-40 sentener buğda götürmək mümkün deyil. Mən bu fikirlə razı deyiləm. 50-yə yaxın aqrotexniki qulluq növü var. Onun yarısı istifadə olunsa, məhsuldarlığı 60-70 faiz artırmaq mümkündür. Bunun üçün sərmayə lazımdır. Kim torpağa aqrotexniki qulluq edəcəksə, o daha çox məhsul götürəcək". 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov hesab edir ki, torpaqların şoranlaşmasının əsas səbəblərindən biri də də kanalizasiya sisteminin olmaması, yeni yaradılan müəssisələrin tullantılarının münbit torpaq sahələrinə atılmasıdır: "Neft quyularının ətrafındakı torpaqları təmizləmək, əvvəlki vəziyyətinə qaytarmaq üçün böyük zəhmət lazımdır. 10 min hektara yaxın torpaq sahəsi neft və s. məhsullarla çirklənib. Sovet dövründə rayonlarda böyük həvəslə kanallar qazıldı ki, torpaqları yuyacaqlar. Həmin kanalların əksəriyyəti düzlənib. Orada bataqlıqlar yaranıb. Lazımdır ki, həmin kanalları lildən təmizləyəsən, fəaliyyətini bərpa edəsən. Kanalların təmizlənməsinə, qrunt sularının axıdılmasına dövlət büdcəsindən, beynəlxalq maliyyə qurumlarından pul ayrılır, amma səmərə yoxdur".

Sizin Reklam Yeriniz