Əlaqə Arxiv
news Image
2012.12.06
10:46
| A A A
Bazarlarda çirkab içində satılan balıqlar
Belə məhsullar insan orqanizminə xeyirdən daha çox ziyan vurur

İnsan orqanizmi üçün ən xeyirli olan məhsullar sırasında balıq əti xüsusi yer tutur. Elə həkimlər də hər zaman qida rasionunda balıq ətinə dah çox yer ayrılmasını tövsiyə edirlər. Amma nə yazıq ki, bu gün bazarlardan alınan balıq əti insana bəzən xeyirdən daha çox zərər vurur. Əsas səbəb isə balıqların əksər bazarlarda yenə antisanitariya şəraitində satılmasıdır.

Ümumiyyətlə, insan üçün vacib qida məhsullarından olan balığın tez xarab olduğu sirr deyil. Üstəlik belə məhsulların antisanitar vəziyyətdə satılması vəziyyəti bir qədər də qəlizləşdirir. Könlü balıq istəyənlərin adətən, "8-ci km" bazarına üz tutduğu bəllidir. Amma burada balıq və balıq məhsullarının satıldığı bir sıra yerlərdə satış üçün müvafiq şərait yaradılmayıb. Maraqlıdır ki, bəzi alıcılar da bu natəmizliyə göz yumurlar. Alıcılar xüsusiləşdirilmiş mağazalarda satılan balıqların baha oduğunu, bu səbəbdən də bazarlara üz tutduqlarını deyirlər. Ümumiyyətlə, bazarın əsas problemləri sırasında antisanitariya, fırıldaq tərəzilər və qarşısındakı prospektdə nəqliyyatın yaratdığı fasiləsiz tıxaclardır.

Örtülü hissədə təmizlik və səliqə var, amma bu sözləri bazarın qarşısındakı və ətrafındakı yolda satış cərgələrinə aid etmək olmaz. Burada xarab olmuş məhsul tullantılarının, sellofan və karton paket qutularının qarışdığı zibil topaları ətrafa üfunət iyi verir. Məhsullar isə bu zibilin yanında ayaq altında yerə tökülüb satılır. Yağışlı günlərdə isə palçıqlı yerdə töküb satırlar ki, bu da dəhşətli antisanitariyadır.

Açıq yerdə balıq satılan hissəyə isə bəzən pis qoxudan yaxınlaşmaq olmur. Yerdə salafan üzərinə tökülüb satılan balıqların üzərinə tez-tez su çiləyirlər ki, bu su da axıb gəliş-gediş yolunda zığlı və yapışqanlı palçıq yaradır.

O da olub ki, alıcıları bu bazarda dəfələrlə aldadıblar - naşı olduqlarından, onlara köhnə, günlərdir ki, günün altında qalan balıq satıblar. Diri satılan balıqlarla bağlı vəziyyət də ürəkaçan deyil - çirkli qablarda saxlanılır, günlərlə suyu dəyişdirilmir. Satıcılar isə hər gün yeni balıq gətirildiyini, köhnə balıq satmadıqlarını iddia edirlər. Əksər ticarət obyektlərində balıq və digər dəniz məhsulları məhz bu vəziyyətdə satılır. "Yaşıl bazar", "Təzə bazar" "28 may" metrosu yaxınlığında və Biləcəri qəsəbəsində yerləşən bazarlarda da vəziyyətin tam qənaətbəxş olduğunu söyləmək mümkün deyil.

Müvafiq rəsmi qurumlar da bazarlarda çox böyük problemlərin yaşandığını etiraf edirlər. O da qeyd olunur ki, bazarların hamısı Sovet dövründən qurulan bazarlardır və normalara cavab vermirlər. Həmçinin, dövlət rəsmisi bazarlarda satılan məhsulların tərkibinə və keyfiyyətinə görə də problemlər olduğunu etiraf edirlər.

Qeyd edək ki, bazarlara nəzarətdə ilk növbədə icra hakimiyyəti orqanları məsuliyyət daşıyır. Digər tərəfdən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri tərəfindən intensiv yoxlamalar aparılsa və inzibati tədbirlər görülsə də, bütün bunlar göstərilən problemlərin həllinə gətirib çıxarmır. İcra hakimiyyəti orqanları isə etiraf edirlər ki, həqiqətən bu gün paytaxt bazarlarında vəziyyət acınacaqlıdır. Amma burada icra nümayəndəliklərinin heç bir günahı yoxdur. Qeyd olunur ki, 2002-ci ildən bazarlar onlardan alınıb və indi onların hamısı özəldir.

Ekspertlər bildirir ki, indi bazarlarda təmizlik və dezinfeksiya işləri də nadir hallarda aparılır. Ərzağı bir çox hallarda yerə düzürlər. Piştaxtalar heç vaxt təmizlənib dezinfeksiya olunmur. Piştaxtaların da çoxu köhnə, 20 ildən qalanlardır. Qeyd edilir ki, əslində, bu işə cavabdeh olan müvafiq dövlət qurumları öz işlərində tələbkar olsa, proses tənzimlənər.

Sizin Reklam Yeriniz