Əlaqə Arxiv
news Image
2012.12.07
07:08
| A A A
Azərbaycanlı iş adamlarına Rusiyada böyük təhlükə
İş adamlarının obyektlərinə edilən kriminal hücumların Kremlin diqtəsi ilə edilməsi istisna olunmur

Son günlərdə ən çox diqqət cəlb edən olaylardan biri də Rusiyada azərbaycanlıların biznesinə kriminal müstəvidə edilən hücumların sayının artmasıdır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu qəbildən olan olaylar Rusiyanın Azərbaycana qarşı fəallşdığı bir dövrə təsadüf edir.

Belə ki, Rusiya Azərbaycanın şimal və cənubunda separatçılıq hərəkatı yaratmağa cəhd edir, həmçinin "milyarderlər ittifaqı" kimi bir qurum yaradaraq onu Azərbaycana qarşı qoymaq niyyətində bulunur. Bu azmış kimi azərbaycanlı iş adamlarının Rusiya ərazisində olan biznesinə müxtəlif kriminal cəhdlərlə maneələr yaradılır. Özü də maraqlıdır ki, belə iş adamları adətən, Rusiyanın istəyi ilə oturub durmayan Azərbaycan diasporunun fəal üzvləri, eyni zamanda diaspora maliyyə yardımları göstərən şəxslər olur. Məsələn, təxminən ay yarım əvvəl qətlə yetirilən "Kiş-miş" restoranlar şəbəkəsinin sahibi Əfqan Rəsulovu buna konkret misal göstərmək olar. Xatırladaq ki, "Kiş-miş" restoranlar şəbəkəsinin sahibi, məşhur azərbaycanlı iş adamı Əfqan Rəsulov Sankt-Peterburqun mərkəzində polislər tərəfindən atışma zamanı qətlə yetirilib. O, Ukrayna əsilli Tatyana Asiyenko adlı qızı zorlayaraq evində saxlamaqla ittiham olunub. 34 yaşlı iş adamı Rusiyada 50-dən çox restoranın daxil olduğu "Kiş-miş" restoranlar şəbəkəsinin sahibi, həm də Azərbaycan Sankt - Peterburq İctimai Təşkilatının rəhbəri olub. Onun qətli isə bunun hüquq-mühafizə orqanları tərəfindən əvvəldən düşünülərək həyata keçirilən aksiya olduğunu təsdiq edir.

Lakin proseslər təkcə bununla yekunlaşmır. Son bir neçə gündə Rusiyanın şimal paytaxtında azərbaycanlılara məxsus daha iki restoranı yandırmaq cəhdləri qeydə alınıb.

Rusiya mətbuatında qeyd edilir ki, hər iki hadisədə nəzərə çarpan ümumi cəhətlər bu cinayətlərin millətçilik zəminində törədildiyini güman etməyə əsas verir. "Piter Tv"nin saytında deyilir ki, Sankt-Peterburqun Kalinin rayonunda son 2 gün ərzində Azərbaycan mətbəxi restoranlarına naməlum şəxslər tərəfindən od vurulub. Rusiya hüquq-mühafizə orqanlarından mətbuata verilən məlumata görə, dekabrın 6-da səhər tezdən Sankt-Peterburqun Kalinin rayonu polis idarəsinə Lunaçarski prospektində yerləşən "Çinar" Şərq Mətbəxi restoranından yanğın baş verməsi barədə məlumat daxil olub. Restoranın 22 yaşlı gözətçisi polisə bildirib ki, səhər 03:35 radələrində restoranda yanğın əleyhinə həyəcan təbili siqnalı işə düşüb. Küçəyə çıxan gözətçi qara gödəkcə və cins geyinmiş ortaboylu iki maskalı şəxsi görüb.

Onlardan biri tapançaya oxşar alətlə restoranın pəncərəsini sındıraraq içəri alışqan maddə ilə dolu butulka atıb. Mühafizəçi onları saxlamaq istəyəndə maskalılardan biri ona tərəf atəş açıb. Bundan sonra restoranı yandıranlar aradan çıxıblar. Üç gün əvvəl yenə də Sankt-Peterburqun Kalinin rayonunda oxşar hadisə qeydə alınıb. Naməlum xuliqanlar Azərbaycan vətəndaşına məxsus "Flaminqo" kafesini yandırmağa cəhd ediblər.

Pəncərəni sındıran maskalılar içəriyə alışqan maddə doldurulmuş və yanan əskilərə bükülmüş 2 butulka ataraq hadisə yerindən qaçıblar. Kafenin sahibi alovu söndürərək küçəyə atılıb.

Onun sölərinə görə hücum edənlər qara kepka və kapüşon geymiş 2 nəfər olub.

Hər iki faktla bağlı Rusiya polisi araşdırma aparır. Lakin hesab olunur ki, bütün bunların Kremlin diqtəsi ilə hərəkət edən Rusiya güc strukturlarından xəbərsiz həyata keçirilməsi qətiyyən inandırıcı görünmür. Digər tərəfdən Rusiyada soydaşlarımıza qarşı atılan addımlar təkcə bununla məhdudlaşmır. Məlumat verildiyi kimi dekabrın birindən Rusiya Federasiyasındakı əcnəbilərin hüquqi vəziyyəti haqda qanuna edilən əlavələr qüvvəyə minib. Artıq kommunal təsərrüfatda, ticarət və ictimai iş yerlərində çalışan və Rusiya vətəndaşı olmaq istəyən miqrantlar mütləq qaydada rus dilindən test imtahanları verməlidir. Hökumətin məqbul bildiyi yeni qanunu miqrantlar, o cümlədən azərbaycanlılar etirazla qarşılayır. Hətta Rusiya mediasında da etiraf edilir ki, cari ildə ölkəni xeyli sayda miqrant tərk etməli olacaq.

Qeyd edək ki, yeni qanuna əsasən, imtahandan keçən miqranta sertifikat veriləcək. Həmin sertifikata əsasən, miqrantların Rusiyada işləməsinə icazə veriləcək. Xatırladaq ki, Rusiyada 2 milyondan çox həmyerlimiz yaşayır və onların ildə orta hesabla Azərbaycana 650 milyon manatdan çox vəsait göndərdiyini nəzərə alsaq, bu vəziyyət Azərbaycana təsirsiz ötüşməyəcək. Bir çox ekspertlər isə hesab edir ki, bu qanun əslində yenidən hakimiyyətə gələn Vladimir Putinin azərbaycanlılar da daxil olmaqla, Rusiyada yaşayan miqrantlara qarşı özünəməxsus təzyiqidir. Xatırladaq ki, işçi miqrantların rus dilindən imtahan verməsi barədə təşəbbüs Vladimir Putin tərəfindən irəli sürülüb.
Sizin Reklam Yeriniz