Əlaqə Arxiv
news Image
2012.12.07
07:26
| A A A
"Azərbaycan Korrupsiyanın qavrama indeksində irəliləyib"
PA şöbə müdiri Azərbaycanın indeksdəki yerinin layiqli olmadığını bildirib

Məlumat verildiyi kimi, "Transparency İnternational" təşkilatı 2012-ci il üçün Korrupsiyanı Qavrama İndeksini açıqlayıb. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AzərTAc-a müsahibəsində aşağıdakıları qeyd edib: "Bu indeksə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil və nisbi qəbul edilməlidir. Çünki nəticələr əsasən sorğular əsasında əldə edilir və subyektivdir. Bu indeksin qüsurları ilə bağlı akademik təsisatlar və araşdırma mərkəzləri tərəfindən müxtəlif vaxtlarda rəylər hazırlanıb, müzakirələr keçirilib. Ümumən son illər bu indekslə ölkələrdəki kontekst və real vəziyyət arasında əhəmiyyətli fərqlərin olması onun nüfuzuna mənfi təsir etmişdir və tənqidlərin sayını artırmışdır. İndeksi tərtib edən Transparency İnternational təşkilatı da həmin tənqidləri rəsmi qəbul edir və bu indeksin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirirdi. Bu səbəbdəndir ki, son 3 ildə bu indeksin tərtib edilmə metodologiyası 2 dəfə dəyişmişdir. Eyni zamanda, korrupsiyanı qavrama indeksi ilə korrupsiyaya qarşı mübarizə sahəsində digər beynəlxalq təşkilatların dəyərləndirmələri arasında fərqlər və bəzi hallarda ziddiyyətlərin mövcud olması halları qeydə alınır. Bu baxımdan bu indeks heç bir halda mövcud vəziyyət kimi qəbul edilə bilməz".

Azərbaycan ilə bağlı builki indeksə gəlincə, o bildirib: "Baxmayaraq ki, Azərbaycan bu indeksdə 4 pillə irəliləyib, ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar fonunda Azərbaycanın indeksdəki yeri layiqli deyil və reallıqdan çox uzaqdır. İndeksin yeni metodologiya ilə hazırlanması ölkələrin əvvəlki illərin nəticələrinə əsasən müqayisə edilməsini qeyri-mümkün edir. Lakin ölkələrin yerlərinə əsasən müqayisə etsək, Azərbaycan keçən ilə nisbətdə bu il 4 pillə irəlidədir. Belə ki, keçən il Azərbaycan sıralamada 143-cü idi və 0-10 ballıq cədvəldə onun balı 2.4 müəyyən edilmişdi. Builki metodologiyaya əsasən 0-100 ballıq cədvəldə Azərbaycan üzrə 27 bal müəyyən edilmiş və sıralamada 139-cu yeri tutmuşdur. İndeksdə son illər Azərbaycanla bağlı dinamika müsbətdir. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir. Azərbaycan ilə bağlı dəyərləndirmələr aparan Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin aidiyyəti qurumlarının hesabatları ilə indeksə müqayisəli baxdıqda bu nəticələr arasında fərqləri asanlıqla müşahidə etmək olar. Azərbaycan bu sahədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini gücləndirir, ən yaxşı təcrübələrin tətbiqini həyata keçirir. Bu baxımdan biz istərdik ki, görülən işlər beynəlxalq qurumlar tərəfindən daha obyektiv və çevik qiymətləndirilsin. Təbii ki, həyata keçirilən tədbirlərin bu qiymətləndirmələrdən heç bir asılılığı yoxdur, amma kənar rəy və beynəlxalq təcrübə baxımından bu əməkdaşlıq bizim üçün vacibdir".
Sizin Reklam Yeriniz