Əlaqə Arxiv
news Image
2012.12.07
07:34
| A A A
“Köklü server sisteminin Azərbaycanda yaradılması dünyada maraq doğurur"
"2020-ci ilədək İKT sektorunun həcminin 4 dəfə genişləndirilməsi nəzərdə tutulur”

"Region üzrə ünvanlar sisteminin idarə olunması üçün köklü serversisteminin Azərbaycanda yaradılması dunyada maraqdoğurur". Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

O bildirib ki, bu sistemin Azərbaycanda yaradılması regionlarda informasiya xidmətlərinin verilməsində rolunu genişləndirəcək. Eyni zamanda, ümumi internetin idarəçiliyinə töhfə verəcək, bölgələrdə yaranan idarəçilik problemini həll edəcək.

Nazir vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya Konqresində Azərbaycanda 14-cü kök serverin olması müzakirə olunacaq. Bir çox ölkələr bu idarəçilikdə iştirak etmək istəyir.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb. Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib.

O deyib: "Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə hər il təqribən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təqribən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur".

Ə.Abbasovun söyləyib ki, 2020-ci ildə Azərbaycanda əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcək. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin də biz İKT sektorunun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa Birliyi bizim üçün çox vacib tərəfdaşdır".

Avropa İttifaqının da 2020-ci ilə qədər inkişaf strategiyasının mövcud olduğunu vurğulayan nazir burada gələcək iqtisadi inkişafın təminatçısı olaraq İKT sektoruna önəm verildiyinə diqqət çəkib.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia İKT sahəsində nüfuzlu beynəlxalq tədbir olan VII İnternet İdarəçilik Forumuna Azərbaycanın ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirərək, bu münasibətlə təbriklərini çatdırıb. Ölkələr arasında bu qəbildən olan dialoqların təşkilini də önəmli sayan səfir İKT sektorunda əldə olunan təcrübələrin bölüşdürülməsinin gələcək inkişafda səmərə verəcəyini də vurğulayıb: "Belə görüşlər Azərbaycanla əməkdaşlıq üçün yeni yollar açır. Həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqı Azərbaycanın gələcək perspektivləri, o cümlədən də İKT sahəsində planları ilə tanış ola bilsin. İstəyirik ki, ikitərəfli davamlı əməkdaşlıq olsun".

Daha sonra nazir səfirlərin suallarını cavablandırıb.

Tədbirdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.
Sizin Reklam Yeriniz