Məlumdur ki, hazırda dünya ölkələrinin əksəriyyətində ordu müqaviləli xidmət əsasında təşkil olunub. Bu cür ordunun saxlanılması ölkə üçün iqtisadi baxımdan baha başa gəlsə də, praktika göstərir ki, belə ordunun xidmət keyfiyyəti yüksək olur. Odur ki, dünyada get - gedə müqaviləli ordudan daha çox istifadə olunmağa başlayıb. Bəzi ölkələrdə isə ordu qarışıq sistem - həm çağırış, həm müqaviləli xidmət əsasında formalaşır.
Göstərilən hər iki praktika MDB ölkələrinin ordu quruculuğunda da var. Ordusunun xidmət keyfiyyətinə görə MDB ölkələrində xüsusi çəkiyə malik olan Ukrayna silahlı qüvvələrinin də yaxın tezlikdə şəxsi heyətin 192 min nəfərdən 70 min nəfərə qədər endirilməsi və 2017-ci ildən hərbi çağırışın tam ləğv edilməsi nəzərdə tutlur.
Ekspertlər isə həm iqtisadi, həm real şəraiti nəzərə alaraq, Azərbaycan ordusunun da müəyyən hissəsinin müqaviləli xidmətə keçməsini vacib hesab edirlər. Hərbçi ekspert Cəsur Sümərinli qeyd edir ki, müqaviləli və mükəlləfiyyətli ordu ətrafında həmişə fikir müxtəlifliyi olub: "Ümumilikdə NATO-nun üzvü olan ölkələrin əksəriyyəti müqaviləli sistemdən ibarətdir. Eyni zamanda da postsovet məkanında perspektivli istiqamət daha çox müqaviləli orduya keçidlə izah olunur. Həm də müqaviləli orduya keçid müasir dünya üçün yararlı hesab olunur. Çünki, hər bir qanunun kökündə insan haqları dayanırsa, hərbi xidmətə məcburi çağırış öz əhəmiyyətini itirir. Ona görə də ümumi bir sistem kimi müqaviləli sistem əsas götürülür. Yəni, artıq seçim imkanları insanların öz ixtiyarına buraxılır. İkinci tərəfdən də hərbi xidmətin effektivliyi məsələsi var. Sözsüz ki, mükəlləfiyyətli əsgər ilə müqaviləli əsgərin xidməti arasında fərq olacaq. Müqaviləli əsgər xidmətə təkcə, hərbi xidmət kimi yox, həm də iş yeri kimi baxacaq. Yüksək maaş da aldığına görə işində məsuliyyətli olmağa çalışacaq. Amma bunu mükəlləfiyyətli əsgərə demək mümkün deyil. Ona görə də müqaviləli orduda xidmətin keyfiyyətində üstünlük yaranır. Üçüncü məqamisə təminat məsələsidir. Müqaviləli xidmətdə tərəflərin qarşılıqlı razılaşması olur".
Ekspert onu da bildirdi ki, müqaviləli xidmət böyük maliyyə tələb edir: "Azərbaycanda çağırışçı əsgərlərə təxminən 10-20 manat civarında aylıq əmək haqqı verilirsə, müqaviləli sistemdə minimum 300-500 manat məvacib verilməlidir. Bu da böyük miqdarda maliyyə mənbəyidir. Bunun nəzərə alaraq, Azərbaycan ordusunu tamamilə müqaviləli orduya keçirtmək çox çətindir. Amma müəyyən hərbi hissələrin, xüsusi ilə də cəbhə xəttində dayanmış hərbi hissələrin müqaviləli tərkibə keçidi mümkün ola bilər. Bəzən isə qeyd edirlər ki, Azərbaycan ordusunda artıq müqaviləli xidmət var. Amma bu müqaviləli xidmət, müasir dünyada qəbul olunmuş müqaviləli xidmət kimi başa düşülməməlidir. İndi ordumuzda zabit, gizir, müddətdən artıq xidmət edən çavuşlar da müqavilə əsasında xidmət edirlər. Amma bunların müqavilələri birtərəfəlidir. Qarşı tərəfin yox, daha çox özlərinin öhdəlikləri əksini tapıb. Bu isə tam müqaviləli xidmət hesab oluna bilməz".
Cəsur Sümərinli sonda onu da əlavə etdi ki, bizdə şəxsi heyətin sayı məsələsi nəzərdən keçirilməlidir: "Təqribi hesablamalara görə, hazırda ümumilikdə 150 minə yaxın hərbi istiqamət üzrə çalışan hərbi şəxsi heyət mövcuddur. Gərək, bu sayın miqdarı 50-60 minə endirilsin. Həm də daha çox səfərbərlik ehtiyatlarının təkmilləşməsi istiqamətində işlər görülməlidir. Müasir ordularda çoxlu hərbi qulluqçuların olması məqbul hesab olunmur. Artıq sübut olunub ki, bir müqaviləli əsgər, 10 mükəlləfiyyətli əsgərin gördüyü işi görə bilir. Bu baxımdan artıq müəyyən maliyyə imkanlarımızın formalaşmasını da nəzərə alaraq, tədricən silahlı qüvvələrin əhəmiyyətli hissəsini müqaviləli xidmətə keçirmək lazımdır".
Digər hərbçi ekspert Yaşar Cəfərli də Azərbaycanda müqaviləli orduya keçidə üstünlük verilməsinin tərəfdarıdır: "Dünya ölkələri ordularının hərbi qüdrətini gücləndirmək üçün belə addımı atırlar. Həm də burada müxtəlif məqamlar var. Çünki, nəzərdən qaçırmaq lazım deyil ki, bu məqamlardan biri insan haqları ilə bağlı məsələdir. Dünyada getdikcə insan haqlarına diqqət artır. İnasanın istəyinin əleyhinə olaraq məcburi şəkildə orduya cəlb edilmir ki, insan könüllü surətdə xidmətə başlasın. Buunu da diqqət mərkəzində saxlamaq lazımdır. Amma ali məqsəd odur ki, daha keyfiyyətli ordu müqaviləli ordu sayılır. Bunu praktika da belə göstərir. Amma Azərbaycanın real şəraitini nəzərdən qaçırtmaq lazım deyil. Çünki, ölkə müharibə şəraitindədir. Bu şəraitdə Azərbaycan ordusunun tam şəkildə müqaviləli xidmətə keçirilməsi mümkün deyil. Amma dünya praktikasını nəzərə alıb, hərbi hissələrin böyük bir hissəsinin komplektləşməsinə nail ola bilərik. İndiki real vəziyyətdə Azərbaycan üçün ən yaxşı variant qarşılıqlı komplektləşdirmə prinsipidir. Yəni, həm müqavilə, həm də çağırış əsasında formalaşan ordu. Ən azından bir çox güc nazirliklərinin nəzdində olan hərbi hissələri gecikmədən komplektləşdirməyə nail ola bilərik. Bizə imkan verən döyüş bölgələrində əsgərlərimizi müqavilə əsasında xidmətə qata bilərik".