Əlaqə Arxiv
news Image
2012.12.11
07:54
| A A A
"Müxalifətin məqsədi cəmiyyətdə aranı qarışdırmaqdır
“Razılaşdırılmamış, qanunla müəyyən edilməmiş yerlərdə keçirilən və ictimai qaydanı pozmağa yönələn hərəkətlərin qarşısı qanunla da alınacaq"

"Müxalifət həmişə bilərəkdən icazəsiz aksiyalar keçirir. Onların məqsədi aydındır. Belə cəhdlərin məqsədi Azərbaycan qanunlarına hörmət etmədən, qanunları pozaraq cəmiyyətdə aranı qarışdırmaqdır. Sözsüz ki, belə aksiyaların qarşısı qanuni vasitələrlə alınacaq, necə ki, həmişə alınıb. Bu cür qanunsuz hərəkətlərin heç bir perspektivi yoxdur.

Bunu SalamNews-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müxalifətin bir qrup üzvünün dekabrın 10-da Dünya İnsan Hüquqları Günündə Bakıda keçirdiyi icazəsiz etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sərbəst toplaşmaq məsələləri qanunla tənzimlənir və hər bir siyasi partiya bu qanunlara əməl etməlidir: "Azərbaycanda bu cür piket, aksiya, mitinq və küçə yürüşləri qanunla tənzimlənir və qanunla müəyyən edilmiş qaydada və yerlərdə keçirilməlidir. Razılaşdırılmamış, qanunla müəyyən edilməmiş yerlərdə keçirilən və ictimai qaydanı pozmağa yönələn bu cür hərəkətlərin qarşısı sözsüz ki, qanunla da alınacaq".

Z.Əsgərov vurğulayıb ki, Azərbaycanda insan hüquqları ən yüksək səviyyədə qorunur: "Ölkədə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem görmürəm və ola da bilməz. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni hüquq və azadlıqlar olsun, ən yüksək -konstitusion səviyyədə qorunur".
Sizin Reklam Yeriniz