Əlaqə Arxiv
news Image
2012.12.11
12:09
| A A A
Dövriyyəyə yeni dollar kütləsi buraxılıracaq
Vüqar Bayramov: “Bu həcmdə 100-lük nominallı əskinasların dövriyyəyə buraxılması Azərbaycanda dollar - manat məzənnəsinə təsir göstərmir” Cari ilin son 10 ayı ərzində ABŞ valyutasının ən iri nominallı əskinazının dövriyyəsini artırıb. Yəni, göstərilən müddətdə 3 milyarddan artıq 100-lük nominallı dollar dövriyyəyə buraxılıb. Müqayisə üçün xatırladaq ki, bu rəqəm, ABŞ-ın son 5 ildə dövriyyə buraxdığı 100-lük nominallı əskinazların miqdarından 2 dəfə artıqdır. Təbii ki, belə olan təqdirdə dollar kütləsi daha da artır ki, bu da onun dəyərdən düşməsini şərtləndirir.

Bəzi ekspertlər bu fikri təsdiqləsə də, iqtisadçı ekspert Vüqar Bayramov dövriyyəyə buraxılmış bu miqdarda 100-lük əskinasların həmin valyutanın məzənnəsinə heç bir təsiri olmayacağını bildirir. Ekspert həm də ABŞ-ın bu addımı atmasında müəyyən zəruri amillərin dayandığını qeyd edir: "100-lük nominallı əskinazların buraxılması heç də dünya bazarında məzənnənin azalmasına təsir edən faktor kimi qiymətləndirilməməlidir. Çünki, nəzərə almaq lazımdır ki, son zamanlar ABŞ dollarının məzənnəsində avroya nisbətən artımlar müşahidə edilir. Son bir ildə ABŞ dollarının məzənnəsində avroya nisbətən təxminən 15 faizə yaxın artım olub. Güman olunur ki, 100-lük nominallı əskinasların dövriyyəyə buraxılması avronun məzənnəsinin aşağı düşməsi, eləcə də Avrozonadakı böhranla bağlı olaraq ABŞ dolları ilə yığımların artması bağlıdır. ABŞ dolları ilə yığımlar artdığı üçün ABŞ dövriyyəyə daha çox əskinasların buraxılmasında maraqlıdır. Nəzərə alsaq ki, Avrozonada böhran başlmamışdan öncə dünya üzrə bütün rezervlərin 25 faizi avro, təxminən 62 faizi isə ABŞ dolları ilə saxlanılırdı. Amma avro ilə yığımların azalmasından sonra hazırda dünya üzrə rezervlərin cəmi 18 faizi avro ilə saxlanılır. Təbii ki, avro ilə saxlanılan rezervlərin həcmində azalmalar, yığım vasitəsi kimi ABŞ dollarına tələbatın artmasına gətirib çıxarıb. Bu baxımdan ABŞ -ın Federal Bankı dövriyyəyə daha böyük nominallı əskinazları buraxmaqla yığım prosesini sürətləndirməyə çalışır. Yəni, 100-lük nominallı əskinazların dövriyyəyə buraxılması, yığım vasitəsi kimi dollardan daha çox istifadə edilməsi ilə bağlıdır. İkinci səbəb onunla bağlıdır ki, bütövlükdə dünyada pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi prosesi müşahidə edilməkdədir. Bu, yalnız ABŞ dolları, avro və yaxud da manatda hiss olunmur. Hətta məzənnələrinin stabil olduğu və bəzi hallarda məzənnələrin möhkəmləndiyi valyutaların da alıcılıq qabiliyyətinin aşağı düşməsi baş verir. O baxımdan ABŞ dollarının məzənnəsində də aşağı düşmələr qaçılmazdır. Praktiki olaraq böyük nominallı ABŞ dollarına tələbatın artması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. O baxımdan ABŞ daha böyük nominallı əskinasların buraxılmasına qərar verib. Üçüncü səbəb onunla bağlıdır ki, ABŞ-ın federal büdcsində artıq 5 ildir ki, kəsir var. 2012 - ci ildə ABŞ iqtisadiyyatının heç də ürəkaçan səviyyədə olduğunu demək mümkün deyil. O baxımdan federal büdcədə kəsir olduğu üçün ABŞ çalışır ki, dövriyyəyə daha çox valyuta emissiya etsin. Yəni, daha çox pul emissiya etməklə bu kəsri aradan qaldırmağa çalışır. Həmçinin nəzərə alsaq ki, dövriyyəyə buraxılan 100 nominallı dollarların böyük bir qismi xaricə ixrac olunur, onda praktiki olaraq həmin valyuta ölkə daxilində qalmır.Yəni, praktiki olaraq ABŞ daxilində nağdlı hesabatlıqdan daha az istifadə olunduğundan və bütün hesablaşmaların 87 faizinə yaxınını nağdsız hesablaşmalar təşkil etdiyi üçün ABŞ-da kağız pullara ciddi ehtiyac yoxdur. O baxımdan təbii ki, ABŞ öz kəsirini örtmək üçün dövriyyəyə böyük nominallı kağız pullar buraxır. Həmin kağız pulların da bir qismi xaricə ixrac olunduğu üçün ABŞ iri nominallı əskinasları dövriyyəyə buraxmaqla öz kəsrini başqa ölkələrə ixrac etmək imakını qazanır. Federal büdcədəki kəsir, məhz bu cür iri nominallı əskinazların dövriyyəyə buraxılmasının səbəblərindən biridir".

Vüqar Bayramov onu da bildirdi ki, belə bir nominallı əskinasların dövriyyəyə buraxılması Azərbaycanda dollar -manat məzənnəsinə təsir göstərmir: "Çünki, Azərbaycanda manatın məzənnəsi konkret olaraq inzibati yolla Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Valyutadəyişmə məntəqələri Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnələrin 3 faizindən az olaraq kurs müəyənləşdirmək imkanına malikdirlər. Yəni, bütün hallarda valyutadəyişmə məntəqələrinin müəyyənləşdirdiyi pul, Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnənin 3 faizindən çox ola bilməz. Ona görə də çoxlu miqdarda 100-lük nominallı əksinazların dövriyyəyə buraxılması həm dünyada, həm də Azərbaycanda ABŞ dollarının məzənnəsinin aşağı düşməsinə gətirməyəcək".

Sizin Reklam Yeriniz