Əlaqə Arxiv
news Image
2012.12.12
07:04
| A A A
Köhnə avtomobil təkərləri böyük problemə çevrilir
İstifadə müddəti başa çatan təkərlərin yandırılaraq məhv edilməsi isə ekologiyaya ciddi zərər vurur

Cari ilin ötən dövrü ərzində Azərbaycana idxal olunan avtomobillərin sayı az qala 100 minə çatmaqdadır. İdxalın yarıdan çoxunu isə ikinci əl avtomobilləri təşkil edir. Hazırda Azərbaycanda olan nəqliyyat vasitələrinin sayı 1,2 milyonu keçir. Ümumiyyətlə, son illərin statistikası Azərbaycanda avtomobillərin sayının sürtlə artdığını göstərir.

Belə ki, 2011-ci ildə Azərbaycanda 1 milyon 37 626 avtomobil qeydə alınmışdı. 2010-cu ildə bu ədəd 982 min 553, 2009-cu ildə isə 925 min 866 ədəd olub. Təkcə Bakı şəhərində qeydiyyatdan keçən avtomobillərin sayı 2011-ci ildə 647 min 752 ədədə çatıb. Bu rəqəm 2010-cu ildə 598 min 132, 2009-cu ildə isə 549 min 511 ədəd olub. Cari ildə iəs qeyd olunduğu kimi avtomobillərin sayı 1,2 milyona yaxınlaşıb. Bu nəqliyyat vasitələrinin ildə bir dəfə ən azı 2 şini dəyişdirilir. Nəticədə 2,4 miliyon şin zibiliyə atılır. Şin, yaxud da təkərlər çox işlənən detal olaraq müntəzəm dəyişdirilir. Yarasız təkərlər maşınlardan çıxarılaraq atılır və nəticədə böyük rezin tullantısı əmələ gəlir. Düzdür, istifadə edilmiş təkərlərdən qazanc əldə edənlər də var. Lakin istifadəsi mümkün olmayan təkərlərin daşınılması problemə çevrilib. Zibilliklərə daşınılan təkərlər isə çox yer tutduğundan yandırılır. Təkərlərin tərkibi isə müxtəlif kimyəvi maddələrin qarışığından ibarətdir. Elə bu səbəbdən də yandırılan təkərlərin tüstüsü insan orqanizmi üçün ciddi təhlükədir. Atılan təkərlərin erroziyaya uğraması uzun illərdən sonra gerçəkləşir. Əgər təkər erroziyaya uğrayaraq torpağa qarışarsa, həmin torpaq yararsız hala düşür. Təkərlərin yandırılması isə ekologiya üçün böyük təhlükə yaradır. Bu halların qarşısını almaq üçün Avropa ölkələrində müxtəlif üsullardan istifadə edilir. Bir sıra Avropa ölkələrində istismar müddəti bitmiş təkərlər yığılaraq təkrar emal edilir. Araşdırmalar göstərir ki, utilizasiyası sayəsində iqtisadiyyatda ciddi irəliləyişlər əldə edilir. Məsələn, Almaniyada yol tikintisində şinlərdən geniş istifadə olunur. Asfalt qatı bu zaman daha uzunömürlü olur, həm də bu istiqamətdə daha az maliyyə vəsaiti xərclənir. Gürcüstanda isə artıq avtomobil şinlərinin təkrar emalı üçün zavod inşa edilib. Zavodun aylıq emal gücü isə 10 min tondur və xammal olaraq hər ay 4 tondan çox kauçuk - rezin, 1 tona yaxın dəmir məftillər emal edilir. Emal edilən kauçuk - rezinin 30 faizi yerli tələbatın ödənilməsinə sərf edilir. Qalan 70 faiz isə Çin, Türkiyə və İrana satılır. Hətta zavodun havaya buraxılan tüstü tullantısını almaq üçün Yaponya şirkətləri Gürcüstana illik bir milyon dollar təklif edir.

Avtomobil şinlərinin utilizasiyası problemini rusiyalı alimlər həll ediblər. Mütəxəssislər təklif ediblər ki, şinləri xüsusi reaktorlarda tamamilə həll etsinlər. İndiyə qədər rezin şinlərinin emalının ən geniş yayılmış üsulu onların xırdalanması idi. Neftçilər isə bütün işlənmiş rezinin onun fasiləsiz həll edilməsi yolu ilə ekoloji cəhətdən təmiz emal üsulunu ixtira ediblər. Bunun üçün şinlər xüsusi avtoklavda yerləşdirilir və xüsusi məhlul əlavə edilir. Daha sonra reaktorda temperatur artırılır və lazımi təzyiq verilir. Nəticədə avtorezin həll olunur. Alınmış kütlədən yüksək oktanlı benzin və mazutun komponenti olan texniki karbonu almaq mümkündür. Azərbaycanda da yuxarıda qeyd edilən təcrübələrdən hər hansı birinin tətbiqinə ehtiyac var. Maraqlıdır ki, ölkəmizdə bu qədər tullantı təkər olduğu halda Azərbaycan mineral sular üçün istifadə edilən kauçuk-rezini Gürcüstandan alır. İllik idxal isə "Lider" televiziyasının məlumatına görə, nə az, nə çox, 27 tondan artıqdır. Bundan əlavə respublikaya gərəkli olan strateji məhsullar - şinlər, rezin texniki məmulatlar, mühərrik və sürtkü yağları xaricdən maya dəyərindən bir neçə dəfə baha qiymətə alınır. Halbuki, Azərbaycan vaxtilə Qafqazın ən böyük şin zavodlarına sahib olub. Bir zamanlar böyük sayda şin istehsal gücü olan Bakı şin zavodu fəaliyyət göstərib. Nəzərə alsaq ki, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə də bu cür zavodlar fəaliyyət göstərib, deməli, bu gün Azərbaycan öz daxili tələbatını ödəməyə və hətta rezin - kauçuk ixracını gerçəkləşdirməyə qadirdir. Qeyd edək ki, hazırda satışda yeni və bir qədər köhnə, kameralı və kamerasız, radial və diaqonal, çıxıntılı və akvaprofilli şinlər vardır. Avtomobil təkərlərinin necə olmasından onun yolda davamlılığı, hərəkətin komfortluğu və sizin təhlükəsizliyiniz çox asılıdır. Konstruksiyalarına görə şinlər kameralı və kamerasız şinlərə bölünür. Kameralı şinlərin dövrü keçmişdə qalmışdır. Həm də kameralı şinlər taxılmış təkərlərdə şinomontajda əlavə çətinliklər yaranır, onlar deşilmələrə qarşı çox həssasdırlar. Kamerasız şinlərin tətbiqi təhlükəsizliyi artırır, çünki germetikləşdirici daxili təbəqə şini deşmiş mismara və ya digər əşyaya "sarılır" ki, bunun sayəsində şindən havanın çıxması xeyli ləngiyir. Lakin hər iki təkər növünün istismardan çıxdıqdan sonra onların ekoloji fəsad yaratmaqdan utilizasiyası hələ də problem olaraq qalır.
Sizin Reklam Yeriniz