Əlaqə Arxiv
news Image
2012.12.13
17:56
| A A A
Məktəb bufetlərində satılan qidalaar nəzarət gücləndirilir
Fazil Talıblı: «Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində təqdim edilən, satılan ərzaq məhsullarının keyfiyyəti və rasionu barədə tədbirlər həyata keçiriləcək» Eyyub Hüseynov: «Məktəb bufetlərində çipsilərin, qazlı suların satışı arzuolunmaz bir haldır»

Zərərli, lakin dadlı olan qidalara uşaqların meyli hər zaman kifayət qədər yüksək olur. Bu xüsusda misal olaraq indi hər yerdə açıq satışı gedən çipsiləri göstərmək olar. Onların satışdan yığışıdırılmasının zəruriliyi haqda isə indiyə qədər dəfələrlə fikirlər səsləndirilib. Xüsusən də məktəb bufetlərində çipsilərin satışına qadağa qoyulmasının zəruri olduğu dəfələrlə vurğulanıb.

Artıq yaxın tezlikdə bu istiqamətdə dövlət səviyyəsində müvafiq addımlar atılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib ki, Azərbaycanda məktəb bufetlərinin işi ilə bağlı standartlar hazırlanır. Onun sözlərinə görə, standartların bu yaxınlarda qəbulu gözlənilir.

SMPDK rəhbəri bəzi məhsullar, məsələn, çipsi, qazlaşdırmış içkilər kimi məhsulların bufetlərdən kənarlaşdırılacağının gözlənildiyini deyib.

Bu işin necə həyata keçiriləcəyini öyrənmək məqsədi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi tapşırıq olmuşdur ki, məktəb bufetlərində və uşaq bağçalarında uşaqlara təqdim edilən qidaların, ərzaq məhsullarının keyfiyyətinə ciddi nəzarət edilsin. Qida rasionu müəyyənləşdirilsin, standart qəbul edilsin. Cənab Prezidentin tapşırığına uyğun olaraq Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə əmr verilmişdir. İşçi qrup yaradılmışdır. Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsi, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə Və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidməti, həmçinin Azərbaycan Standartları İnstitutunun nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrupa tapşırılmışdır ki, 30 gün müddətində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etsinlər və təsdiq edilməsi üçün Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etsinlər. Yəni tapşırıq verilib, işçi qrup yaradılıb, hal-hazırda standart layihəsi üzərində işləyir. Standart təsdiq edildikdən sonra məcburi qüvvəyə minəcək və Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində təqdim edilən, satılan ərzaq məhsullarının keyfiyyəti və rasionu barədə tədbirlər həyata keçiriləcək. Təbii ki, cənab Ramiz Həsənovun cipsi və qazlaşdırılmış sularla bağlı fikirləri təqdirəlayiqdir. Cənab sədrin qazlaşdırılmış sular və cipsilərin satılmayacağı fikirləri çoxsaylı ekspertlərin, mütəxəssislərin fikirləri ilə üst-üstə düşür. Çünki, həmin adı çəkilən ərzaq məhsulları zərərli qida qrupuna aid edildiyinə görə təklif var ki, hazırlanan və tətbiqi gözlənilən yeni standartda bu məhsulların satışına icazə verilməyəcəyi haqqında müddəa olsun".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Mövqe. Az-a açıqlamasında bu addımı müsbət qiymətləndirdiyini bildirib: "Biz 1998-ci ildən Dünya İstehlakçı Təşkilatının üzvüyük. Hər 3 ildən bir keçirilən dünya konqreslərində mən iştirak edirəm. Birmənalı şəkildə Azad İstehlakçılar Birliyi məktəb bufetlərində çipsilərin, qazlı suların satışını arzuolunmaz bir hal hesab edir. Lakin təəssüflər olsun ki, bu qanunla qadağan olunmur. Artıq biz neçə ildir iş aparırıq ki, bu qadağalar olsun. Ümumiyyətlə, məktəb bufetlərinə belə qidalar ayaq açmasın. Bu, əla bir fikirdir. Ümumiyyətlə, Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin son illərdə apardığı iş çox dəyərlidir. O cümlədən də bu məsələ. Mən düşünürəm ki, bu addımın atılması əhalinin sağlamlığı ilə bağlıdır. Bu, çox yaxşı addımdır".
Sizin Reklam Yeriniz