Əlaqə Arxiv
news Image
2012.12.14
06:56
| A A A
Qonşuluğumuzdakı AES-in daha böyük bir təhlükəsi üzə çıxır
"Metsamor" atom elektrik stansiyası uran qaçaqmalçılığının genişlənməsində istifadə edilən əsas obyektlərdən birinə çevrilib

Ermənistanın malik olduğu "Metsamor" atom elektrik stansiyasının (AES) region üçün böyük təhdid mənbəyi olduğuna dair bu vaxta qədər kifayət qədər açıqlama verilib. Lakin bütün bunlara və edilən xəbərdarlıqlara rəğmən, Ermənistan hələ də bu təhlükəli stansiyanın fəaliyyətini davam etdirir.

Lakin "Metsamor" atom elektrik stansiyasının yaratdığı təhlükə təkcə onun köhnə olması və hər an qəzalı vəziyyətlə üzləşəcəyi ilə məhdudlaşmır. Məsələnin daha bir narahatlıq yaradan tərəfi "Metsamor"dan radioaktiv maddələr qaçaqmalçılığıdır. Bu cür radioaktiv maddələrdən isə nüvə silahının hazırlanmasında istifadə olunur. Xatırladaq ki, artıq radioaktiv maddələr daşıyan ermənilərin yaxalanması faktları mövcuddur və onların belə maddələri məhz "Metsamor" atom elektrik stansiyasından əldə etdikləri də danılmazdır. Proses isə hələ də davam etməkdədir.

Belə ki, ermənilərin nüvə materialları qaçaqmalçılığında tranzit ərazi olaraq istifadə etdikləri Gürcüstanda bu məsələ ilə əlaqədar cari ildə həbs edilənlərin sayının nəzərəçarpan dərəcədə artması radioaktiv materialların qara bazarının aktivləşməsilə bağlı narahatçılığı artırıb.

Həbslər barədə xəbərlərdən sonra aidiyyatı beynəlxalq qurumlar regiondakı əsas nüvə obyekti olan "Metsamor"un təhlükəsizlik təminatında boşluqların olub-olmadığını müəyyən etməyə çalışır. Gürcüstanda xüsusi təyinatlı nüvə polis bölməsi tərəfindən son yeddi ildə 15 iş üzrə aparılmış araşdırma həbslərlə nəticələnib. Həbslər qaçaqmal nüvə materialları üçün böyük bazarın mövcud olduğunu və bəzən nüvə qaçaqmalçılarının radioaktiv materialları, o cümlədən, Ermənistan, Türkiyə və Abxaziyadan gizli olaraq sərhəddən keçirdiklərini aşkar edib.

Gürcüstan hakimiyyəti "Associated Press" (AP) xəbər agentliyinə həbslərin altısı barədə açıqlama verib. Onların dördü bu il baş verib. 2010-cu ildə baş verən hadisədə iki qaçaqmalçı - müflisləşmiş süd məhsulları fermeri Sumbat Tanoyan və keçmişdə İrəvan nüvə tədqiqat mərkəzində çalışan fizik Hrant Ohanyan olub. "Associated Press" onların hər ikisindən müsahibə alıb. Onlar hazırda Tiflisin kənarında yerləşən həbsxanada 13 və 14 illik həbs cəzasını çəkirlər. Ayrıca alınan müsahibələrdə onların hər ikisi bir-birini ittiham edib və maliyyə çətinlikləri haqqında danışıb.

Tonoyan deyib ki, uranı siqaret qutusuna qoyub Ermənistandan Gürcüstana gedən qatara yerləşdirmişdi. Ohanyan "Associated Press"ə müsahibədə peşmançılığını ifadə edib, lakin nüvə maddəsinin miqdarının bombanın qurulması üçün kifayət olması fikrini ciddiyə almayıb. O deyib ki, cəmi 17 qram uran aparırdı, bombanın qurulması üçün isə qat-qat çox tələb olunur.

Nüvə qaçaqmalçılığı əleyhinə qüvvələr Soyuq Müharibə dövründən qalmış müxtəlif radioaktiv materiallar, o cümlədən nüvə silahı hazırlamaq üçün istifadə olunan uran və plutonium və "çirkli bomba" ların komponentlərindən biri olan sezium izotopu aşkar ediblər. Son dövrün ən narahatedici hadisəsi Türkiyə sərhədi yaxınlığında Batumi şəhərində həbslə nəticələnmiş polis əməliyyatı olub. Burada polislər üç kişi arasında radioaktiv material əldə edilməsi məqsədilə gedən alveri gizlincə izləyiblər.

Satan tərəf sezium təklif etsə də, alıcılar daha təhlükəli material əldə etmək istəyiblər - nüvə bombasında istifadə olunan uran. Onlar ərazini tərk edərkən polislər hər üçünü həbs edib. Bu şəxslərin əlində olan uran kütləvi qırğın silahı üçün sözügedən miqdarda tutulmuş uran kifayət etməsə də, "çirkli bomba" hazırlanması üçün ondan istifadə oluna bilərdi. Vaşinqtonda yerləşən Nüvə Təhlükəsi Təşəbbüsünün Nüvə Materialları Təhlükəsizliyi üzrə vitse-prezidenti Peyc Stoutland bununla bağlı bildirir: "Mənə aydındır ki, maraqlanan alıcılar var, satıcılar da var - bəli, hamımızın narahatlığına səbəb olmalı olan kiçik bir qara bazar mövcuddur".

Ekspertlər iəs hesab edir ki, ən yaxşı çıxış yolu "Metsamor" atom elektrik stansiyasının bağlanmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirib ki, dünyada öz ömrünü başa vuran 15-dək AES var. Ermənistanda yerləşən Metsamor AES də bunlardan biridir: "Buna görə də ömrü başa çatmış stansiya hər hansı təbii kataklizmlər zamanı buna müqavimət göstərə bilməyəcək. Heç kim bizi sığortalamayıb ki, 9 ballıq zəlzələ olarsa, "Metsamor" AES-də heç bir hadisə baş verməyəcək".
Sizin Reklam Yeriniz