Əlaqə Arxiv
news Image
2012.12.16
11:52
| A A A
Pullu yollar...
Azərbaycanda da yaxın tezlikdə müəyyən yollarda avtomobillə hərəkət üçün pul ödəmək lazım gələcək

Dünyada avtomobillərin sayının artmasına paralel olaraq əksər böyük şəhərlər üçün aktual problemlərdən biri də tıxaclarla bağlıdır. Elə bu səbəbdən vəziyyətdən çıxış yolu üçün artıq bir sıra Qərb ölkələrində pullu yollar təcrübəsi tətbiq olunur. İndi dünyanın bir çox ölkələrində ödənişli avtomobil yollarından geniş istifadəyə başlanılıb. Bu cür yolların ölkəmizdə də tikilməsi nəzərdə tutulur.

Artıq məlumat verildiyi kimi Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ödənişli yolların tətbiqi imkanlarını araşdırır.  AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, AİB Azərbaycan üçün avtomobil yolları sistemində həyata keçirilən layihələrin ikinci multitranş maliyyələşdirmə sazişini təsdiqləyib ki, bu saziş çərçivəsində Azərbaycan hökumətinə 500 milyon  ABŞ dolları məbləğində kredit ayrılacaq: "İlk tranş çərçivəsində Cəlilabad-Masallı avtomobil yolunun bərpasına 250 milyon  dollar kredit ayrılacaq ki, kreditin 2013-cü ilin əvvəlində imzalanacağı gözlənilir. Hazırda bu istiqamət üzrə daxili proseduralar aparılır".

AİB rəsmisi onu da bildirib ki, saziş  çərçivəsində müəyyən tədqiqatlar aparılacaq: "Artıq tədqiqatı aparacaq məsləhətçi şirkət seçilib və onlar yaxın gələcəkdə tədqiqatlara start verəcək. Tədqiqatlar yol-nəqliyyat kompleksinin müxtəlif sahələrini, o cümlədən ödənişli yolların salınmasını əhatə edir ki, tədqiqatlar 2013-cü ilin sonunda başa çatdırılacaq və ölkə hökumətinə təqdim olunacaq". O.Noroyono əlavə edib ki, ilk öncə ödənişli yolların salınması ideyasının kommersiya və maliyyə baxımından nə qədər əlverişli olacağı müəyyənləşdirilməlidir, həmçinin müvafiq qanunvericiliyin hazırlanması zəruridir.

Aparılan araşdırmalar göstərir ki, pullu yollardan istifadənin əsas üstünlüyü, bu yolların daha rahat və təhlükəsiz olmasındadır. Bundan başqa, nəqliyyat vasitələrinə göstərilən xidmətlər bu cür yollarda daha yüksək səviyyədə təşkil olunur. Həmçinin bu cür yollarda sürücülər mənzilbaşına daha tez çatırlar. Çünki bu cür yollarda sürət üçün təyin edilən maksimal hədd digər yollardan yüksək olur. Bu cür yolların özəl sektor tərəfindən çəkilməsi isə dövlətin investisiya yükünü bir qədər azaltmış olur. Eyni zamanda pullu yollardan dövlət kifayət qədər gəlir əldə etmək imkanı qazanır. Hətta pullu yollar özəl şirkətlər tərəfindən idarə olunsa belə, əldə olunan gəlirlərdən büdcəyə yüksək məbləğdə vergilər ödənilir. 

Ödənişli yolların tarixi bir neçə əsr əvvəllərə gedib çıxsa da bu yollar daha çox ötən əsrdən inkişaf etməyə başlayıb. Ötən əsrin ikinci yarısından başlayaraq, dünyada avtomobil sənayesinin inkişaf etməsi, xüsusilə də, yükdaşımalarda avtomobil nəqliyyatına olan ehtiyacın artması bu cür yolların inkişafına təkan verib. Bu gün ödənişli yollardan istifadə daha çox ABŞ və Avropa ölkələrində müşahidə olunur. Hazırda dünyada uzunluğu 25 milyon kilometrdən çox olan avtomobil yollarının 150 min kilometrə qədəri ödənişli yolların payına düşür. Bütün dünyadakı ödənişli yolların 15,3%-i isə Avropa ölkələrinin payına düşür. Avropanın pullu magistral yolları "A" hərfi ilə işarələnir. Pulsuz alternativ magistralları isə "N" hərfindən tanımaq olar. İspaniyada pullu avtomagistralların uzunluğu 10 min kilometrdən artıqdır. Mütəxəssislərin fikrincə, bunlar Avropada ən keyfiyyətli yollardır. Bir qayda olaraq, yol haqqı tunellərdən, körpülərdən və estakadalardan keçidə görə alınır. Avropa ölkələrindən Xorvatiya, İsveçrə, Serbiya, İtaliya və Portuqaliyada ödənişli avtomobil yollarından istifadə daha geniş yayılıb. Məsələn, İsveçrədə ümumi avtomobil yollarının 2,7%-i pullu yolların payına düşür. 

Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir. Məsəoən, İspaniyada minik avtomobilində Madriddən Baraxas aeroportuna qədər getmək üçün 1,75 avro ödəmək lazımdır. Madriddən Barselonaya qədər səfər (200 km) isə sürücüyə 30 avroya başa gəlir. Eyni zamanda qeyd edək ki, pulsuz yollar da əla vəziyyətdə saxlanılır və ispan sürücülərin çoxu məhz həmin yolları seçirlər. İtaliyada Romadan Neapola qədər səfər 11 avroya, Romadan Florensiyaya qədər səfər isə təxminən 15 avroya başa gəlir. Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz harada daxil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarkən qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir.   

Ödənişli yollardan keçmiş sovet ölkələrində də istifadə olunur. Bu gün Rusiyada, Ukraynada, Latviyada, Estoniyada, Belarusda, Finlandiyada bu cür yollar geniş yayılıb. Avropada pullu yollardan istifadə edənlərin sayı isə getdikcə artmaqdadır. Fransa və Almaniyada sürücülərin yarıdan çoxu ödənişli yollardan istifadə edir. Oxucular üçün maraqlı olacağını nəzərə alıb bəzi Avropa ölkələrindəki ödənişli yolların uzunluğunu və bu yollardan istifadəyə görə ödənilən pulun məbləğini təqdim edirik. Onu da qeyd edək ki, bu ölkələrdə avtomobil yolları üçün fərqli tariflər mövcuddur. Məsələn, elə ölkə var ki, orada həm gedilən yola görə, həm də gedilən vaxta görə tariflər hesablana bilir. Tariflər hətta nəqliyyat vasitəsinin çəkisinə və digər göstəricilərinə görə də hesablana bilir. Təqdim etdiyimiz aşağıdakı cədvəldə ən çox istifadə olunan tarif planları göstərilib.

Lakin belə fikirlər də səslənir ki, bu gün Azərbaycan pullu yollar təcrübəsini tətbiq edə bilməz. Çünki yollardan hansısa pullu olsa, bu zaman avtomobillər başqa küçəyə axışmağa başlayacaqlar. Nəticədə yollardan birində tıxac olacaq, digərindən isə keçmək mümkün olmayacaq. Lakin hesab edilir ki, yollarda keçidin qiymətini 30-50 qəpik arasında müəyyənləşdirmək münasib olar və bu halda ödənişli yollardan istifadə edənlərin də sayı artar.

Sizin Reklam Yeriniz