Əlaqə Arxiv
news Image
2012.12.18
07:56
| A A A
Ermənistan rəhbərliyi danışıqlar masasına əyləşməyə məcbur olacaq
“Hazırkı siyasəti davam etdirmək Ermənistanı faciəyə aparır”

Ermənistan son 20 il ərzində avanturist, nəticəsiz siyasətini davam etdirməkdədir. Bu barədə 1news.az-a müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

O bildirib ki, Ermənistan hazırda siyasi və iqtisadi böhran içindədir və bu vəziyyətə ölkəni onun rəhbərləri gətirib çıxarıb: "Bunu beynəlxalq ictimaiyyət də bilir, erməni xalqı da başa düşür. Erməni liderlərinin bütün addımları istənilən halda hakimiyyəti əldə saxlamağa yönəlib. Hətta xarici yardımlar belə pis vəziyyətdə olan Ermənistana kömək etmir".

N.Məmmədov ölkə rəhbərliyinin mövqeyinin qarşıdakı prezident seçkilərinə təsirini də istisna etməyib: "Bilirsiniz ki, hər seçki ərəfəsində onların sancıları başlayır və seçicilərin səsini qazanmaq, onları cəlb etmək üçün müxtəlif cəfəng ideyalar düşünürlər.

Mənim fikrimcə, indi onların istənilən hərəkətləri vəziyyətin daha da pisləşməsinə səbəb olacaq".

N.Məmmədov bildirib ki, məhz buna görə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüş və danışıqlardan yayınır: "Ermənistan rəhbərliyinin danışıqlardan yayınması onların zəifliyi və arqumentlərinin olmaması ilə bağlıdır. Amma bunu həmişə davam etdirə bilməyəcəklər və bir gün onlar danışıqlar masasına əyləşməyə məcbur olacaqlar. Çünki hazırkı siyasəti davam etdirmək Ermənistanı faciəyə aparır. Görək prezident seçkiləri başa çatandan sonra onlar hansı arqumentləri irəli sürəcəklər".
Sizin Reklam Yeriniz