Əlaqə Arxiv
news Image
2012.12.18
12:45
| A A A
Şimal qonşumuz miqrantlar üçün gettolar yaradır
Əlövsət Əliyev: "Rusiyanın "miqrant getto" siyasəti miqrantların yerli şəraitə uyğunlaşmasına ciddi ziyan ola bilər" Azər Allahverənov: "Getto" məsələsi əllərində əmək müqaviləsi olan 200 minlik azərbaycanlıya şamil olunacaq"

Qonşu Rusiyada çoxsaylı miqrant ordusu bu ölkə üçün aktual müzakirə mövzusu olaraq qalır. Bura keçmiş sovet məkanından, hətta Çin, Hindistandan çoxsaylı əmək miqrantları gəlib. Bu ölkədə bir sıra məlumatlara görə 2 milyona qədər azərbaycanlı da yaşayır. Onların da əksəriyyəti qeydə alınmayıb. Rusiya hökuməti son zamanlar miqrantlara münasibətdə bir qədər sərt siyasət yürütməyi düşünür.

Məsələn, Rusiya miqrantlar üçün getto siyasəti yürütməyi düşünür. Hazırda bu təcrübədən Birləşmiş Ərəb Əmirliyi istifadə edir. Görəsən, Rusiyanın da anoloji addım atmaq niyyəti orada yaşayan soydaşlarımıza nə vəd edir? Digər tərəfdən, Azərbaycanda da çoxsaylı miqrant ordusu vardır. Bu mənada görəsən, Azərbacyan da həmin təcrübədən yararlana bilərmi?

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev zənn edir ki, bu siyasət Rusiyadakı miqrantların yerli şəraitə uyğunlaşmasına əngəl olacaq: "Miqrant getto" layihəsi Avropada çoxdan sınaqdan keçirilən bir layihədir. Miqrantlar ərazisində məskunlaşdığı ölkəyə adaptasiya, inteqrasiya olunmalıdır. Onlar həmin ölkənin dilini, yerli adət-ənənəsini öyrənməli və olduqları ölkənin cəmiyyətinin idarə olunmasında gələcəkdə iştirak edən şəxslərdən birinə çevrilməlidirlər. Miqrantların ölkənin əsas əhalisindən ayrılıb ayrıca yaşayış məntəqəsi, yataqxanada yerləşdirilməsi isə bu kimi halların qarşısıı ala bilər. Bu hal o cümlədən miqrantlara, onların uşaqlarının təhsilinə münasibəti də dəyişəcək. İnsanlar qarışıq yaşadıqları halda isə həmin ölkənin vətəndaşları ilə bir məktəbdə təhsil alır, özlərini onlarla bərabər hüquqlu insanlar kimi aparırlar. Hesab edirəm ki, Rusiyanın "miqrant getto" siyasəti miqrantların yerli şəraitə uyğunlaşmasına ciddi ziyan ola bilər. Ona görə də belə proqramın uğurlu layihə kimi başa çatacağına ümid etmirəm. Azərbaycan da artıq belə bir syasətə başlayıb. Ölkəmizə qaçqın statusu almaq üçün müraciət edənlərə münasibətdə müvəqqəti saxlama mərkəzləri hazırlanıb. Amma gələcəkdə digər miqrantlara münasibətdə də anoloji addımların atılması zənnimcə real görünmür. Ölkəmizin də bu təcrübədən istifadə edəcəyinə inanmıram".

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov öncə vurğuladı ki, Rusiya kimi ölkədə əməkçi miqrantlara münasibətdə "getto"ların salınması hazırda aktual əhəmiyyət kəsb edir: "Rusiya üçün hazırda miqrasiya proseslərinin idarə olunması məsələsi çox aktual proseslərdəndir. İdarəetmənin daha effektli şəkildə təmin edilməsinə xidmət edəcək nə varsa, Rusiyanın hökumət dairələri tərəfindən təklif olunur. Miqrantlara münasibətdə rus dilini bilmələri də mühüm şərt idi. Bu yaxınlarda Moskvada bazarların bağlanaraq paytaxt ətrafına köçürülməsi də əslində miqrantlarla bağlı məqamlara xidmət edir. Belə işlərin hamısı bütövlükdə ona yönəlir ki, hökumət miqrantlar üzərində daha effektli nəzarəti tətbiq edə bilsin. Hazırda miqrantlarla bağlı təklif olunan "getto" məsələsi, düşərgə və xüsusi mehmanxanaların salınması da məhz nəzarət mexanizminin daha effektli şəkildə təmin edilməsinə hesablanmış addımlardır. Azərbaycanlıların da müəyyən qismi əməkçi miqrant qismində Rusiya ərazisində məşğul olur. Buradakı qeydə alınan əmək müqavilələri olan azərbaycanlı əməkçi miqrantların sayı hardasa 200 minə yaxındır. Soydaşlarımızın böyük əksəriyyəti isə həmin ölkədə əmək fəaliyyətilə qeyri-qanuniə əsasda məşğul olur. Onlar ölkə ərazisində qanuni əsasda olsalar da, bizneslərini heç bir yerdə adları getmədən kənardan idarə edirlər. Həmin biznes sahəsi də Rusiya vətəndaşı olan insanın adınadır. "Getto" və düşərgələrin salınması məsələsi həll olunacaqsa, bu hal əllərində əmək müqaviləsi olan 200 minlik azərbaycanlıya şamil olunacaq. Amma Rusiya üçün bu metodu tətbiq etməkdə hədəf heç də azərbaycanlılar deyil. Onların bu məsələdə başlıca hədəfi Orta Asiya və Çindən gələnlərdir ki, onların da sayı milyonlarla ölçülür. Təbii ki, bu güdaza bizimkilər də gedəcək. Yəni "qurunun oduna yaş da yanacaq". Lakin hazırkı reallıqları nəzərə alaraq düşünmürəm ki, Rusiya yaxın zamanda bu metodu tətbiq etsin. Çünki bir çox suallar açıq qalır. Hələlik strukturun təmin olunması məsələsi gündəmdə deyil". Layihə tətbiq olunduqda isə həmsöhbətimizə görə, oradakı soydaşlarımız bir çox əmək müqavilələrindən imtina etməli olacaq: "Düşünürəm ki, "getto"lar şəhərdən uzaqda, giriş və çıxışın, sərbəstliyin olmadığı bir məkanda salınacaq ki, heç də hamı bununla razı olmayacaq. Belədə bir çoxları əmək müqavilələrindən imtina edəcək və əmək fəaliyyətilə yenidən qeyri-qanuni şəkildə məşğul olmağa başlayacaqlar".

Azərbaycana gəldikdə Azər Allahverənov "getto" prinsipinin ölkəmizdə tətbiqini real saymır: "Hazırda miqrasiya məsələsində Rusiya üçün aktual olan məqamlar, ölkəmiz üçün o qədər də aktual deyil. Azərbaycanda yaşayan miqrantların böyük qismi əmək fəaliyyətilə məşğul olur və bu zaman əmək münasibətlərini qeyri-formal müstəvidə həll etməyə üstünlük verirlər. Çünki əməkçi miqrant bundan ötrü müvafiq icazə almalıdır və ölkəmizdə miqrantlar üçün müəyyən olunmuş kvota 10 mindən bir qədər artıq nisbətindədir. Azərbaycanda isə bütövlükdə əmək fəaliyyətilə məşğul olan miqrantların sayı 100 minə yaxındır. Onlar tikinti, iaşə və digər xidmət sahələrində çalışır ki, burada da əcnəbilər əmək ümnasibətlərini rəsmiləşdirmədən fəaliyyət göstərirlər. Rusiyada isə "getto" ideyasını irəli sürənlər onu miqrantlarla yerli əhali arasında daima gərginliyin yaşanması, kriminal faktor prizmasından əsaslandırıblar. Əslində isə "getto" siyasəti heç bir əsası olmayan təklifdir. Azərbaycanda isə belə narazılıq, sosial gərginlik yoxdur. Ona görə də ölkəmizdə bu tip təklifə də ehtiyac yoxdur. Əslində, "getto" ideyası insan hüquq və azadlıqlarına ziddir. Rusiya hökuməti də bunu gözəl anlayır. Amma sadəcə olaraq Rusiya üçün önəmli olan özünün maraqlarıdır və bu maraqlar miqrantların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə şərtlənirsə, bütün hallarda ona gedəcəklər".

Sizin Reklam Yeriniz