Əlaqə Arxiv
news Image
2012.12.19
07:17
| A A A
1992-ci ildə də banklara qoyulan əmanətlər qaytarıla bilər
Natiq Cəfərli: “Əgər maliyyə durumu imkan verərsə, gələn ildə belə bir qərarın verilməsi ehtimalı var” Ruslan Atakişiyev: “Azərbaycanın maliyyə imkanları 1992-ci ildə qoyulmuş əmanətlərin qaytarılmasına yol verir”

Məlumdur ki, cari ilin 1 iyun tarixindən etibarən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş əmanətlərinin qaytarılması prosesinə başlanılıb. Hazırda qüvvədə olan qərara görə, yalnız 1992 - ci ilin 1 yanvarına qədər qoyulmuş əmanətlər qaytarılması nəzərdə tutulub. Amma 1992 - ci ildə də əhali tərəfindən o vaxt fəaliyyət göstərən SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına maliyyə yatırımları edilib.

Hələlik həmin ildə qoyulan vəsaitlərin qaytarılması barədə rəsmi açıqlamalar olmasa da, qeyri-rəsmi məlumatlara görə, o əmanətlər də qaytarıla bilər. İqtisadçılar ölkənin maliyyə imkanlarının buna yol verdiyini vurğulayaraq, bu cür addımın mümkünlüyünü bildirirlər.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, 1992 - ci ildə qoyulmuş əmanətlərin qaytarılmasında müəyyən əsaslar var: "Çünki, ilk növbədə çoxlu sayda insanların hüquqları pozulub. Amma bu ilin sonunda birinci mərhələ, həm də ərizələrin qəbulu yekunlaşır. Ayrılan vəsaitdə də bir milyard manata yaxındır. Bütün ərizələrin qəbulu bitdikdən sonra bunun monitorinqi aparılacaq. İlkin proqnozlara görə, müəyyən qədər vəsaitin artıq qalması gözlənilir. Əgər belə bir hadisə baş verərsə, 2013-cü ildə yeni bir qərarla 1992-ci ildə əmanətləri qəbul olunmuş insanların kompensasiyalarının ödənilməsi haqqında qərar qəbul edilə bilər. Əgər maliyyə durumu imkan verərsə, gələn ildə belə bir qərarın verilməsi ehtimalı var".

Ekspert bildirir ki, 1992-ci ildə rus rublunun dəyərinin azalması vətəndaşların yox, ümumi iqtisadi proseslərin günahı idi: "Həm də həmin dövr müstəqilliyimizin ilk ilinə düşür. Azərbaycan dövlətinin indiki iqtisadi resursları imkan verir ki, 1992 - ci ildə də qoyulmuş əmanətlərin qaytarılması istiqamətində addımlar atılsın. Ola bilər ki, o vaxtki inflyasiyanın göstəricilərini nəzərə alaraq məbləğlərin qaytarılması digər kalkulasiya ilə hesablansın. Bununla da 1992-ci ildə də banklara əmanət qoymuş insanların hüquqları da bərpa olunar. Çox güman ki, olunacaq da. Çünki, məlumatlardan da görünür ki, ayrılan vəsaitin müəyyən hissəsi xərclənməyəcək. Bu da 1992-ci ildə qoyulmuş vəsaitlərin qaytarılmasına müəyyən imkanlar yaradacaq. Bu isə yeni forma ilə hesablana bilər".

Natiq Cəfərlinin sözlərinə görə, bu günə qədər qaytarılmış kompensasiyalar, ölkədəki inflyasiyanın həddinə ciddi təsir etməyib: "Kompensasiyalar 6 aydır verilir. Amma rəsmi açıqlamaya görə, inflyasiya dərəcəsi 1.2 faiz olub. İqtisadiyyatda gedən proseslər də göstərir ki, kompensasiyaların ödənilməsi inflyasiya təzyiqini artırmayıb. Əgər 1992 - ci ildəki əmanətlərin də qaytarılması planlı şəkildə və mərhələ - mərhələ həyata keçirilərsə, inflyasiya təzyiqi minimum olacaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin fikrincə, bu gün Azərbaycanın maliyyə imkanları 1992-ci ildə qoyulmuş əmanətlərin qaytarılmasına yol verir: "Amma 1992-ci ildən əvvəl və sonra qoyulmuş əmanətlərin hesablanmasında fərqlilik olacaq. Çünki, 1992-ci ilin avqust ayından başlayaraq Azərbaycan Milli Bankı tərəfindən milli valyuta dövriyyəyə buraxıldı. 1992-ci ilin avqustunda 1 manat 10 rubl nisbətində işlədilirdi. Həmin dövrdə yatırılan əmanətlərin bir hissəsi milli valyutada olduğuna görə, onlarda da müvafiq indeksasiya aparılmalıdır. Hətta onların bir hissəsi rubl ilə də yatırıla bilərdi. Müvafiq qaydada hesablanaraq, yenidən o dövr üçün olan əmanətlərin qaytarılması məqsədəuyğun olardı. Çünki, əhali həmin vəsaitləri banklara yatıran zaman ilk növbədə dövlətə etibar edib. Ona görə də bu vəsaitlərin qaytarılması əhalinin rifahını yaxşılaşdırar".

İqtisadçı sonda onu qeyd etdi ki, artıq bir müddətdir sovet dövründən qalan pullar qaytarılır: "Bu isə hələlik ölkədə elə də böyük inflyasiyaya gətirməyib. O cümlədən, 1992-ci ildən sonra qoyulan əmanətlərin qaytarılmasının da elə böyük iqtisadi inflyasiyaya gətirib çıxarma ehtimalı azdır".

Xatırladaq ki, SSRİ Əmanət Bankından batmış əmanətlərin qaytarılması prosesi bu ilin 1 iyun tarixindən başlayıb, gələn ilin son gününə qədər davam edəcək. Əməliyyatları Kapital Bank həyata keçirir. Bu istiqamətdə büdcədən 1 milyard manata qədər vəsait ayrılıb.
Sizin Reklam Yeriniz