Əlaqə Arxiv
news Image
2012.12.19
07:26
| A A A
"Elektron lövhələrin alınması üçün əlavə pul yığılması faktından xəbərim var"
Misir Mərdanov dekabrın 21-22-də dünyanın dağılacağı ilə bağlı xəbərlərə inanmır

"Elektron lövhələrin alınması üçün əlavə pul yığılması faktından xəbərim var". Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib: "Hökumət elektron lövhələri dövlət proqramına əsasən məktəblərə verib. Sadəcə, bir neçə məktəbdə müəllimlər istəyirlər ki, daha yüksək səviyyəli smart-lövhə olsun. Bu xəbər mənə çatıb. Bunun qarşısını dərhal almışam. Valideynlər bir manat da olsa bu məsələlər üçün pul xərcləməməlidirlər. Bu cür faktlarla bağlı valideynlər şəxsən mənə müraciət etsinlər. Mənim internet ünvanım və nömrəm hər zaman açıqdır. Belə hadisələr eşidən kimi, bunun qarşısını alıram. Burdan elan edirəm ki, məktəbin tikintisi, təmiri və digər məsələlər prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan hökuməti tərəfindən təmin olunur".

M.Mərdanov vurğulayıb ki, mənim poçt ünvanıma bu günə qədər çoxlu sayda müraciətlər daxil olub. Bütün müraciətlər verdiyim tapşırığa uyğun olaraq araşdırılır və həllin tapır.

Misir Mərdanov bildirib ki, Azərbaycanın təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb.

O deyib ki, Azərbaycanın təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı qərar vaxtında və zamanında verilib: "Hər kəs bilməlidir ki, ölkə ərazisinin 20 faizi işğal olunub. Gec-tez bu ərazilərin qaytarılmalıdır. Bu əraziləri özümüz qaytarmalıyıq. Bu baxımdan bütün təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var. Orta məktəblərdə gənclər yetişir. Onların hərbi hazırlığının yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik. Hökumətin bu qərarı bizi bu işə daha məsuliyyətlə yanaşmağa sövq edir. Bununla bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planını yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq".

Misir Mərdanov daha sonra deyib: "Təhsil müəssisələrinə verilən İKT vasitələrindən əlavə məqsədlər üçün istifadə və kompyuterlərin katibələrin evlərində olmasının qarşısını almaq məqsədilə müvafiq orqanlara 1 ay vaxt verilmişdi. Bu müddət ərzində xeyli işlər görülüb".

O bildirib ki, bu barədə vəziyyətin necə olduğu və indi necə olması barədə ona gündəlik məlumat verilir: "Yerlərə komissiya göndərmişik. Bir ay ərzində məsələnin əksəriyyəti həllini tapıb. Bizim mesajımızdan hərə öz nəticəsini çıxarıb. Ümidvaram, məsələ qısa müddətdə tam həllini tapacaq".

Misir Mərdanov bildirib ki, son günlər respublikanın bir sıra regionlarına güclü qar yağması məktəblərdə fəsadlar törətməyib.

O deyib ki, hələlik məktəblərdə heç bir təhlükə yoxdur. Məktəblərin bağlanmasından söhbət gedə bilməz.

Nazir TQDK-nın dərsliklərlə bağlı keçirdiyi monitorinqin nəticələrindən danışıb: "Bununla bağlı Təhsil Nazirliyi rəsmi mövqe bildirəcək. Monitorinqin nəticəsində yeniliklər varsa, gələn ilin dərslik hazırlığında bundan yararlanacağıq".

Misir Mərdanov dünyanın dağılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib: "Əgər deyilənlərə inansaq, dünyanın sonuna 3-gün qalıb. Amma hesab edirəm ki, bu il dekabrın 21-22-də dünyanın dağılacağı, hər yerin qaranlığa qərq olacağı və ya qiyamətin olacağı ilə bağlı yayılan fikirlərə inanmıram. Hər şey Allahın əlindədir və bunu ondan başqa heç kim bilmir. Yayılan məlumatların elmi əsası yoxdur. Bu cür xəbərlər insanlarda narahatlıqdan başqa heç nə yaratmır. İnsanlar bu cür xəbərlərə uymamalı və hər şeyin Allahın əlində olduğunu dərk etməlidirlər".

Sizin Reklam Yeriniz