Azərbaycanın hər sahədə, o cümlədən idmanda qazandığı uğurlar xaricdə və ölkə daxilində bəzi qüvvələr tərəfindən təəssüf ki, həzm oluna bilmir. Qeyd edək ki, idmançılarımız cari ildə dünya və olimpiya səviyyəli müxtəlif görüşlərdə böyük uğurlara imza atıb. Bunu iki gün öncə ilin idman yekunlarına dair keçirilən tədbirdə Prezident İlham Əliyev də qeyd edib.
O vurğulayıb ki, 2012-ci il idman və başqa sahələr üzrə çoxsaylı uğurlar əldə olunub. Amma təəssüf ki, xaric bir yana, ölkə daxilində belə Azərbaycan idmançılarının uğurlarını həzm etməyən insanlar var: "Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin".
Buradan bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycanın radikal müxalifəti ermənilərlə eyni mövqedən çıxış edirlər. Hamıya bəllidir ki, ermənilər Azərbaycanın hər hansı bir sahədə uğur qazanmasından əndişələnərək ona şər atmaqla məşğuldurlar. Bu onların xislətindən irəli gəlir. Ona görə də erməni lobbisi Azərbaycanın qələbələrini həzm edə bilmirər. Təəssüf ki, bu işdə Azərbaycanın bəzi müxalifət dairələri də ermənilərlə eyni mövqedən çıxış edirlər. Radikal müxalifət ölkəmizin hər hansı bir sahədə qazandığı uğurlardan sevinmək əvəzinə, nədənsə məyus olurlar. Eyni zamanda, bu və ya digər sahələrdə Azərbaycanla bağlı çətinliklər yaranan kimi sevincək olurlar. Belə vəziyyət Bakıda təşkil olunan "Eurovision" mahnı müsabiqəsi zamanı da üzə çıxmışdı. Həmin tədbirin ölkəmizdə baş tutması Azərbaycan və onun dövlətçiliyinin böyük uğuru idi. Lakin müxalifət düşərgəsi bu uğura sevinmək əvəzinə, tədbirin paytaxtda keçirilməsindən şəxsi maraqları naminə sui-istifadə etmək yolunu tutdular. Həmin ərəfədə erməni lobbisi də Bakıdakı "Eurovision" mahnı müsabiqəsini top atəşinə tutmaqla məşğul idi. Bu da Azərbaycan dövlətinin nüfuzunun artmasına xidmət edən sözügedən tədbirə münasibətdə daxili müxalifətlə erməni lobbisinin birgə mövqe sərgiləmələrinin nəticəsi idi. Sonradan yay aylarında Londonda baş tutan Olimpiya oyunlarına münasibətdə də erməni lobbisilə Azərbaycan müxalifətinin mövqeyi açıq-aydın üst-üstə düşürdü. Hər iki qüvvə 4 ildən bir təşkil olunan bu möhtəşəm turnirin ilk günlərində idmançılarımızın uğur qazana bilməməsindən sevincək olduqlarını büruzə verirdilər. Amma yarışların sonrakı günləri idmançılarımızın əldə etdiyi iki qızıl medal erməni lobbisilə daxili müxalifətin bu sevincini gözündə qoydu. Hansı mövqe sahibi olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəsinin bu və ya digər sahələrdə əldə etdiyi qələbələrdən qürur duymalı, onunla fəxr etməlidirlər. Amma Azərbaycan müxalifəti "Eurovision" müsabiqəsi və London olimpiadasına münasibətdə sərgilədiyi fəaliyyətilə bir daha göstərdi ki, onlar üçün dövlətin uğurları deyil, şəxsi maraqları öndədir və bu maraqlar naminə belə müxalifət dövlətin taleyini hər an uf demədən arxa plana qoya bilər. Belə bir müxalifətin isə sözün açıq mənasında Azərbaycanı təmsil etməyə ixtiyarı yoxdur.
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov də bildirdi ki, dövlətin uğurlarına deyil, uğursuzluqlarına sevinən müxalifətin ölkəmizi təmsil etməsi absurddur: "Dövlət başçısının Milli Olimpiya Komitəsinin ilin yekunlarına dair ənənəvi toplantısında idmançılarımızın builki uğurları ilə bərabər siyasi məqamlara da toxunub. London olimpiadasının ilk günlərində bəzi Azərbaycan idmançılarının uğursuz çıxışlarından sonra müxalifəti müdafiə edən KİV-lər sevincək olaraq ölkədə idmanın guya pis vəziyyətdə olduğu illuziyasını formalaşdırmağa çalışdılar. Məhz buna görə də dövlət başçısı bu ştatlı müxalifətin ermənilərlə birgə Azərbaycanın uğursuzluqlarına sevinən təbəqə olduğunu bir daha ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. O göstərdi ki, bu müxalifət Azərbaycanın uğurlarına deyil, uğursuzluqlarına sevinən bir təbəqədir. Proses onu göstərir ki, Azərbaycan müxalifəti ölkənin imicinə mənfi təsir göstərən hadisələrə daha çox sevinir, nəinki onun uğurlarına. Dövlət başçısı da bu nöqteyi-nəzərdən həmin insanların nəyə qadir olduqlarını, onların dövlətin deyil, şəxsi maraqları əsas tutduqlarını bir daha ölkə ictimaiyyətinə əyani surətdə göstərdi. Belə düşüncədə olan müxalifətin isə ölkəmizi hər hansı bir tədbirdə təmsil etməsi isə yolverilməzdir. Çünki onlardan dövlətin maraqları naminə xeyir gəlməyəcək. Təəssüf ki, ölkəmizdə bu tip insanlar hələ var, amma nə yaxşı ki, belə insanalrın sayı daima azalır".