Əlaqə Arxiv
news Image
2012.12.21
06:53
| A A A
Moskva Qəbələ RLS-in bağlanmasını həzm edə bilmir
Məhz bu səbəbdən şimal qonşumuz ölkəmizə iqtisadi təzyiqlər göstərməyə çalışır

Qəbələ RLS-in bağlanmasından sonra Rusiyanın Azərbaycana qarşı müəyyən siyasi təzyiqlər etmək cəhdində bulunacağına dair səslənən fikirlər qismən də olsa özünü doğrultmaqdadır. Məsələn, məlumat verildiyi kimi son günlər Azərbaycan-Rusiya sərhədində, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük-keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən avtomaşınların növbəsi yaranıb.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yaranan bu cür növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur. O da bildirilir ki, Azərbaycan gömrük orqanları istər sərnişinlərin, istərsə də avtomaşınların dövlət sərhədini keçmə prosesini tez bir zamanda və operativ olaraq həyata keçirir. Mövcud problemin əsas səbəbi Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində avtomobillərin yoxlanılmasına həddən artıq vaxt sərf edilməsidir. Bu da təbii olaraq sərnişinlərin və sürücülərin haqlı narazılığına səbəb olur.

Lakin Rusiyanın yaratdığı problem təkcə bununla məhdulaşmır. Belə məlumatlar da gəzir ki, Rusiyada yaşayan vətəndaşlarımıza qarşı təzyiqlər etməyə çalışır. Rusiyanın müxtəlif vilayətlərində və şəhərlərində yaşayan soydaşlarımız bildirirlər ki, onların yaşadıqları yerlərdə fəaliyyət göstərməsinə maneələr yaradılır. Hətta Rusiya vətəndaşlığı olan şəxslərə qarşı da təzyiqlər edilir. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert İlham Hüseynli bildirir ki, Qəbələ RLS ətrafında baş verənlər iki ölkə arasındakı münasibətlərə ciddi şəkildə təsir göstərib. Baş verənlərin Rusiya və Azərbaycan arasındakı münasibətlərin ciddi şəkildə gərgin olmasından xəbər verdiyini bildirən ekspert qeyd edir: "Rusiya təbii ki, Qəbələ RLS-lə bağlı baş verənləri müşahidə etməyəcək. Buna adekvat addımlar atmalıdır. Rusiyanın əlində olan ən optimal təsir mexanizmi orada yaşayan Azərbaycan vətəndaşlardır. Eyni halda soydaşlarımıza qarşı təzyiqlərin baş qaldıracağı gözlənilən idi".

Bununla yanaşı, xatırladaq ki, miqrantlarla bağlı qanunlarını getdikcə sərtləşdirən Rusiyanın əsas hədəflərindən biri elə soydaşlarımızdır. Qeyd edək ki, yeni qanuna əsasən, Rusiyaya işləməyə gələn miqrantlar rus dilindən imtahan verir və onların rus dilindən bilikləri yoxlanır. İmtahandan keçən miqranta sertifikat verilir. Həmin sertifikata əsasən miqrantların Rusiyada işləməsinə icazə verilir. Artıq müəyyən sayda miqrant bu imtahanlar üzündən Rusiyanı tərk edib. Artıq Azərbaycan-Rusiya sərhədində Rusiyada işləyən Azərbaycan miqrantlarının geri qayıtması halları, demək olar ki, hər gün baş verir. Ekspertlər hesab edir ki, baş verənlər Rusiyadan Azərbaycana göndərilən vəsaitin miqdarında da özünü göstərəcək.

Lakin Azərbaycan üçün bir üstün cəhət odur ki, son dövrlərdə Rusiyaya gedən soydaşlarımız artıq iş yerləri olduğundan Azərbaycana qayıdır. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin müdiri Sərxan Aktoprak da təsdiq edir: "Əvvəla bildirmək istərdim ki, ötən əsrin 90-cı illərində Azərbaycan miqrasiya mənbələrindən biri idi. Həmin vaxt ölkəni tərk etmiş şəxslər indi geri qayıtmağa başlayıb. Eyni zamanda, Azərbaycan xarici ölkə miqrantları üçün məkana çevrilib. Həyata keçirilən tikinti və iri layihələr ölkəyə işçi qüvvəsinin axın etməsinə səbəb olur".

Bütün bunların kökündə dayanan əsas səbəblərdən biri isə qeyd olunduğu kimi Qəbələ RLS-dir. Rus politoloq Aleksey Vlasov isə bildirir ki, əslində, Qəbələ RLS Rusiya-Azərbaycan münasibətlərində yeganə mövzu deyil, ona görə, danışıqların faktiki olaraq dayandırıldığını və problemin həll edilmədiyini mütləqləşdirməyə gərək yoxdur: "Nə etmək olar, qiymətin müəyyənləşdirilməsi üzrə yanaşmalar üst-üstə düşmədi, burda dəhşətli bir şey yoxdur. Belə ki, Azərbaycan və Rusiya arasında əməkdaşlıq Qəbələ RLS-i ilə məhdudlaşmır, digər istiqamətlər də var. Əlbəttə, "saatları tutuşdurmaq" və ikitərəfli münasibətlərin bundan sonra hansı dinamika və mövzularda inkişaf edəcəyi müəyyən etmək üçün Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüşün keçirilməsi yaxşı olardı. Odur ki, mən Qəbələ mövzusunu mütləqləşdirmirəm və hesab edirəm ki, ikitərəfli münasibətlərin soyumasına bir səbəb yoxdur".

Bu arada onu da xatırladaq ki, Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı yaradılan komissiya yeni ildən fəaliyyətə başlayacaq. Belə ki, Qəbələ RLS-in Rusiya tərəfindən işlədilməsi istiqamətində iki ölkə arasında şərtlərdə razılıq əldə edilmədiyindən stansiyanın dayandırılmasına qərar verilib. Bundan sonra stansiyadan Rusiya tərəfinə məxsus avadanlığın çıxarılması məqsədilə komissiya yaradılıb. Bu komisiya yeni ildən fəaliyyətə başlayacaq.
Sizin Reklam Yeriniz