Rusiyanın "Qazprom" şirkəti Türkiyə və Avropaya satdığı qazın qiymətlərini aşağı salmağı düşünür. Eyni zamanda, Kreml Türkiyədən keçəcək "Cənub axını" layihəsinə də geniş diqqət verməyə başlayıb. Qeyd edək ki, enerji daşıyıcılarına böyük ehtiyacı olan Qərb qaz və nefti müxtəlif, çoxşaxəli yollar vasitəsilə almaqda qərarlıdır. Bundan da məqsəd Rusiyanın enerji daşıyıcılarından asılı olmamaqdır.
Bunun nəticəsidir ki, Avropa "Nabukko" qaz kəməri layihəsini gerçəkləşdirməyə çalışırdı. Lakin həmin layihə baha baha gəldiyindən indilikdə o arxa plana keçib. Əvəzində Azərbaycandan qapz nəqlini nəzərdə tutan TANAP layihəsilə bağlı qərar verilib. Hansı ki, bu layihələr Qərbin Rusiyanın enerji asılılığından xilas olmasında önəmli rol oynaya bilər. Görünür, bu amil Kremli əndişələndirdiyindən onlar çıxış yolunu satdıqları qazın qiymətini ucuzlaşdırmaqda görüblər. Görəsən, Rusiyanın bu addımı Avropanın Azərbaycan qazına marağını azaltmayacaq ki? Digər tərəfdən, həmin addım Azərbaycana, görəsən, nə vəd edir?
Müstəqil iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, Rusiyanın hansı addım atmasından asılı olmayaraq, Qərb Azərbaycana marağını azaltmayacaq. Digər tərəfdən, o bildirdi ki, həmin prosesin Azərbaycana da mənfi təsiri gözlənilmir: "Rusiyanın hazırda yeritdiyi qaz axını siyasəti Moskvanın indiyə qədər əlində olan bazarları saxlamağa hesablanıb. Bir neçə il bundan öncə "Nabukko" layihəsi və ona paralel digər layihələrin gündəmə gəlməsilə Rusiyanın buna qarşı siyasi və iqtisadi cəhətdən müəyyən müqavimət göstərmək cəhdləri bəllidir. Hazırda isə Avropa Rusiyadan iqtisadi asılılığı minimuma endirmək üzərində çalışır ki, Kreml köhnə dünyaya qarşı siyasi təzyiqlərini həyata keçirərkən neft-qaz amilindən bəhrələnə bilməsin. Bu təhlükədən qurtulmaq üçün Avropa müəyyən tədbirlər görür. Eyni zamanda, Rusiya Avropanın bu səylərini neytrallaşdırmaq üçün müəyyən cəhdlərdə bulunur. İndi Avropanın Rusiyanın karbohidrogen asılılığından çıxmasını təmin edən layihələr uğursuzluğa düçar olub. Buna misal olaraq "Nabukko"nu göstərmək olar. Həmin layihə ətrafında uzun müddət müzakirə və danışıqlar olsa da, hələlik o, ortaya qoyulmayıb. Bunun da müəyyən səbəbləri var. Bu məqamdan istifadə edən Rusiya isə həm digər alternativ kəmərlər barədə düşünür, həm də qazın qiymətində müəyyən endirimlərə gedir. Bu yolla da sözügedən bazarın əlindən çıxmamasına çalışır. Lakin bütün hallarda düşünmürəm ki, Rusiyanın bu addımı Avropanın Azərbaycan qazına olan marağını azaltsın. Qərb həmişə çalışacaq ki, neft və qazı ucuz qiymətə almaq üçün çoxsaylı alternativ variantlar olsun. Moskvanın bu addımının ölkəmizə təsirinə gəldikdə isə deməliyəm ki, belə qərar dünya bazarında qazın qiymətinin aşağı enməsinə gətirib çıxara bilər ki, yalnız bu halda Azərbaycan prosesdən müəyyən zərər çəkər. Çünki Azərbaycanın ixrac etdiyi qazın həcmi Rusiyanın ixracına münasibətdə çox kiçikdir. Avropanın qaza olan tələbatının təmin edilməsində ölkəmizin payı elə də çox deyil ki, Kremlin qazın qiymətini endirməsinin ölkəmizə hər hansı bir mənfi təsiri olsun. Ona görə də düşünmürəm ki, Rusiyanın sözügedən addımı ilə Azərbaycanın qaz bazarının əlindən alınması baş versin. Rusiyanın atdığı addım buna şərait yaratmır. İndilikdə Azərbaycan qazı sonuncu istifadəçiyə Rusiya qazı ilə müqayisədə onsuz da daha ucuz başa gəlir. Avropa Rusiyanın hansı addım atmasından asılı olmayaraq, Azərbaycan qazına marağını azaltmayacaq. Avropa ölkələri müxtəlif istiqamətlərdən qaz almaqda maraqlıdır. Sadəcə olaraq, Rusiyanın bu addımı qazın qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də "Qazprom"un həmin addımı Rusiya tərəfindən atılan böyük güzəştdir. Həm də Kremlin qazın qiymətini salması qısa müddətlidir. Onlar qazın qiymətini avropalıların başqa variantlar üzərində düşünməməsi üçün endirirlər".
Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev düşünür ki, Rusiyanın sözügedən addımının Azərbaycana hər hansı bir mənfi təsiri olmayacaq: "Qazprom" uzun müddətdir ki, Avropa bazarında əsas oyunçulardandır. Avropanın qaza olan tələbatının böyük hissəsi məhz Rusiyanın bu şirkəti vasitəsilə həyata keçirilir. 1995-ci ildə Türkiyəyə Qara dənizin dibindən "Mavi axın" qaz xətti çəkilib. Avropaya da Ukrayna üzərindən keçən qaz xətti vardır. Son dövrlər isə Rusiya "Şimal axını" layihəsi üzərində işləyir. İndi də "cənub axınını" sanksiyalaşdırdılar. Avropanın hazırda qaza olan ehtiyacı 400-500 milyard kubmetr arasında dəyişir. Rusiya isə bir ilə Avropa bazarına 190 milyard kubmetrə yaxın qaz ixrac edir. Belə olan halda ölkəmiz üçün Rusiyanın Avropaya nəql etdiyi qazın qiymətini endirməsinin hər hansı bir təhlükəli tendensiyası müşahidə olunmur. Azərbaycan öz qaz ixracı imkanlarını hələlik Gürcüstan və Türkiyə üzərində qurmalıdır. Gələcəkdə artıq miqdarda qaz hasil edildikdə isə Yunanıstan və Bolqarıstan üzərindən onu Avropaya sata bilərik. Rusiyanın Türkiyə və Avropaya satdığı qazın qiymətini aşağı endirməsi Azərbaycan üçün elə də təhlükə törətmir. Çünki bizim artıq satış bazarımız var və Azərbaycan öz qazını heç də baha qiymətə satmır. Gürcüstana 55 dollardan başlayıb 240 dollara kimi müxtəlif həcmli qaz veririk. Türkiyəyə də baha satmırıq. Lakin Rusiya satdığı qaza görə iki qiymət, orta və yüksək Avropa qiymətlərini müəyyənləşdirir. Neft və qaz varsa, onun alıcısı da həmişə olacaq. Bu məhsullar digər əmtəə növlərindən köklü şəkildə fərqlənir. Dünyanın da enerji daşıyıcılarına tələbatı günü-gündən çoxalır. Çünki iqtisadiyyat inkişaf etdikcə bu məhsullara tələbatın artması da labüddür. Ona görə də əminəm ki, "Qazprom" şirkətinin Türkiyə və Avropaya nəql etdiyi qazın qiymətini endirməsinin ölkəmiz üçün heç bir təhlükəsi yoxdur".