Əlaqə Arxiv
news Image
2012.12.22
07:31
| A A A
Azərbaycanın hərbi texnikası Ermənistanı bərk qorxuya salıb
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskva sammitində Ermənistan prezidentinin etirafları da təsdiq edir

Ərazilərinin bir hissəsi hələ də işğal altında olan Azərbaycanın üzləşdiyi bu problemin güc yolu ilə həlli istisnalıq təşkil etmir. Bu kontekstdə təbii olaraq Azərbaycan ordusuun davamlı şəkildə gücləndirməkdə, onu ən müasir hərbi texnika ilə təmin etməkdədir. Ermənistanın isə bundan böyük narahatlıq duyması elə işğalçı ölkənin özündə dəfələrlə açıq bəyan edilib.

Burada önəmli faktorlardan biri də ondan ibarətdir ki, Azərbaycanın maliyyə imkanları elə hərbi texnikalar almağa imkan verir ki, onlar Ermənistan üçün əlçatmaz hesab edilir. Elə bu məqam da Ermənistanın daha böyük narahatlıq keçirməsində az rol oynamır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın hərbi aviasiya parkına Rusiya istehsalı olan yeni hücum helikopterlərinin daxil ediləcəyi barədə də məlumatlar yayılıb.

Bu barədə "AzeriDefence" "Oboronprom" şirkətinin adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilir ki, Azərbaycan tərəfi Rusiya istehsalı olan Ka-52 "Alliqator" tipli zərbə helikopterlərinin satın alınmasına marağını ifadə edib və hazırda bununla bağlı danışıqlar aparılır: "Azərbaycan son illərdə bizə ən çox helikopter sifariş vermiş ölkədir. Yeni helikopterlərin seçimi Azərbaycan hərbçilərinin Rus hərbi aviasiya texnikasından, başqa sözlə helikopterlərinin istifadəsindən razı qaldıqlarını göstərir".

Şirkət nümayəndəsi Azərbaycanın nə qədər Ka-52 tipli helikopter almaq istəyi, eləcə də hansı illər üçün sifarişlərin reallaşdırılacağı barədə məlumat verməyib.

"Oboronprom" nümayəndəsi Azərbaycanın 2010-cu ildə verdiyi sifarişlərin holdinqə daxil olan "Russian Helicopters" şirkəti tərəfindən qrafikə uyğun olaraq yerinə yetirildiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidməti 2010-cu ildə Rusiya ilə 24 ədəd Mi-35M tipli döyüş helikopterlərinin satın alınmasına dair müqavilə bağlayıb. Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Sonradan isə növbəti partiyalar gətrilib. Qeyd edək ki, "Mi-35" helikopterləri "Mi-24" helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı "Şturm-V" tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.

Onu da bildirək ki, son 10 ildə Azərbaycan hərbi aviasiya proqramına uyğun olaraq müxtəlif ölkələrdən 47 döyüş təyyarəsi və 109 vertolyot alıb. Rusiyadan isə "Mi-35 M" döyüş vertolyotlarının alınması davam edir. Məlumatlara görə, son iki ildə Azərbaycan silah və hərbi texnikaya 3,7 milyard dollar sərf edib. Ötən 10 ildə isə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri sayıla bilər. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, həm də keçmiş Sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur.

Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur.

Araşdırmalardan məlum olur ki, Azərbaycan son illərdə daha çox hərbi texnika almağa başlayıb və bu sırada Rusiya ilk yerdə gəlməkdədir. Belə ki, Rusiyanın Strateji və Texnoloji Analizlər Mərkəzindən bildirilib ki, təkcə ötən il Azərbaycana, ən azı, 15 ədəd "Mi-8" və "Mi-17" tipli helikopter, 4 ədəd "Mi-35" döyüş helikopteri satılıb. Belə vəziyyət isə Ermənistanı narahat etməkdədir. Elə bunun nəticəsidir ki Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanı və Belarusu təşkilatın üzvü olmayan Azərbaycana silah satmaqda ittiham edib. Rusiyanın Azərbaycana silah satması ilə bağlı ekspertlər səviyyəsində Ermənistan dəfələrlə narahatlıq izhar edib. Lakin hakimiyyət bu məsələyə toxunmamağa çalışıb və bu, ilk belə bəyanatdır. Əslində, bu bəyanat həm də Ermənistanın kifayət qədər qorxduğunun, Azərbaycanın silahlanmasından duyduğu böyük əndişənin real göstəricisi kimi də qəbul olunur. Əks halda Sarkisyan Ermənistanın ağası sayılan Rusiyaya qarşı belə fikirlər səsləndirməyə cəsarət etməzdi.
Sizin Reklam Yeriniz