Əlaqə Arxiv
news Image
2012.12.23
11:46
| A A A
Avropaya qoyulan Azərbaycan investisiyasının dayandırılması təklif olunur

Akif Nəsirli: "Hesab edirəm ki, böhranın olduğu ölkələrə indən sonra qoyulması nəzərdə tutulan investisiyanın taleyi barədə düşünməyə dəyər"

Nazim Məmmədov: "Avropada şirkətlər almaq, səhmlərə vəsait yatırmaq uzunmüddətli strategiya üçün sərfəlidir, lakin..."

Avropa qitəsi hələ də böhran içərisində çabalayır. İspaniya, Yunanıstan, Portuqaliya kimi dövlətlər bu günə qədər düşdükləri maliyyə böhranından çıxa bilməyiblər. Əksinə, həmin ölkələrin xarici borcları dövlət büdcəsinin maksimum səviyyəsini belə keçmək ərəfəsindədir. Bunun da nəticəsində sözügedən qitədə hazırda çoxsaylı işsizlər ordusu yaranıb. Bir sıra tanınmış iri banklar belə müflis olma həddinə çatıb.

Ona görə də çoxsaylı ixtisarlara getməli olublar. Belə bir böhran fonunda Avropa qitəsinə vəsait yatıran investorlar oranı tərk etməyi üstün tutmağa başlayıblar. Çünki böhran şəraitində ora investisiya qoymaq olduqca risqlidir. Azərbaycan da son illər investisiya yatırışları həyata keçirir ki, bu payda Avropanın da müəyyən qədər rolu vardır. Xüsusən də ARDNŞ və ARDNF bir sıra Avropa ölkələrinə investisiya yatırıb. Fransa və İngiltərə kimi dövlətlərdə daşınmaz əmlaklar alınıbdır. Lakin böhran fonunda Azərbaycan hələlik sözügedən qitədən investisiyasını geri çəkməyib. Görəsən, belə bir vəziyyətdə Azərbaycan investorları da Avropadakı fəaliyyətlərini dayandırmalıdırlarmı?

Müstəqil iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, böhranın olduğu ölkələrdən Azərbaycan investisiyasının çıxarılması üçün ilk öncə dövlətin öz daxilində həmin investisiyanın köçürülməsi üçün imkan yaradılmalıdır: "Azərbaycanın Avropanın müxtəlif ölkələrində həyata keçirdiyi investisiya yatırımları iki formada reallaşır. Prosesdə həm özəl iş adamları, həm də dövlət iştirak edir. Avropada böhrandırsa, dövlət xəttilə qoyulan investisiyaların taleyilə bağlı indən belə düşünmək lazımdır. Amma birdən-birə investisiya qoyulan ölkədən nəyisə çıxarmaq və ya dəyişmək mümkün olan deyil. Bu da investisiya qoyulan zonada vəziyyətin qəlizləşdiyi halda oradan investisiyanı geri köçürməyin çətin olması ilə bağlıdır. Ona görə də hesab edirəm ki, böhranın olduğu ölkələrə indən sonra qoyulması nəzərdə tutulan investisiyanın taleyi barədə düşünməyə dəyər. Həmin investisiyanın müəyyən hissəsini ölkə daxilində realizə etmək mümkündür. Sadəcə olaraq bunun üçün iqtisadi yöndə xeyli dəyişikliklər edilməlidir. İqtisadiyyat bazar iqtisadiyyatı nəzəriyyəsinə uyğun modelə çevrilməlidir. İqtisadiyyat öz-özünü tənzimləməli, dövlətin müdaxiləsi minimuma enməlidir. Yalnız bundan sonra Avropadakı investisiyanın bir hissəsini ölkə daxilinə köçürmək olar. Hazırda isə bu şərait ölkədə yoxdur".

İqtisadçı alim Nazim Məmmədov uzunmüddətli perspektiv üçün Avropaya investisiya yatırmağı uğurlu variant saysa da, bildirdi ki, Azərbaycan həmin vəsaitlərin bir hissəsini də ölkə daxilinə yatırmalıdır: "Avropada bəzi ölkələrin hazırda borcla bağlı müəyyən problemləri var. Ancaq bununla belə Avropada şirkətlər almaq, səhmlərə vəsait yatırmaq uzunmüddətli strategiya üçün sərfəlidir. Lakin buna üstünlük verib daha çox əmlak və digər daşınmaz əmlak alıb, onun sonradan hansı istiqamətdə işlənilməsinə kor-koranə vəsait yatırılması doğru deyil. Azərbaycanın özünün maliyyə resurslarına ciddi ehtiyacının olduğu dövrdə bu yolverilməzdir. İstənilən halda Azərbaycan ilk növbədə öz daxilində olan problemləri həll etməlidir, yalnız bundan sonra Avropa və digər qitələrdə daşınmaz əmlak almağa meyllənmək olar.

Neft Fondunun əsasnaməsinə görə aktivlərin 5 faizi əmlaka yönələ bilər. Bu və ya digər formada həmin aktivlərin yerləşdirilməsinin şahidi olduqda daha çox üstünlüyün xarici ölkəyə verildiyini görürük. Əslində isə, həmin vəsaitlər daha çox Azərbaycanın öz daxilindəki daşınmaz əmlaka yatırılmalıdır. Xarici ölkədən əmlak və ya qızılın alınması maliyyə itkisinin ola biləcəyinə şübhələr yaradır. Rəsmilər daxildə sosial kirayə mənzillərini tikməklə uzunmüddətli vəsait qazanmaq imkanı əldə edər. İpoteka Fonduna da vəsait yatırmaq olar".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz