Əlaqə Arxiv
news Image
2012.12.26
07:12
| A A A
"Köhnə qitə"nin yaratdığı iqtisadi təhlükə böyüyəcək
Gələn il Avropanın yeni borc girdabına düşəcəyi, Avrozonanın isə dağılacağı gözlənir

Başa çatmaqda olan il əksər Qərb ölkələri üçün yenə iqtisadi böhranla xarakterizə olunmaqdadır. Məsələnin daha maraq doğuran tərəfi isə Qərbdə, ilk növbədə Avropada müşahidə olunan böhranın gələn il daha da dərinləşəcəyinə dair verilən proqnozlardır.

Bu isə dünya iqtisadiyyatı, o cümlədən bu iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycan üçün müsbət heç nə vəd etmir. İlk növbədə ona görə ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin yarıdan çoxu məhz Avropa ölkələrinin payına düşür. Avropada böhran isə ticarət dövriyyəsinin həcminin azalması deməkdir.

Avropa Komissiyasının proqnozuna görə isə növbəti ildə Avrozonanı resessiya gözləyir, o, ilk növbədə Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya və Sloveniyanı öz təsirinə məruz qoyacaq. İşsizlik səviyyəsi yeni rekord həddə çatacaq -2012-ci ildə 11,3% və 2013-cü ildə 11,8%. Avropa komissiyasının sədri Olli Rennin fikrincə isə, borc böhranı genişlənməkdə davam edəcək və Avrozonada dövlət borcunun səviyyəsi 2014-cü ildə ÜDM-in 88,8%-dən 94,3%-ə yüksələcək. Rekord göstərici yenə də Yunanıstana məxsus olacaq (2012-ci ildə ÜDM-in 176,7%-i, 2013-2014-cü illərdə ÜDM-in188%-i), ikinci yerdə isə İtaliya gələcək (2012-ci ildə ÜDM-in126,5%-i). Bu il həmçinin Portuqaliya və İrlandiyanın dövlət borcu ÜDM-in həcmini üstələyəcək, Belçikada isə bu rəqəm 99,9% sərhədlərinə yaxınlaşacaq. Gələn il isə o da 100%-lik həddi aşacaq.

Nobel mükafatı laureatı olmuş və 2008-ci il böhranının öncədən xəbər vermiş Nuriel Rubini fondunun ekspertləri hesab edir ki, artıq gələn il Avrozona dağılmağa başlayacaq. Analitiklər valyuta ittifaqında hadisələrin inkişafı ilə bağlı bir neçə ssenari tərtib ediblər, lakin demək olar ki, onların hər birində yaxın müddət ərzində Yunanıstan və Portuqaliyanın ittifaqı tərk edəcəyi təxmin edilir.

Yunanıstan və Portuqaliyanın Avrzonada qalmaq şansı 15%-dən 10%-ə enib. Bu ölkələr yalnız o təqdirdə valyuta ittifaqında qala bilər ki, "köhnə qitə"nin siyasətçiləri vahid büdcə ittifaqının yaradılmasına razı olsunlar. Ən çox ehtimal olunan "baza" ssenarisinə əsasən, ekspertlər 60% güman edir ki, 2013-cü ilin sonuna qədər Yunanıstan Avrozonadan çıxacaq, Portuqaliyada isə eyni proses 2014-cü ilə təsadüf edəcək. Ən pis ssenarinin gerçəkləşmə ehtimalını isə analitiklər 10% qiymətləndirir. Bu zaman Yunanıstan defolt yaşayaraq, Avrozonanı tərk edir, bunun ardınca isə Avropada "defolt şəlaləsi" yaşanır, Portuqaliya, İrlandiya, İspaniya, hətta Fransa da Avrozonanı tərk edir.

Xatırladaq ki, Rubini fondu həmişə öz neqativ proqnozları ilə məşhur olub, bundan fərqli olaraq isə BVF-u daha optimist ssenariləri nəzərdən keçirir. Nə qədər ki, Almaniya bu alyansın bütövlüyündə maraqlıdır, heç bir ölkə buranı tərk edən deyil. Elə ki, Almaniya qərar versə ki, onun iqtisadiyyatı üçün bu həddindən artıq ağır yükdür və onu ölkəsinin iqtisadiyyatı Valyuta İttifaqının dağılmasını daha asan keçirər, nəinki Yunanıstan, Portuqaliya və digər ölkələrin ittifaqda saxlanmasını, onda da müvafiq mexanizm işə salınacaq. Avrozonanın alyansa həddindən artıq baha başa gələn ölkələr tərk edəcək.

Aydındır ki, Qərbin üzləşdiyi maliyyə problemi həll olunmasa, bu, dünya, eləcə də MDB ölkələrinə təsir göstərəcək. Hesab olunur ki, Qərbin maliyyə probleminin dərinləşməsi yenidən karbohidrogen məhsullarının qiymətini xeyli ucuzlaşdıra, həmçinin valyuta ehtiyatlarını dəyərsizləşdirə bilər. Çünki yeni böhran dollar və avronun məzənnəsini xeyli aşağı sala bilər. Təbii ki, bütün bunlar Azərbaycanın da gəlirlərinə mənfi təsir etmək iqtidarındadır.

Hələlik isə müşahidə oluna odur ki, Avropada baş verən böhran daha çox səhm və maliyyə bazarında baş verən böhrandır. Azərbaycanın səhm və maliyyə bazarı isə Avropanın səhm və maliyyə bazarından ayrı formalaşdığı üçün bu böhranın ölkəmizə təsir imkanları demək olar ki, yoxdur. Eyni zamanda Azərbaycan səhm bazarı yeni formalaşdırılan bir bazardır. Bununla belə nəzərə alsaq ki, Azərbaycan rezervlərinin təxminən 30 faizi avroda saxlanılır. Onda Azərbaycan üçün böhranın əsas təsiri məhz avronun məzənnəsinin aşağı düşməsi ola bilər. Eyni zamanda Azərbaycanın bütövlükdə ixrac dövriyyəsinin 65 faizi məhz Avropa Birliyinin payına düşür. Baxmayaraq ki, onun böyük hissəsi neft məhsullarının payına düşür, bütün hallarda Avropadakı maliyyə böhranının dərinləşməsi Azərbaycanın maraqlarına uyğun deyil.
Sizin Reklam Yeriniz