Əlaqə Arxiv
news Image
2012.12.26
07:22
| A A A
Ölkədə məişət zorakılığı halları artıb
Komitə sədri: “Qadınların dövlət tərəfindən müdafiə olunması ilə bağlı təkliflər hazırlanıb”

"Bu il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2 mindən artıq müraciət daxil olub. Bu müraciətlər bir çox problemləri əhatə edir". Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu müraciətlərin bir hissəsi sosial problemlər, iş yerlərinin olmaması ilə bağlıdır. H.Hüseynovanın sözlərinə görə, məişət zorakılıq halları ilə bağlı komitəyə müraciətlər edilir: "Ölkədə məişət zorakılığı halları artıb. Bu o deməkdir ki, artıq qadın dözmür və şikayət edir. Amma əvvəllər bu qapalı formada idi. Hamı fikirləşirdi ki, ayıbdır və heç kim bilməsin. Əslində bir adam belə bir zorakılığa məruz qalırsa, mütləq müdafiə olunmalıdır".

Hicran Hüseynova daha sonra deyib: "Azərbaycanda mövcud olan qanunlarda müəyyən dəyişiklər edilməlidir". O bildirib ki, qadınların hansı formada dövlət tərəfindən müdafiə olunması ilə bağlı komitə tərəfindən təkliflər hazırlanır. H.Hüseynovanın sözlərinə görə, təcrübə göstərir ki, bir çox qanunlara əsasən boşanma zamanı mülki məsələlər heç zaman qadının xeyrinə olmur: "Qanunla baxsaq, hər şey düzdür, amma qadına heç bir pay düşmür. Buna görə də qanunlarda müəyyən dəyişiklər edilməlidir. Boşanmalarla bağlı da komitəyə bir çox müraciətlər daxil olur. Ailə qurmaq üçün müqavilə məsələsi son zamanlar daha çox müzakirə edilir. Təhsilsiz və erkən yaşda ailə quran qadınların müəyyən müddətdən sonra həyatında problemlər olur. Bu problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həll edilir. Amma bütün problemlərin həlli dövlət səviyyəsində və qanun çərçivəsində olmalıdır".

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bildirib: "Son dövrlər Azərbaycanda üçəmlərin dünyaya gəlməsi halları artıb. Təbii ki, bu bizi çox sevindirir. Amma ağır bir vəziyyətdə yaşayan bir ailə üçün 3 uşağın dünyaya gəlməsi xeyli problemlər yaradır". O bildirib ki, həmin ailələrə prezident İlham Əliyev, Heydər Əliyev Fondu, müvafiq komitə və ayrı-ayrı dövlət qurumları tərəfindən yardım formasında müəyyən kömək edilir: "Amma bu kifayət etmir. Artıq bununla bağlı müəyyən təkliflə çıxış etmişik. Dövlət səviyyəsində qanun qəbul edilməlidir ki, çoxuşaqlı ailələrə hansı formada dəstək olunsun. Addım-addım Azərbaycanda bu islahatlar öz əksini tapacaq. Çünki ayrı alternativ yoxdur.İnkişaf edən Azərbaycanda bu məsələlər öz əksini tapmalıdır".
Sizin Reklam Yeriniz