Əlaqə Arxiv
news Image
2012.12.28
07:14
| A A A
Bakı böyük biznes yükünün altında
Vüqar Bayramov: «Bütövlükdə ölkə üzrə biznesin 94 faizi Bakının payına düşür» Nicat Hacızadə: «Regionlarda da əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün bir sıra tədbirlər görülür»

Araşdırmalar göstərir ki, bu gün üçün paytaxtla müqayisədə regionlardakı işçi qüvvələrin əmək haqları orta hesabla 2 dəfə azdır. Təbii ki, bu fərq büdcədən maliyyələşən işçilərə aid edilməsə də, özəl sektorda daha qabarıq hiss olunur.

Həmçinin onu da xatırladaq ki, bu gün regionlar üzrə əmək haqlarının qeyri - bərabər bölüşdüyü bir halda vergi ödənişlərində də fərq yoxdur. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə də, bu gün paytaxtla regionlarda olan əmək haqları arasında fərq hiss ediləcək qədər böyükdür: "Nəzərə alsaq ki, Azərbaycanda orta əmək haqqı 403, regionlarda 270, paytaxtda isə bu 550 manatdır. Praktiki olaraq Bakı ilə rayonlar arasındakı əmək haqqı fərqi 2 dəfədir. 2 dəfə fərqin olması biznesin daha çox Bakıda cəmləşməsi və eləcə də paytaxtda alıcılıq qabiliyyətinin yüksək olması ilə bağlıdır. Nəzərə alaq ki, bütövlükdə ölkə üzrə biznesin 94 faizi Bakının payına düşür. Ona görə də birmənalı olaraq Bakı şəhəri biznesin həcminə görə lideridir. Paytaxtın lider olması da əmək haqqının daha yüksək olmasına imkan verir. Həm də burada paytaxtın alıcılıq qabiliyyətinin yüksək olması amili də var. Təbii ki, bu da gəlirlər arasında 2 dəfəyə qədər fərqlərin olmasına gətirib çıxarır. Ona görə də regionlarda biznesin genişlənməsi regionlarda da əmək haqqının yüksək olmasına gətirib çıxaracaq".

Ekspert bildirir ki, ümumiyyətlə, regionla və paytaxtda təklif olunan əmək haqları arasında fərqlərin olması bu gün əksər MDB ölkələrində müşahidə edilir: "Məsələn, Rusiya Federasiyasında bu fərq 2.3 dəfədir. Eyni zamanda oxşar fərq Ukraynada da hiss edilir. Ukraynada regionlar arasındakı fərq 2 dəfəyə yaxındır. Əslində, biznesin paytaxt şəhərində təmərküzləşməsi paytaxtda əmək haqlarının yüksək olmasına gətirib çıxarır. Təbii ki, dövlət qulluqçularının əmək haqqı sistemində praktiki olaraq fərq yoxdur. Çünki, onların əmək haqları, hansı tarif kateqoriyasına uyğun gəlməsi ilə formalaşır. Amma məhz özəl sektorda fərq olması bu heç də regionlarda sosial vəziyyətin pis olması anlamına gəlmir. Burada bir məqam da var ki, regionlarda istehlak qiymətləri Bakıya nisbətən ucuzdur. Regionlarda istehlak qiymətinin, icarə haqqının və digər ödənişlərin Bakıya nisbətən ucuz olması əmək haqqına təsir göstərir. Çünki, Bakıda işləyənlərin böyük bir qismi, regionlardan gəlib və öz mənzilləri yoxdur. Mənzilləri olmadığı üçün əmək haqları onların mənzillə təminatına imkan verməlidir. Onların mənzillə təmini və digər xərclərin baha olması Bakıda əmək haqlarının yüksək olmasına gətirib çıxarır".

Vüqar Bayramov xatırladır ki, Azərbaycanda differensial vergi sistemi tətbiq olunurdu: "Amma sonradan bu vergi sistemi beynəlxalq maliyyə qurumlarının təklifi ilə ləğv olundu. Bunun ləğv olunmasının əsas səbəblərindən biri o idi ki, bəzi hallarda şirkətlər regionlarda qeydiyyatdan keçib, daha aşağı vergi ödəyirdilər. Amma Bakıda fəaliyyət göstərirdilər. O baxımdan təbii ki, bu vergi sisteminin saxlanması mümkün olmadı. Ona görə də bu gün diferensial verginin tətbiq edilməsi düzgün olmazdı. Çünki, bu, sahibkarların həmin vergi sistemindən sui - istifadə etməsinə gətirib çıxara bilər. Sahibkarlar regionda qeydiyyatdan keçib, Bakıda fəaliyyət göstərəcəklər. Buna da nəzarət etmə imkanları praktik olaraq mümkün olmur".

Digər gənc iqtisadçı Nicat Hacızadə bildirir ki, ümumiyyətlə, hazırda dünya təcrübəsində həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələrdə şəhərdə yaşayan əhali regionlara nisbətən daha çox əmək haqqı alır: "Bunu istər dövlət strukturu, istərsə də özəl sektorda görmək olur. Buna səbəb, şəhərlərdə regionlara nisbətdə əhalinin yaşayış səviyyəsinin yüksək olması, urbanizasiya və təmərküzləşmədir. Bu gün regionlarda da əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün bir sıra tədbirlər görülür. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə güzəştli, aşağı faizli kreditlər ayrılır və bu da avtomatik olaraq, işsizliyin azalmasına təsir göstərəcək. 2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 3,9 faiz artaraq 440,3 manata çatacaq. Bu da əhalinin əmək haqqı səviyyəsinə müsbət şəkildə təsir göstərəcək".

Nicat Hacızadə onu da əlavə etdi ki, differensial vergi əsasən fiziki şəxslərin sahibkarlıq fəaliyyətində tətbiq olunur. Bu regionlarda 2%, şəhərlərdə isə 4% dir. Bu vergi, özəl sektorda və yaxud dövlət qurumunda işləyən işçilərə yox, sırf sahibkarlıqla məşğul olan sahibkarın gəlir vergisində avtomatik olaraq tətbiq olunur".
Sizin Reklam Yeriniz