Əlaqə Arxiv
news Image
2012.12.28
07:26
| A A A
Yarımçıq binalar böyük təhlükə mənbəyinə çevrilir
Soyuq və şaxtalı hava, yağan yağış və qar onların dayanıqlığını zəiflədir ki, bu da uçma ehtimalı yaradır

İnşası yarmıçıq qalan binaların taleyi getdikcə daha çox aktuallıq qazanan məsələlərdən birinə çevrilir. Bunu şərtləndirən əsas səbəblərdən biri belə binalarda bir sıra vətəndaşların mənzil alması və əvvəlcədən də tələb olunan həcmdə ödənişlər etməsidir. Lakin indiyə qədər həmin binaların inşasının tamamlanmaması üzündən vətəndaşlar pulunu verib aldıqları mənzillərə köçə bilmirlər.

Bu da onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Problem isə təkcə bununla bitmir. Yarımçıq binaların, eləcə də fərdi mənzillərinin inşasının uzun müddət tamamlanması onları həm də potensial təhlükə mənbəyinə çevirir.

Məsələ burasındadır ki, qış fəslində soyuq və şaxtalı hava, yağan yağış və qar bir çox hallarda belə binaların dayanıqlığına ciddi təsir göstərir, onların ömrünü qısaldır. Bu da onların aşınması sürətləndirir, uçub dağılma ehtimalını artırır. Əksər ekspertlər də qeyd edir ki, yağış və qar yarımçıq tikililərin istismar müddətinin azalmasına, onun keyfiyyət göstəricisinin aşağı düşməsinə gətirib çıxarır. Bu səbəbdən yarımçıq bina probleminin həllinin sürətləndirilməsi olduqca vacibdir. Qeyd edək ki, əvvəlki illərdə Bakıda bir bloklu 16 mərtəbəli binanın tikilib sona çatdırılması dövrü 18-24 aya başa gəlirdi. Praktikada da normativ qaydalara uyğun olaraq, tikintinin başa çatdırılması 18-22 ay arasında dəyişir. Amma indi paytaxtda elə tikintilər var ki, orada prosesə başlanmasından 60 ay və bəlkə daha çox müddət keçib, lakin tikinti başa çatmayıb.

Digər tərəfdən inşası başa çatan, lakin satılmayan mənzillər də aşınmaya məruz qalır. Daşınmaz əmlak üzrə ixtisaslaşan "MBA" konsaltinq şirkətinin kosmik peyk çəkilişlərinə əsasən apardığı araşdırmaya görə, Bakıda təxminən 1064 ədəd yeni tikilmiş bina var. Şirkətin mütəxəssislərinin dediyinə görə, bu binaların hər birində orta hesabla 100 mənzil var. Bəzi binalarda mənzillərin çoxu satılsa da, bir çox binalardakı mənzillərin təxminən 70 faizi boşdur. "MBA" konsaltinq şirkətinin mütəxəssislərinin araşdırmasına görə, orta hesabla Bakıda yeni tikilmiş mənzillərin 40 faizi, yəni təxminən 4 minə qədər mənzil boşdur.

"MBA" konsaltinq şirkətinin rəhbəri, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun bildirdiyinə görə, sakinlərlə tam məskunlaşmayan binaların əksəriyyəti fiziki və mənəvi aşınmaya məruz qalırlar: "Binaların fiziki aşınmasının ləngidilməsi üçün onlarda sabit temperatur olmalıdır. Ümumiyyətlə, bina böyük konstruksiyadır, soyuduqda və qızdıqda metal konstruksiyaları deformasiyaya uğrayır. Onda mikroçatlar yaranır, çöl tərəfdən suvağı, rəngi, üzlükləri tökülür. Armaturlarda korroziya yaranır, beton armaturdan aralanmağa başlayır. Bununla da bina tez sıradan çıxır. Əgər layihəyə görə, binanın istismar müddəti 150 il nəzərdə tutulurdusa, belə olan halda o, 60-70 ildən sonra sökülməli olur. Yəni binada mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə azalır".

N.İbrahimovun fikrincə, binalarda mərkəzi istilik sisteminin olması mütləqdir: "Əksər xarici ölkələrdə binalarda mərkəzi istilik sistemi var və temperatur sabit saxlanılır. Bu, həm də enerjiyə qənaət məqsədi güdür, çünki ayrı-ayrı adamlar mənzillərini özləri qızdırır və bu mənzil başına daha çox enerji sərf edilir".

Qeyd edilənlər fonunda isə hesab olunur ki, tikinti şirkətlərinin boş qalmış mənzilləri satması üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirməsi vacibdir. Yarımçıq binaların inşasının tamamlanmasında mühüm şərtdir. Onu da bildirək ki, qonşu Rusiyada yarımçıq binalar məsələsini həll etmək üçün sahibkarların üzərinə bir sıra öhdəliklər qoyulması planlaşdırılır. Belə ki, Moskva meriyasına görə yarımçıq binaların sahibləri həmin obyektləri üç il ərzində tamamlamasalar, məhkəmə hökmü olmadan belə, həmin binalar hərraca çıxarılacaq. Hələlik belə bir qanun Moskva dairəsinə şamil edilib. Ekspertlər belə bir addımın ölkəmizdə də atılmasını məqbul bilir. Qeyd edilir ki, Azərbaycanda da daşınmaz əmlak sahibi yarımçıq tikintini müəyyən edilmiş müddət ərzində başa çatdırmadığı təqdirdə tikilinin onun əlindən alınması kimi tədbirə əl atılması mümkündür. Ölkəmizdə də əslində belə bir normativ var. Əvvəllər fərdi yaşayış evlərinin tikintisinə icra hakimiyyəti tərəfindən sərəncam veriləndə qeyd olunurdu ki, üç il müddətinə ev tikilib təhvil verilməlidir. Lakin yaxşı olardı ki, şəhərsalma və inşaat haqqında yeni qanun qəbul olunanda burada Rusiyada qəbul olunan qanuna oxşar bir maddə də öz əksini tapsın. Bunun baş verməsi ölkəmizdə də uzunömürlü yarımçıq tikililərin sayının azalmasına gətirib çıxarardı. Belə olarsa, indi yarımçıq qalan əksər binalarda tezliklə tikilib başa çatdırılar.
Sizin Reklam Yeriniz