Əlaqə Arxiv
news Image
2012.12.28
07:29
| A A A
"Heç bir ölkədə qanun jurnalisti və ya hüquq müdafiəçisini cinayətdən sığortalamır"
Əli Həsənov: "İqtisadi rentabellik baxımından da Qəbələ RLS-in saxlanması üçün əsas yox idi"

"Demokratiya fundamental dəyərlər sistemi kimi müasir Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat normalarının və vətəndaş cəmiyyətinin əsas prinsiplərinə çevrilib".

Bu fikirləri Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. 

PA rəsmisi bildirib ki, ölkədə insan hüquq və azadlıqları, söz və məlumat, ifadə azadlığı, təmin olunub, mətbuatın və vətəndaş cəmiyyəti institutlarının inkişafına dövlət səviyyəsində dəstək göstərilir, onlar cəmiyyətin aktual məsələlərinin həllinə cəlb olunurlar: "Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə hər il QHT və KİV-lərin müxtəlif layihələrinin maliyyələşdirilməsinə on milyonlarla manat vəsait xərclənir. Gələn ildən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanacaq. Bu gün Azərbaycanda 55 siyasi partiya, 2700-dən çox QHT qeydiyyatdadır, 4800-ə yaxın KİV uçota götürülüb və ya qeydə alınıb. Azərbaycanda internet, media və informasiya fəaliyyəti tam azaddır, jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və yaymaq imkanına malikdirlər".

Əli Həsənovun sözlərinə görə, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dövlət vəsaiti hesabına jurnalistlərin sosial müdafiəsini gücləndirmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün tədbirlər görülür: "Dövlətin vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına bu qədər diqqət və qayğısı olan bir ölkədə mətbuatın, demokratik azadlıqların, insan haqlarının məhdudlaşdırıldığını iddia etmək heç kimə baş ucalığı gətirməz və gətirmir də. Hesab edirəm ki, insan hüquq və azadlıqları mövzusu müəyyən xarici antiazərbaycan dairələrin ölkə daxilindəki bəzi antimilli qruplarla birgə Azərbaycana qarşı təzyiq məqsədilə reallaşdırdığı kampaniyadır. Bu kampaniyanın sifarişçiləri, icraçıları və əsas aktorları artıq cəmiyyətə məlumdur. Azərbaycan cəmiyyəti belə yalançı və subyektiv hüquq müdafiəçilərinə inanmır və onları dəstəkləmir".

Əli Həsənov hazırda əhalinin 70 faizinin internet istifadəçisi olduğunu deyib: "Azərbaycanda hər yüz nəfərə 20-dən artıq müasir kompüter düşür. İnternet xidmətlərindən istifadə haqları son 3 ildə 10 dəfədən çox azalıb və region ölkələrindəki tariflərdən aşağı salınıb. Bu gün 9 milyon əhalisi olan ölkədə bir milyona yaxın Facebook istifadəçisi, minlərlə bloqqer fəaliyyət göstərir. Gələn ilin əvvəlində Azərbaycan özünün süni peykini kosmosa çıxarmağa hazırlaşır".

PA rəsmisin təəssüflə qeyd edib ki, "Freedom House", "Article XlX", "Human Rights Watsh", "Amnistey İnternational", "Sərhədsiz Reportyorlar" kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər: "Əgər onlar üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, o zaman Avropa ölkələrində polisin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Nəyə görə 2011-ci ildə Böyük Britaniyada 2000-ə yaxın insanın həbsi, bloqqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demirlər? Nyu-Yorkda "Uoll striti zəbt et!" kampaniyasının, Hamburqda şaxtaçıların etirazının, Yunanıstan, İspaniya və digər ölkələrdə böhranla əlaqədar keçirilən aksiyaların necə qəddarlıqla dağıdıldığını, insanların atların ayağı altına atıldığını görmürlər?"

Əli Həsənov bildirib ki, heç bir ölkədə qanun jurnalisti və ya hüquq müdafiəçisini cinayətdən sığortalamır və ya onlara digər vətəndaşlardan artıq imtiyaz vermir: "Ancaq Azərbaycanda jurnalist vəsiqəsi arxasında gizlənərək konkret cinayət törətmiş insanlar dərhal siyahılara daxil edilir və onlardan az qala "qəhrəman" obrazı yaradırlar. Belə qərəzli yanaşmanın nəticəsidir ki, 2010-cu ildə "Article XlX" təşkilatının koordinatorluğu ilə "beynəlxalq əməkdaşlıq qrupu" adlı bir qondarma qurum yaradılıb və Azərbaycana qarşı bədnam kampaniya həyata keçirir. "Eurovision-2012" ərəfəsində həmin qrupun Avropa Şurasında döymədiyi qapı qalmadı, Avropa ölkələrində Azərbaycanın səfirlikləri qarşısında aksiyalar təşkil etdi. Məqsəd əlbəttə ki, heç də Azərbaycanda insan haqlarının qayğısına qalmaq deyildi. Onlar konkret sifariş yerinə yetirərək müsabiqəni siyasiləşdirməyə, dünya ictimaiyyətinin diqqətini uydurma məsələlərə yönəltməyə çalışırdılar. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycana qarşı təşkil edilən kampaniyaların arxasında duran qüvvələri dəfələrlə ifşa edib. Onlar erməni lobbisi, onun təsirində olan bəzi riyakar, rüşvətxor siyasətçilər, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən və sadəcə ölkəmizin inkişafını həzm edə bilməyən dairələrdir".

Sizin Reklam Yeriniz