Əlaqə Arxiv
news Image
2013.01.09
06:52
| A A A
“Rüstəm İbrahimbəyovun siyasi açıqlamalarında bir naşılıq görürəm”
“Onun kürəyinin arxasından Eldar Namazovun kölgəsi görünür”

Məlumat verildiyi kimi, Ziyalılar Forumunun təmsilçilərindən olan Rüstəm İbrahimbəyov ötən il dekabrın 30-da Moskvadan Bakıya qayıdan zaman aeroportda saxlanılıb. Rüstəm İbrahimbəyov bunu özünə qarşı siyasi xarakterli təzyiq hesab etdiyini də bildirib.

"Media forum" saytına müsahibəsində bu məqama toxunan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib: "Rüstəm İbrahimbəyov bəlli bir sahə ilə məşğul olan insandır, həmin sahədə müəyyən uğurları da olub, yaxşı ssenarilər də yazıb, filmlər də çəkib, amma keçmişdə yazdığı yaxşı ssenarilər, çəkdiyi yaxşı filmlər heç vaxt əsas vermir ki, o, Azərbaycan ziyalılarının adından, yaxud Azərbaycan xalqı adından danışsın. Rüstəm İbrahimbəyov yalnız öz adından danışa bilər. Aeroportda baş vermiş hadisəyə gəlincə, mən onu insident də adlandırmıram. Aeroportda VİP-dən də keçmək olar, adi vətəndaşların keçdiyi xətlə də keçmək olar, ləngimək də olar, bunlar təbii prosedurdur, bunu şişirtmək üçün gərək Rüstəm İbrahimbəyov xarakterli adam olasan. Bu kimi problemlərlə həm xaricdə, həm daxildə hər kəs qarşılaşır.

O ki qaldı Rüstəm İbrahimbəyovun bir siyasətçi kimi danışmasına, yaxud ziyalıların adından danışmasına, birinci onu deyim ki, burda naşılıq görürəm. Məsələn, o, deyir ki, bu seçkidə mütləq şəkildə prezident dəyişəcək. Mütləq şəkildə prezidentin dəyişməsini yalnız Azərbaycan seçicisi müəyyən edir, xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir seçkiyə ehtiyac olmazdı. Ümumiyyətlə, onun siyasi açıqlamalarında bir naşılıq görürəm. Düzdür, Rüstəm İbrahimbəyovun kürəyinin arxasından Eldar Namazovun kölgəsi görünür. Çünki onun son açıqlamaları buna hesablanıb ki, Eldar Namazov prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov olacağı, yaxud kimin olacağı təqdirdə biz onların irəli sürülməsi proseduru, kimlər tərəfindən irəli sürülməsi məsələsinə münasibət bildirməyi özümüzə rəva bilmirik. Yalnız seçki günü Azərbaycan seçicisi müəyyən edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə addımlayacaq. Hansısa Ziyalılar Forumu adından çıxış edən kinorejissor, ya da keçmişdə hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə siyasətlə məşğul olan bir siyasətçi, yaxud hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu müəyyən etmir. Əlbəttə, biz hamımız çalışırıq ki, xalqın etimadını qazanaq, onun içərisinə gedək. Bəyan edirlər ki, rayonlarda camaatla görüşürük, camaat narazıdır. Halbuki o insanları rayonlarda heç kim görməyib və heç bir görüşünü kimsə müşahidə etməyib. Amma danışırlar da, hər halda öz emosiyalarını bu şəkildə ifadə edirlər. Bunların isə heç bir real əsası yoxdur".
Sizin Reklam Yeriniz