Əlaqə Arxiv
news Image
2013.01.09
07:08
| A A A
1992-ci ildə banklara qoyulan əmanətlərin qaytarılması yenidən gündəmdədir
Həmin ildə qoyulan əmanətlər də sahiblərinə qaytarıla bilər

Ötən il ərzində ən çox diqqət cəlb edən və geniş əhali kütləsi tərəfindən razılıqla qarşılanan əsas məqamlardan biri də sovetlər dönəmində banklara qoyulan əmanətlərin geri qaytarılması ilə bağlı oldu. Artıq 2012-ci ildə 1 milyon 400 mindən çox əmanətçiyə 550 milyon manatdan artıq vəsait ödənilib.

"Kapital Bank"ın İdarə Heyətinin sədr müavini Araz Əliyevin sözlərinə görə, əmanətlərini almış əhali qrupundan əlavə 40 minə yaxın vətəndaşın da sənədləri artıq hazırdır, amma onlar hələlik əmanətlərini almağa tələsmir. Bank rəsmisi onu da bildirib ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşı olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərmandan irəli gələn tapşırıqların icrası bu il də davam etdiriləcək.

Araz Əliyev onu da bildirib ki, öz ərizələrini bankın ərazi məntəqələrinə verən vətəndaşlar yanvar ayının 7-dən birdəfəlik ödəmələrini almaq üçün bankın həmin rayonun ərazisində yerləşən struktur bölməsinə müraciət edə bilərlər. Qeyd edək ki, müvafiq fərmana əsasən bu proses 2013-cü ilin dekabr ayının 31-dək davam etdiriləcək. Bu proses Prezident İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 2012-ci 14 mart tarixli fərmanına əsasən həyata keçirilir. Sərəncamda İndeksasiya aparılan zaman rubulun manata məzənnəsi, (yəni 10 rublun 1 manata məzənnəsi) və eləcə də denominasiyası yəni 1 yeni manatın 5 min köhnə manata asılılığı nəzərə alınıb. Bu baxımın əmanətlərin rubula həcminə görə indeksasiya olunub. Ümumilikdə SSRİ banklarında vətəndaşların əmanətləri ən çoxu 100 min rubl təşkil edir. İndeksasiya sistemini digər ölkələrlə müqayisə etsək, ABŞ dolları ilə götürsək, Azərbaycanda SSR banklarında vətandaşlara qaytarılan vəsaitlər, Orta Asiya və eləcə də Ukrayna, Molldova ilə müqayisədə daha yüksək hesab olunur. Yalnız Rusiyada birinci mərhələdə qaytarılan vəsaitlərin həcmindən aşağı hesab olunur. İqtisadçı ekspertlər hesab edib ki, Azərbaycan MDB-də Rusiya istisna olmaqla, Sovet dövründə batmış əmanətləri yüksək əmsalla qaytaran ikinci ölkədir.

Lakin cəmiyyətdə xüsusi maraq dairəsində olan məsələlərdən biri də 1992-ci ildə banklara qoyulan əmanətlərin geri qaytarılmasının mümkünlüyü ilə bağlıdır. Əvvəlcədən işlənib hazırlanmış və bu gün həyata keçirilən qaytarılmalar isə Əmanət Bankına 1 yanvar 1992-ci ilədək olan məbləğin indeksikasiyasını nəzərdə tutur. Lakin belə fikirlər səslənir ki, 1992-ci ildə də Əmanət Bankına vəsaitlər yatrılıb. Digər tərəfdən manat Azərbaycanın pul vahidi kimi 15 avqust 1992-ci ildən dövriyyəyə buraxılıb. Onlar sovet rublu ilə deyil, 1992-1993-cü illərdə Rusiya Bankının nəşr etdiyi rubllarla paralel dövriyyədə idi. Yalnız 22 noyabr 1993-cü ildə sovet və Rusiya pulları dövriyyədən çıxarıldı, 1 yanvar 1994-cü ildən sonra Azərbaycan manatı ölkə ərazisində yeganə ödəmə vəsaiti oldu. O zamanadək xeyli adam pullarının qorunacağını və inflyasiyanın onlara xətər yetirməyəcəyini düşünərək, Azərbaycan Əmanət Bankına vəsait qoyurdular. Bu səbəbdən həmin vəsaitlərin qaytarılması məsələsi də gündəmdədir.

Araz Əliyev də hələ ötən ay belə bir fikir səsləndirmişdi ki, 1992-1993-cü illərdə əmanəti olan vətəndaşların pullarının ödənilməsi isə gələcəkdə mümkün ola bilər.

Milli Məclisin üzvü Vahid Əhmədov isə bu günlərdə bildirib ki, məsələ ilə bağlı parlamentdə müzakirələrə başlanılıb və 1992-ci il yanvarın 1-dən sonra qoyulan əmanətlər sahiblərinə qaytarıla bilər. 1992-ci ilədək olan əmanətlər qaytarıldıqdan sonra yeni mərhələ üçün monitorinqlər aparıla bilər. Millət vəkili blidirib ki, dövlətin bu günkü iqtisadi resursları buna imkan verir. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 46,5 milyard dollara çatıb. Ehtiyatilarımız ümumdaxili məhsul istehsalının 70 faizinə çatmaqla, xarici dövlət borcunu 9 dəfə üstələyib. Bu göstərici üzrə ölkəmiz dünyada ilk 15-likdədir. Mərkəzi Bankın valyuta ehtiyyatları isə ilin əvvəlindən 14 faiz artaraq 12 milyard dollara yaxınlaşıb. Bank 2013-cü il üçün valyuta ehtiyyatlarının idarə edilməsinin yeni strategiyasını hazırlayıb. Yeni strategiya mövcud qlobal iqtisadi böhran şəraitində ehtiyatların, maliyyə alətlərinin və coğrafi strukturun diversifikasiyasını nəzərdə tutur. Digər tərəfdən valyuta ehtiyatlarının həcmi 1992-ci ildə də banklara yatırılan əmanətlərin geri qaytarılmasını mümkün edir.

"Kapital Bank" ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov isə məsələ ilə bağlı qeyd edib: "Postsovet ölkələrindən heç birində 1 yanvar 1992-ci ildən sonrakı dövrə aid əmanət qalıqlarına görə hər hansı indeksləşdirmənin aparılması təcrübəsi mövcud deyil. O dövrdə baş verən güclü inflyasiya səbəbindən 1 yanvar 1992-ci ildən sonra həmin pullar qısa müddət ərzində dəyərdən düşdüyündən bu əmanətlər bankda qalmışdı. Lakin nə Əmanət Bankının, nə də hazırda həmin bankın hüquqi varisi sayılan Kapital Bankın fəaliyyəti dövründə bu əmanət qalıqlarının götürülməsində heç bir məhdudiyyət yox idi. Vətəndaşlar istənilən vaxt Kapital Bankın müvafiq filialına müraciət etməklə öz əmanət qalıqlarını ala bilərdilər. 1 yanvar 1992-ci ildən 2012-ci ilin martına qədər olan dövr ərzində əmanətçilərin müraciətləri əsasında minlərlə hesabın bağlanması da elə buna nümunədir. Keçmiş Əmanət Bankında 1 yanvar 1992-ci ildən sonra açılmış hesablardakı qalıqlara fərdi birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu deyil".
Sizin Reklam Yeriniz