Əlaqə Arxiv
news Image
2013.01.11
07:23
| A A A
Turizm sektoru ilə xaricə axan milyonlar
Vüqar Bayramov: “Ölkə daxilində turizm xidmətlərinin qiymətinin baha olması vətəndaşların xaricdə istirahət etməsinə gətirib çıxarır” Elxan Vəliyev: “Xariclə müqayisə etsək, Azərbaycanda istirahət növləri azdır”

Son illər Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət yetirildyi özünü qabarıq formada büruzə verməkdədir. Turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" tədbirlər planı var.

İşlərin nəticəsi olaraq 2011-ci il "Turizm ili" elan edilməsi ilə yanaşı, hazırda ölkə üzrə otellərin sayı 500-dən artıqdır. Məlumatlara görə, 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb. Bu artım təxminən 7-10 faiz təşkil edib. Amma araşdırmalar göstərir ki, ötən il müddətində xaricə gedən azərbaycanlı turistlərin də sayı az olmayıb və onlar xaricdə 600 milyon dollardan artıq pul xərcləyiblər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bu qədər vəsait xərclənməsini onunla izah edir ki, bu, ilk növbədə Azərbaycanda əhalinin gəlir səviyyəsinin artması ilə bağlıdır: "Əhalinin gəlir səviyyəsinin artması onların turist kimi digər ölkələrə gedərək daha çox vəsait xərcləmələrinə şərait yaradır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların bütövlükdə gəlirlərinin təxminən 65 faizi istehlak məhsullarının alınmasına yönəlir. Digər səbəb isə onunla bağlıdır ki, xarici ölkələrdə - qonşu Türkiyə və Gürcüstanda turizm obyektləri daha ucuz və Azərbaycanla müqayisədə daha keyfiyyətli turizm xidməti təklif edir. Vətəndaşlarımızın da bir qismi ölkə xaricinə getməkdə maraqlıdırlar. Çünki, məsələn, Gürcüstanda yol xərcləri də daxil olmaqla 5 günlük istirahət etmək, Azərbaycan daxilində 5 gün istirahət etməkdən təqribən 2 dəfə ucuzdur. Vətəndaş xaricə getməklə həm ucuz istirahət əldə edə bilir, həm də xarici ölkəni görmüş olur. Odur ki, ölkə daxilində turizm xidmətlərinin qiymətinin baha olması vətəndaşların xaricdə istirahət etməsinə gətirib çıxarır. Eyni zamanda orta və gəlirləri yüksək olan vətəndaşlarımız əsasən Avropa ölkələrində dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, orada istirahət etmək nisbətən bahalıdır. Amma bütün hallarda həm həmin ölkəni görmək, həm də daha yaxşı istirahət etmək məqsədi ilə ora gedirlər. Odur ki, Azərbaycan çalışmalıdır ki, yerli turistlərin böyük bir qismini ölkə daxilində saxlasın. Çünki, vəsaitin ölkədən kənara çaxmasındansa, daxilində qalması daha məqsədəuyğundur. Amma təəssüf ki, turizm obyektləri qonşu ölkələrlə rəqabətdə uduzurlar".

Turizm sahəsi üzrə ekspert Elxan Vəliyev də əsas səbəb olaraq qiymətlərin yüksək olmasını vurğuladı: "Yəni, xaricdə istirahət daha ucuz qiymətə baş gəlir. İkinci amil isə odur ki, insanlar ən çox brendlərə üstünlük verirlər. Bizdə həmin brendlərdən yoxdur. Üçüncüsü, mövsümlə bağlı endirimlərdir ki, orada həm bu endirimlərdən, həm də müxtəlif istirahət növlərindən yararlanmaq olur. Xariclə müqayisə etsək, Azərbaycanda istirahət növləri azdır. İnsan da pul xərcləyirsə, ona uyğun xidmət növü axtarır. Fərqli xidmət növləri də daha çox xaricdə reallaşıb. Amma səssizliyi də istirahət növü kimi xoşlayanlar da var. Məsələn, səssiz təbiət qoynunda. Bu, Azərbaycanda da mümkündür. Lakin fərqli əyləncələr axtaranlar xaricə üz tuturlar. İstirahətçilərin isə əsasən 90 faizi səssizliyi yox, özəlliyi seçirlər. Bundan başqa xaricdə hansısa tanınmış markanın qiyməti dollarladırsa, bizdə o, eyni nominallı manatladır. Əlavə olaraq təbii ki, tanınmış brendlərə çox endirim olmasa da bəzi brendlərdə endirimlər edilir. Bizdə isə o endirimləri tətbiq etmirlər. Yəni, xaricdə 50 faiz tətbiq olunursa, bizdə 20 faiz göstərilir. Bu baxımdan da qiymət yetərincə özünü göstərmiş olur".

Ekspert onu da bildirdi ki, xaricdə turizm şirkəti, müştəri və agent var: "Turizm şirkəti müəyyən endirimlə kooperativ qiyməti agentdən götürür. Müştəri üçün də ayrı qiymət söylənilir. Amma təəssüflər olsun ki, bu, Azərbaycanda mümkün deyil. Müştəriyə nə qiymət deyilirsə, agentlərə də eyni qiymət deyilir. Azərbaycanda xidmət növləri ortaya qoyulmalıdır ki, maraq dairəsi böyüsün. Bunlara görə, Azərbaycanda istirahət edənlərin sayı az olur".
Sizin Reklam Yeriniz