Əlaqə Arxiv
news Image
2013.01.15
07:42
| A A A
İnsan orqanlarının bazasının yaradılması aktuallaşır
Əliməmməd Nuriyev: “Nəticədə resipiyentin daha tez orqan tapa bilməsinə şərait yaranacaq” Mircəlal Kazimi: “Hazırda bizdə donor bazasının yaradılmasına böyük ehtiyac var”

Məlumdur ki, 1999 - cu ildən etibarən Azərbaycanda "İnsan orqan və ya toxumalarının transplantasiyası" haqqında qanun mövcuddur. Ən əsası isə mövcud qanunun 17-ci maddəsində insan orqan və (və ya) toxumalarının alqı - satqısının yolverilməzliyi göstərilib. Yəni, orqanların verilməsini şəxs və ya varisi məcburetmə yox, könüllü şəkildə həyata keçirməlidir. Bu bizneslə məşğul olmaq insan alveri kimi qiymətləndirilir və cinayət məsuliyyəti daşıyır.

Bundan başqa o da danılmaz həqiqətdir ki, hazırda orqan transplantasiyası üçün xaricə üz tutan vətəndaşlarımız da az deyil. Sözügedən sahədə donorların tapılmasının çətinliyi isə əsas problemlərdən biri olaraq qalmaqdadır. Qeyd edilən kontekstdə belə təkliflər səsləndirirlər ki, donor və orqana ehtiyacı olanların (resipiyent) bazaları yaradılsın. Belə banklar xarici ölkələrdə mövcuddur.

Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, bizdə donorluq institutu könüllüdür: "Hər kəs alqı - satqı müqaviləsi olmadan könüllü şəkildə öz orqanlarını kiməsə verə bilər. Azərbaycanda orqan transplantasiyası ilə bağlı müvafiq qanunvericilik var. Həmin qanunvericiliyin tələblərinə uyğun olaraq bu bazalar yaradıla bilər. Həmçinin, hazırda çoxlu sayda buna ehtiyacı olan insanlar da var. Ona görə də həm donor, həm də ehtiyacı olanların bazalarının yaradılması vacib şərtdir. Bu da nəticədə resipiyentin daha tez orqan tapa bilməsinə şərait yaradacaq. Dünyanın bir çox ölkəsində həm donor, həm də ehtiyacı olanların bankı var. Bizdə də həmin banklar yaradılsa, uzlaşma məsələsi asanlaşar".

Hüquqşünasın sözlərinə görə, bu cür bazalar yaradılanda bəzi sui - istifadə hallarının ortaya çıxma ehtimalı var: "Bəzən bunun altında müxtəlif alqı - satqı müqavilələri, bəzi şəxslərin bu prosesə məcburən cəlb edilməsi də ola bilər. Ona görə də bu məsələdə son dərəcədə ehtiyatlı olmaq şərtdir. Eyni zamanda hər bir halda donor bankı donorlardan müvafiq suallara cavab almalıdır. O, suallara cavab verilməli və imza etməlidir. İş elə qurulmalıdır ki, həmin şəxslər heç bir təzyiq görmədən donorluluğu qəbul etsinlər. Kiminsə, donor bazasına ehtiyat olaraq düşməsi üçün hüquq və vəzifələri müəyyənləşdirilməlidir. Donor hüquq və vəzifələrini bilməlidir. Bunlar elan olunmalıdır. O, müvafiq sənədlər imzalamalıdır. Əsasən də onun könüllü olması və burada alqı - satqının olmaması məsələsi göstərilməlidir. Çünki, bizdə qanunvericilik orqanların alınıb - satılmasını qadağan edir. Çünki, bir çox insanlar belə bir biznesi formalaşdıra bilərlər. Ümumiyyətlə, bu biznes qeyri - qanuni sayılır. Bununla bağlı müvafiq institutisional təchizata da ehtiyac var. Bazadakılar isə şəxsi məlumatlar sayıldığından onların məxfiliyi qorunmalıdır. Bankda hansı orqanların olması göstərilə bilər. Amma bu orqanların kimə məxsusluğu ilkin mərhələdə qorunmalıdır".

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazimi isə bildirir ki, ümumiyyətlə, hazırda dünya praktikasında canlı orqan bazası mövcud deyil: "Sadəcə, beyin ölümü olan insanlarda orqan bağışlama hadisələri var. O da ki, hələ bizdə tam oturuşmayıb. Yəqin ki, yaxın gələcəkdə bu məsələlər həll yolunu tapacaq.

İnsanların da orqan dalınca xaricə üz tutmasında səbəblər çox ola bilər. Onlar azaddırlar. Dünyanın hər yerində müalicə də ala, həkim də seçə bilərlər. Amma qeyd edim ki, hazırda bizdə donor bazasının yaradılmasına böyük ehtiyac var. Çünki, bu gün Azərbaycanda orqan transplantasiyasına ehtiyac duyan xəstələr kifayət qədər çoxdur. Həmçinin, işin bu şəkildə təşkil olunması üçün dövlət də, Səhiyyə Nazirliyi də bu istiqamətdə işlər aparır. Yəni, beyin ölümü olmuş insanlardan orqan bağışlanmamalıdır. Bunların bazası ola bilməz. Beyin ölümü həyat keçmiş insanın yaxınları və ya həmin insan sağlığında orqanlarını bağışlamalıdır. Bağışlamaq şərt daxilində ola bilər".
Sizin Reklam Yeriniz