Əlaqə Arxiv
news Image
2013.01.17
07:38
| A A A
Sosial mənzillərin inşası problemə çevrilib
Qanunvericilikdə belə mənzillərin olması öz əksini tapsa da, onların nə vaxt inşa ediləcəyi hələ məlum deyil

Ölkədə inşa edilən yeni tikililərlə bağlı araşdırmalar göstərir ki, onların sahəsi böyük olduğundan heç də mənzilə ehtiyacı olan insanların hamısı ev ala bilmir. Çünki, evlər satılarkən onun qiyməti hər kvadratmetrinə uyğun hesablanır. Bu səbəbdən xaricdə olduğu kimi Azərbaycanda da sahəsi kiçik olan mənzillərin inşası zəruri sayılır.

Qeyd edək ki, Azərbaycanda yaşayış binalarında mənzillərin sahəsi ilə bağlı müəyyən standartlar mövcuddur. Bu standartlar isə mənzilin sahəsinin aşağı həddini müəyyən edir. Məsələn, Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən, mənzillərin döşəmədən tavana qədər hündürlüyü ən azı 2,5 metr, bir otaqlı mənzillərdə ümumi otağın sahəsi ən azı 14 kvadrat metr, 2 və daha çox otaqlı mənzillərdə ümumi otağın sahəsi ən azı 16 kvadrat metr, digər otaqlar və mətbəxin sahəsi isə azı 8 kvadrat metr olmaldır. Yaşayış binalarının layihələri ekspertizadan keçirilərkən Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsində bu və digər normalara əməl edilməsinə nəzarət edilir. Yeni inşa edilən mənzillərdə isə sadalanan göstəricilər hər zaman daha böyük rəqəmlərlə ifadə olunur.

Qeyd edildyi kimi isə əksər inkişaf etmiş ölkələrdə daha az təminatlı ailələr nəzərə alınaraq çox kiçik sahəli mənzillər tikilir. Bəzi ölkələrdə bu evlərə bələdiyyə evlər deyilir. Lakin hələ ki, ölkəmizdə tikinti şirkətləri bu cür mənzillər tikmir. Lakin sosial evlər inşa olunarkən onların məhz bu göstəricilərə uyğun olması gözlənir. Xatırladaq ki, yaxın gələcəkdə ölkəmizdə aztəminatlı ailələr üçün mənzillərin sosial icarəsi mümkün olacaq. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova da bu günlərdə bildirmişdi ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycanda azgəlirli şəxslər üçün sosial mənzil icarəsi tətbiq ediləcək ki, bu da ölkədə kasıb ailələrin mənzil təminatı məsələsinin həllində ciddi addım olacaq.

Qeyd edək ki, Azərbaycanın Mənzil Məcəlləsində sosial icarə vasitəsilə mənzil almaq üçün əsas şərtlər öz əksini tapıb. Sosial kirayə müqavilələri dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri əsasında bağlanacaq. Ancaq reallıq ondan ibarətdir ki, fondda bu qədər mənzil yoxdur. Digər tərəfdən belə mələ sosial mənzillərin nə vaxt inşa ediləcəyi də hələ məlum deyil. Ekspertlərin fikrincə, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. Belə ki, torpaqların bir hissəsi tikinti şirkətlərinə verilə bilər. Bunun əvəzində bələdiyyələr sosial kirayə üçün nəzərdə tutulan mənzilləri götürə və uzunmüddətli daimi qazanc əldə edə bilərlər. Lakin bu layihənin qısa zamanda gerçəkləşməsi real görünmür. Digər ölkələrin təcrübəsi İSƏ göstərir ki, sosial mənzil fondunun formalaşması üçün büdcədən tikinti üçün vəsait ayrılmalıdır və özəl şirkətlər tərəfindən bu tikilərək dövlətə təhvil verilməlidir. Bu mənzillər müvafiq dövlət qurumunun balansına verilməlidir. İqtisadçı-ekspertlərin fikrincə, bu binaların ayrıca mikrorayonlar şəklində salınması onların idarə edilməsini asanlaşdırmaqla yanaşı, həm də şəhərsalmada proporsional inkişafı təmin edə bilər.

Eksperlərin fikrincə, sosial mənzillər az təminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər. Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evlər uzun müddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətirafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra mənzilə sahib olur.

Məlumat üçün bildirək ki, sosial kirayə təcrübəsinin ilk Qonkonqda tətbiq edilib. 1953-cü ildə 53 min adamın yaşadığı Şek Kip Mi gecə qondu məhəlləsində yanğın olub. Hakimiyyət onlar üçün yeni evlər tikərək uzunmüddətli (təxminən 10 il) kirayə müqavilələri bağlayıb və bu müqavilələrdə müştərinin istəyi ilə uzadılmaq imkanı da qeyd edilib. Həmin evlərdən alınan kirayə haqqı kirayə bazarındakından 10 dəfə aşağı olub. Həmin vaxt Qonkonqda evlərin orta kirayə haqqı 100 dollar olduğu halda Şek Kip Mi sakinləri ilə bağlanan müqavilələrdə aylıq kirayə qiyməti 10-14 dollar təşkil edirmiş. Qonkonqun həmin məhəlləsində yaşayanlar üçün kirayə qiymətlərindəki fərq indi də davam edir. Nəsillər dəyişsə də, bir çox ailələri həmin vaxt aldıqları mənzillərdə qalmaqda davam edirlər. Yəni əhali üçün çox əlverişli varinatdır.
Sizin Reklam Yeriniz