Əlaqə Arxiv
news Image
2013.01.17
07:57
| A A A
Bakının qiyməti "od tutub yanan" mənzilləri
Vüqar Bayramov: “Bakıda mənzillərin qiyməti Çexiya paytaxtı Praqa ilə müqayisədə 40 faizə yaxın artıqdır” Zöhrab İsmayıl: “İnsanlar əllərində olan pulları ilk növbədə daşınmaz əmlaka yatırırlar”

Araşdırmalar göstərir ki, MDB ölkələri içərisində ən bahalı daşınmaz əmlak qiymətlərinin olduğu respublikalardan biri də Azərbaycandır. Sosial - iqtisadi vəziyyətinə görə uyğun şəhər və rayonlarını müqayisə etdikdə Azərbaycanda daşınmaz əmlakın qiyməti hətta Türkiyədən də yüksəkdir. Burada yalnız Moskvadakı və rusiyanın bir sıra digər iri şəhərlərindəki mənzillərin qiyməti ilə müqayisədə ucuzluq müşahidə etmək olar. İqtisadçılar isə ölkəmizdə daşınmaz əmlakın qiymətinin yüksək olmasını ilk növbədə neft gəlirləri ilə izah edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Bakıda mənzillərin qiyməti tək MDB ölkələri ilə müqayisədə yüksək deyil: "Eyni zamanda digər Avropa ölkələri ilə müqayisədə Bakıda mənzillərin qiymətinin yüksək olması nəzərə çarpır. Bakıda mənzillərin qiyməti Çexiya paytaxtı Praqa ilə müqayisədə 40 faizə yaxın artıqdır. Bakıdakı evlərin qiyməti Almaniyanın paytaxtı Berlinlə təxminən eynidir. Baxmayaraq ki, Almaniyada orta əmək haqqı Azərbaycanla müqayisədə təxminən 6 dəfə çoxdur".

Ekspert bildirir ki, adətən neft ölkələrinin paytaxtlarında daşınmaz əmlakının qiyməti yüksək olur: "Eyni zamanda digər məqam onunla bağlıdır ki, Azərbaycanda daşınmaz əmlaka uzunmüddətli investisiya kimi baxılır. Hələ də Azərbaycan vətəndaşlarında belə bir düşüncə var ki, pulu saxlamaq üçün ən yaxşı vasitələrdən biri daşınmaz əmlakın alınmasıdır. Hətta monitorinqlərə görə, Bakıda elə ailələr var ki, onların sahib olduğu mənzillərin sayı ikirəqəmlidir. Bu da tələbatın artmasına təsir göstərən faktorlardandır. Bundan başqa Bakıda mənzil tikintisinin xərci yüksəkdir. Yüksək olmasının səbəblərindən biri tikinti şirkətlərinin fəaliyyətinə bəzən müəyyən müdaxilələrin olması ilə bağlıdır. Bu da inşa ediləcək mənzillərin qiymətinin yüksək olmasına gətirib çıxarır. Bakıda bir kvadrat metr mənzilin tikinti xərci təxminən 150 manatdır. Amma reallıqda tikinti şirkətlərinin orta xərci təxminən 400 manata yaxındır. Ona görə də qeyri-rəsmi müdaxilələr aradan qaldırılarsa, mənzillərin qiymətinin aşağı düşməsinə səbəb olar. Digər məsələ ondan ibarətdir ki, hələlik Azərbaycanda mənzil gərginliyini aradan qaldıracaq proqramlar həyata keçirilmir. Rusiyada Sosial Mənzil Fondu var. O fond vətəndaşlara uzunmüddətli dövr üçün kirayəyə mənzil satır. Bu da tələbatın bir hissəsinin Sosial Mənzil Fondu tərəfindən qarşılanmasına, bazarda tələbatın tarazlaşmasına və mənzillərin ucuzlaşmasına gətirib çıxarır. Azərbaycanda da Mənzil Məcəlləsində Sosial Mənzil Fondunun yaradılması nəzərdə tutulub. Bu fond yaradılarsa, mənzil bazarında qiymətlərin tənzimlənməsinə, aşağı düşməsinə gətirib çıxaracaq".

Digər iqtisadçı ekspert Zöhrab İsmayıl da bildirir ki, qonşu ölkələrə nisbətən hazırda Azərbaycanda daşınmaz əmlakın qiymətlərinin yüksək olması sırf neft gəlirləri ilə bağlı olan məsələdir: "Eyni zamanda burada müəyyən qədər nəzarətsiz maliyyə vəsaitinin də rolu var. Belə bir şəraitdə daşınmaz əmlaka da tələbat artır. Xüsusən də onu nəzərə alaq ki, hazırda pul yatırmağa, investisiya qoymağa ən cəlbedici görünən tikinti sektorudur. Buna görə də bizdə daşınmaz əmlakın qiyməti baha olaraq qalır. Xüsusilə də nəzərə alsaq ki, azərbaycanlılar üçün hələ də şəxsi mənzilin önəmi çox yüksək olaraq qalır. Bu zaman da mənzərə tamamilə aydınlaşır. İnsanlar əllərində olan pulları ilk növbədə daşınmaz əmlaka yatırırlar".
Sizin Reklam Yeriniz