Əlaqə Arxiv
news Image
2013.01.16
20:26
| A A A
Prezident İKT ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında sərəncam imzalayıb.  "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaradıb. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlərin artıq həlledici mərhələyə qədəm qoyması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunur ki, BMT Baş Assambleyasının qəbul etdiyi "Minilliyin Bəyannaməsi" və "İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə" haqqında qətnamələri nəzərə alaraq, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilsin. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sizin Reklam Yeriniz