Əlaqə Arxiv
news Image
2013.01.18
23:15
| A A A
Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdi

"Son zamanlar Rüstəm İbrahimbəyovun təsis etdiyi və mənim katib olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlər dolaşmaqdadır. Bildirirəm ki, mən Rüstəm İbrahimbəyovu istedadlı dramaturq və rejissor kimi tanımışam, hazırda da bu fikirdəyəm.

Biz uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqında birgə çalışmışıq və İttifaqın yaranmasında məqsəd Azərbaycan kino sənətinə dəstək və töhfə vermək olub". Bunu "Azərtac" Dövlət Agentliyinə göndərdiyi bəyanatında xalq artisti Rasim Balayev qeyd edib. R. Balayev bildirib ki, o bir Azərbaycan ziyalısı və kino sənətinin inkişafında rolu olan şəxs kimi hər bir ziyalının lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalı olduğunu düşünür: "Lakin bu gün dünyada Azərbaycanın uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir. Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm".
R. Balayev mediadan və ictimaiyyətdən bu bəyanatını siyasiləşdirməməyi, müraciətinin sırf yaradıcılıqla məşğul olmaq istəyimdən irəli gəldiyini nəzərə almalarını xahiş edib.

Sizin Reklam Yeriniz