Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 23 il
keçir. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq
hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət
nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar
20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər
Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin
qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində
hərəkət edəcəklər. Yanvarın 20-də Bakı Polis Qarnizonu
gücləndirilmiş rejimdə işləyəcək. 20 Yanvar faciəsinin 23-cü
ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış
tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam
saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində
nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Dünya ictimaiyyətinin
diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici
ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan
icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Yanvarın
20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər
və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm
əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək. Qeyd
edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu
Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran
edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb,
841 nəfər qanunsuz olaraq həbs edilib. 1994-cü ildə Azərbaycan
Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul
edib.