Əlaqə Arxiv
news Image
2013.01.22
07:03
| A A A
Avropadan Azərbaycana gələn məhsullar bahalaşır
Avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür

Son günlərdə müşahidə edilən və getdikcə daha çox maraq doğuran məsələlərdən biri də Avropadan gələn məhsulların bahalaşmasıdır. Bunun səbəbləri barədə danışarkən diqqət daha çox avronun bahalaşmasına yönəlir. Qeyd edək ki, dünyanın maliyyə bazarlarında avronun məzənnəsinin artması ilə bağlı başlayan tendensiya davam edir.

Avropa İttifaqı üzvü olan 17 ölkənin vahid valyutası 2%-dən çox bahalaşıb. Əgər əvvəllər valyuta birjalarında 1 avro 1,31 ABŞ dollarına bərabər idisə, hazırda bu göstərici 1,35 dollardır.

Belə bir vaxtda isə Azərbaycanda avronun alışı artıb. Daha bir maraqlı fakt odur ki, indi sadə azərbaycanlı bir yığım vasitəsi kimi dollardan daha çox avroya üstünlük verir. Məlumata görə, Azərbaycanda avro alışı təxminən 70 faizə yaxın artıb.

Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, ölkədə 1 avronun qiyməti 1,05 manatdır. Halbuki 1 həftə bundan əvvəl məzənnə 1,02 manat idi. Avronun bahalaşması əhalinin bu valyuta növünə tələbatını qismən artırıb. Paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları deyir ki, avro alanlar əsasən pulunu dollarla saxlamaqdan imtina edənlərdir.

Xatırladaq ki, avronun məzənnəsinin artması Avropa Mərkəzi Bankının (AMB) yanvarın 10-da keçirilmiş iclasından sonraya təsadüf edib. Belə ki, iclasda uçot faiz dərəcəsinin 0,75%-dən 0,5%-ə salınacağı gözlənilsə də, bu, baş verməyib. Qurumun rəhbəri Mario Draqi bəyan edib ki, iclasda iştirak edənlər yekdilliklə uçot dərəcəsinin dəyişdirilməsinə tərəfdar olub. Belə bir qərar isə investorlarda avroya qarşı inamı artırıb. Son nəticədə həm valyutanın məzənnəsi, həm də Avropanın aparıcı fond indeksləri artmağa başlayıb.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti sonuncu dəfə uçot faiz dərəcəsinə 2012-ci ilin iyulunda baxmışdı və sözügedən göstərici 1%-dən 0,75%-ə qədər azaldılmışdı. Bu isə, avronun valyuta bazarındakı mövqeyinin kəskin zəifləməsilə nəticələnmişdi. Mario Draqinin sözlərinə görə, hazırda avrozona ölkələrinin iqtisadiyyatında sabitlik müşahidə edilir və 2013-cü ilin sonuna qədər işgüzar aktivliyin artacağı, Avropa mallarına xaricdə tələbatın yüksələcəyi gözlənilir. İllik qiymət artımının səviyyəsinin isə 2%-i keçməyəcəyi proqnozlaşdırılıb.

Yuxarıda qeyd edildiyi kimi son günlər paytaxtda Avropadan idxal olunan məhsulların qiymətlərində artımlar müşahidə edilməkdədir. Satıcılar bahalaşmanın Avropa ölkələrinin birjalarında baş verən proseslər, eləcə də avronun məzənnəsi ilə bağlayırlar. O da məlumdur ki, dünya bazarında avronun məzənnəsinin dollara nisbətən sürətlə bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə də təsir göstərir. Bu səbəbdən ölkəyə xaricdən, xüsusilə də Avropa ölkələrindən idxal olunan məhsullarda müəyyən qədər bahalaşma gözlənir.

Ekspertlər bildirir ki, avronun manata nisbətən məzənnəsinin yüksəlməsi bu valyutanın dollara nisbətən kursunun artması ilə bağlıdır. O da məlumdur ki, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Əvvəla bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə Avropa mallarının Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin də qiymətinin artmasına səbəb olacaq.

Qeyd edək ki, manatla müqayisədə avronun məzənnəsi ən yüksək həddə 2009-cu ilin dekabr ayının əvvəlində (1 avro - 1,211 manat) çatıb. Sonrakı tarixlərdə isə avro davamlı olaraq ucuzlaşmağa başlayıb. Hətta manata nisbətdə avronun məzənnəsi 95 qəpiyə də düşüb. Lakin qeyd olunduğu kimi avronun məzənnəsi yenidən yüksəlməyə başlayıb. O da məlumdur ki, avronun məzənnəsində müşahidə olunan artım Neft Fondunda saxlanılan vəsaitlərin də artmasına səbəb olacaq.

İqtisadçılar isə Avropa səhm bazarında müşahidə edilən böhrandan danışarkən qeyd edirlər ki, böhran digər bazarlara, eləcə də real sektora təsir göstərməkdədir. Təsirin nəticəsi olaraq Avropanın istehlak bazarında, xüsusən sənaye məhsullarında artımlar deyil, qiymət azalmaları müşahidə edilməkdədir. Bu baxımdan Azərbaycanda Avropa məhsullarının bahalaşması bazarın diqtə eydiyi artımlar kimi də qiymətləndirilmir.
Sizin Reklam Yeriniz