"Daily times" qəzeti Azərbaycanın birinci xanımını ilin adamı seçdi
Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər
Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanı "Humanizm simvolu-2012-ci ilin adamı"
elan edib. Movqe.az AzərTAc Dövlət İnformasiya Agentliyinə
istinadən xəbər verir ki, Mehriban xanım bu ada Heydər Əliyev
Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi
humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində işlərə
görə layiq görülüb. "Daily times" qəzetinin 22 tarixli nömrəsinin
iki səhifəsi də bu mövzuya həsr olunub. Buradakı məqalələrdə
Mehriban xanımın humanist fəaliyyəti, o cümlədən Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə
Pakistanda həyata keçirilən layihələrə dair geniş məqalələr çap
olunub. Qeyd edilib ki, 2007-ci ildə Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş
Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə
həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri
aparılıb. Fond Pakistanda silsilə humanitar yardımlar proqramı
çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan
uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə
aparıb, Peşavar şəhərində "Akbar Care" Serebral Paraliç
İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat
şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün
pulsuz müayinə təşkil edib, İslamabad şəhərinin "Kulsum
International" klinikasında açıq ürək əməliyyatlarını
maliyyələşdirib, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə
avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım
avtomobili və 2000 ədəd qanköçürmə paketi hədiyyə edib, Xeybər Göz
Fondunun yeni binasının inşası üçün maddi yardım göstərib,
Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri
təşkil edib, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab
əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə
paylanılıb. Qeyd edək ki, böyük tirajla nəşr olunan nüfuzlu "Daily
times" qəzeti Pakistanla yanaşı, Böyük Britaniya və Birləşmiş Ərəb
Əmirliklərində də yayımlanır.