Əlaqə Arxiv
news Image
2013.01.23
08:05
| A A A
Tıxac problemi daha da böyüyəcək
Ölkəyə, xüsusən də paytaxt Bakıya gətirilən avtomobillərin sayı yenə sürətlə artır

Paytaxt Bakı üçün getdikcə daha ciddi problemə çevrilən məsələlərdən biri də təkcə sürücülərin yox, elə piyadaların da əsəblərilə oynayan tıxaclardır. Düzdür, sözügedən problemin həlli məqsədilə Bakıda infrastruktur yaradılır, böyük avtoparkinqlər tikilir. Lakin bunlar ölkəyə, əsas etibarı ilə də paytaxt Bakıya gətirilən avtomobillərin sayı ilə düz mütənasib deyil. Yəni, ölkəyə daha çox maşın gətrildyindən yaradılan infrastruktur tıxac probleminin tam həllinə imkan vermir.

Elə təkcə ötən il Azərbaycana ümumi dəyəri 1 12 milyon ABŞ dolları olan 101 255 ədəd avtomobil idxal olunub. Gətrilən 100 mindən artıq maşının böyük əksəriyyəti minik avtomobilləri olub. Onların da 70 faizindən çoxu Bakıda istismar edilir. Hazırda Azərbaycanda minik avtomobillərinin sayı 1,3 milyona çatmaqdadır və bunun təxminən 700 mini məhz Bakıdadır. Cari il ərzində də paytaxtda minik avtomobillərinin sayında böyük artım gözlənir. Aydındır ki, belə vəziyyət tıxac probleminin daha da dərinləşməsinə səbəb olacaq.

"MBA consulting" şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirir ki, Bakıdakı avtomobillər bir cərgəyə düzülsə, yollarda hərəkət dayanar. Paytaxtda bir avtomobilə 2,34 m yer düşür. Əgər bu problem həll olunmasa, gələcəkdə şəhərdə maşınlar hərəkət etməyəcək, nəqliyyat dayanacaq. Onun sözlərinə görə, gələcəkdə nəqliyyat böhranını aradan qaldırmaq üçün şəhərin sərhədlərini genişləndirmək, mərkəzdə əhalinin sıxlığını azaltmaq lazımdır: "Küçələrin sayını artırmaq, onları genişləndirmək, həmçinin işıqforların sayını azaltmaq da pis olmazdı. Yaşayış binalarını şəhərdən kənarda tikmək lazımdır. Əgər bu tədbirlər görülsə, vəziyyət qismən yaxşılaşacaq. Son zamanlar hər il avtomobillərin sayı 7-8% artır. Əgər bu tendensiya davam edərsə, Respublikadakı avtomobillərin sayı 2 milyonu keçəcək. Bu zaman yollarda ümumiyyətlə yer olmayacaq".

Digər tərəfdən yollarda aparılan qazıntı işləri, sonradan bərpa olunmaması həm tıxacların yaranmasına səbəb olur, həm də yolların vəziyyətinin bərbad vəziyyətə düşməsinə. Məsələn, yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi məqsədilə aparılan qazıntı işləri ən çox sürücülərin etirazına səbəb olur. Bu, yolların korlanmasına, avtomobillərin detallarının sıradan çıxmasına səbəb olur, piyadaların hərəkətində problem yaradır. Halbuki, normativlərə əsasən, hansısa nasazlığı aradan qaldırmaq məqsədilə görülən qazıntı işləri üçün əvvəla aidiyyatı qurumlardan texniki şərt alınmalıdır. Bundan əlavə qazıntı işləri bitdikdən sonra həmin yer yenidən bərpa olunmalı və əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bərpa işlərinin aparılmaması yağış yağdığında yolları tamamilə iflic vəziyyətə salır. Hər bir halda, bütün bunlardan əziyyət çəkənlər daha çox sadə vətəndaşlardır.

Ekspertlərə görə, küçə və yollarda hər hansı tikinti işlərinin aparılması mütləq razılaşdırılmış yolla həyata keçirilməlidir. Ümumiyyətlə, bütün qazıntı işləri yol polisi və Bakı Şəhər İcra Hakimiyyətinin razılaşdırılmış sərəncamı əsasında aparılmalıdır. İcra hakimiyyətinin verdiyi sərəncamda tikinti normaları konkret olaraq müəyyən şərtlərlə göstərilib. Qazıntı işlərini aparmaq üçün konkret vaxt, harada və hansı nişanın qoyulması və s. kimi şərtlər göstərilir. Yəni sərəncamın tələbləri olduğu kimi həyata keçirilməlidir. Əgər keçirilmirsə, yol polisi həmin tikinti layihəsini aparan fiziki və ya hüquqi şəxsə qarşı protokol tərtib etməlidir. Yollarda qazıntı işləri aparan qurum bunun üçün texniki şərt almalıdır. Texniki şərt alınması üçün Nəqliyyat Nazirlyinə müraciət edilməli və bunun əsasında işləri başa çatdırdıqdan sonra həmin ərazini bərpa etməlidir. Burada yol qazıldıqdan sonra çıxmış torpağın yerinə qaytarılması, bərkitmə aparılması və asfalt çəkilməsi nəzərdə tutulub. Lakin təəssüf ki, bəzən bu qaydalara əməl olunmur.

Mütəxəssislər isə bildirir ki, şəhərdə tıxacların aradan qaldırılması və ya yumşaldılması ilə bağlı istifadə edilən metodlardan biri də yolların və körpülərin sayının artırılmasıdır. Belə olanda avtomobillərin hərəkətinin müəyyən qədər şaxələnməsinə nail olmaq mümkündür. Bu mənada hətta qeyd olunur ki, ikimərtəbəli yolların salınması olduqca vacibdir. Çünki, bütün hallarda tıxacların aradan qaldırılması üçün avtomobillərin alternativ yollardan istifadə etməlidir. Nəzərə alsaq xarici ölkələrin iri şəhərlərində bu cür ikimərtəbəli yollardan və körpülərdən istifadə edirlər.

Ekspertlərin sözlərinə görə, tıxacların aradan qaldırılması üçün eyni zamanda ölkədə kompleks tədbirlər həyata keçirilməlidir. Bu kompleks yanaşma Bakıda gərginliyin azaldılması - paytaxtda yerləşən bir neçə nazirlik, qurum və universitetlərin kənara köçürülməsi istiqamətində olmalıdır. Məsələn, ABŞ-ın iri şəhərlərində ABŞ-ın aparıcı universitetləri, demək olar ki, yerləşmir. Azərbaycanda isə aparıcı universitetlərin hamısı Bakıda yerləşir. Ona görə də aparıcı universitetlərin paytaxtdan kənara köçürülməsinə ehtiyac var. Çünki, bu, həm Bakıda gərginliyin aradan qaldırılmasına gətirib çıxara bilər, həm də həmin rayon mərkəzlərinin inkişafına nail olacaq.
Sizin Reklam Yeriniz