Əlaqə Arxiv
news Image
2013.01.24
07:19
| A A A
Qışın isti havası kənd təsərrüfatını çökdürür
Vahid Məhərrəmov: «Havaların isti keçməsi bitkilərdə vegetasiya prosesini sürətləndirir ki, bu da məhsuldarlığın aşağı olacağından xəbər verir»

Bu qışın sərt keçmədiyi göz önündədir. Qışda yaz havasının dadını çıxaran insanlar əlbəttə ki, temperaturdan şikayətçi deyillər. Niyə də olsunlar axı? Qışın oğlan çağında günəşin bərq vuran şüaları bədənimizi qızdırır, təbiətə can verir. Amma təbiətə vaxtsız verilən canın ömrünün az olması faktoru var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, normadan yüksək temperatur hələ bir neçə gün davam edəcək. Azərbaycanın bəzi rayonlarında temperatur 20 dərəcəyə qədər qalxıb. Havanın yağmursuz, günəşli keçməsini kənd təsərrüfatı üzrə ekspertlər arzuolunan saymırlar.

Mütəxəssislər qış aylarında havaların normadan isti keçməsinin məhsuldarlığa mənfi təsir edəcəyini düşünürlər. Bu, əsasən dəmyə əkinçiliyində və taxılçılıqda özünü göstərə bilər.

Hazırda fermerlər dənli bitkilərin əkinini yekunlaşdırıblar. Ötən ay yağan zəif qardan sonra dənli bitkilər boy atmağa başladı. Hazırda havaların isti keçməsi yaşıllıqların daha da sürətlə böyüməsinə şərait yaradır. Amma qəfil düşəcək soyuq, şaxta cücərmiş, pöhrə vermiş bitkiləri məhv edə bilər. Məhv olacaq, çürüyəcək bitkilərin yazda göyərməsi mümkün olmur.

İsti hava meyvə ağaclarının da tumurcuqlanmasına səbəb olur. Alça, ərik ağaclarında tumurcuqlara rast gəlmək mümkündür. Kəndlilər isə qışda ağacların tumurcuqlanmasından heç də razı deyillər. Fevral ayında düşəcək şaxta, yağacaq qar tumurcuqlarla bərabər, ağacın özünü quruda bilər. Bundan başqa yanvarda temperaturun yüksək olması havada mikrobların, bakteriyaların həcminin artmasına, insan və bitki orqanizmi üçün zərərli mikrobların yayılmasına, torpaqda rütubət nisbətinin aşağı düşməsinə səbəb olur. Mövzudan kənara çıxaraq bildirək ki, son günlər insanlar arasında qriplə müşahidə olunan öskürək, angina hallarının artmasını həkimlər lazım olan miqdarda qarın yağmaması ilə əlaqələndirirlər. Qar havanı mikroblardan təmizləyir, torpaqdakı zərərverici bakteriyaları məhv edir. Havaların isti olması quraqlığı artırır ki, bu da gəmiricilərin balalayıb artmasına və beləliklə, torpağın altındakı toxumların onlar üçün yem olmasına səbəb olur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, havaların isti keçməsi bitkilərdə vegetasiya prosesini sürətləndirir ki, bu da məhsuldarlığın aşağı olacağından xəbər verir: "Vegetasiya sürətlənir, torpaqda rütubət aşağı düşür, zərərverici bakteriyalar, gəmirçilərin sayı artır. İsti anbarlardakı dənli bitkilərin bitlənməsinə, xarab olmasına gətirib çıxarır. Düzdür, belə hava mavi yanacaq və elektrik enerjisinə olan tələbatı azaldır. Sosial şəbəkələrdəki yazışmalardan da görünür ki, günəşli hava romantik insanların, kənd təsərrüfatı barədə minimal bilgiləri olmayanların havasıdır. Şəhərdəkilər sevinir, kənddəkilər isə həyəcanlanırlar, narahat olurlar. Gözlənilməz gözəlliyin gözlənilən eybəcərlikləri özü göstərəcək. Yaxşı olardı ki, əkinçilər öz tarlalarını sulasınlar. Yağışa ümid bəsləməsinlər. Bundan başqa ziyanvericilərə qarşı mübarizəni gücləndirmək lazımdır. Baytarlıq və sanitar idarələr fermerlərə köməklik göstərməlidir. Çox qorxulu havadır".

Ekspert əlavə etdi ki, belə hava maldarlıqla məşğul olanlar üçün də arzuolunan deyil: "Yazda ot-alaf olmaya bilər. Dəmyə bitən otlar fevralda düşəcək şaxtadan quruyacaq. Quruyan otun yazda dirçəlmə ehtimalı aşağıdır".
Sizin Reklam Yeriniz