Əlaqə Arxiv
news Image
2013.01.24
07:22
| A A A
Keyfiyyətsiz ərzaqlardan hələ də yaxa qurtara bilmirik
Vəziyyətdən çıxış yolu kimi Dövlət Keyfiyyət Şurasının yaradılması təklif olunur

Keyfiyyətsiz ərzaq problemi hələ də öz aktuallığını qorumaqda, ciddi təhdid mənbəyi kimi çıxış etməkdədir. Müvafiq dövlət strukturları tərəfindən vaxtaşırı keyfiyyətsiz ərzaq məhsullarının sıradan çıxarılması üçün addımlar atılsa da hələ də məsələni tam həll etmək mümkün olmayıb.

Qeyd edək ki, 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1350,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb.

2011-ci ildə isə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Dövlət Xidməti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Ötən il ərzində də dövriyyədən çıxarılan keyfiyyətsiz ərzaq məhsullarının həcmi tonlarla ölçülüb. Düzdür, 2011-ci illə müqayisədə 2012-ci ildə aşkarlanan keyfiyyətsiz ərzaq məhsullarının həcmi təxminən 2 dəfə azalıb. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə 2011-ci ildə 1537 təsərrüfat obyektində yoxlama aparıb və onlardan 622-də standartların, metroloji norma və qaydaların tələblərinin pozulması hallarını aşkar edib. Laboratoriya araşdırmalarına əsasən, 2200 kq şokolad və vafli, 85 kq şirniyyat və biskvit tortu, 134 kq yağ, 5528 litr alkoqolsuz məhsul, 2267 litr süd və süd məhsulları, 30765 litr nar şirəsi, 4500 litr alkoqol keyfiyyət standartlarına cavab vermədiyi və istehlakçıların sağlamlığına zərər verə biləcəyi üçün məhv edilib.

Qeyd olunduğu kimi, yararlılıq müddəti bitmiş ərzaq və qeyri-ərzaq məhsullarının satışı qadağandır. Bu, yeyinti məhsulları və istehlakçıların hüquqlarının qorunması haqqında qanunda da öz əksini tapıb. Qanuna riayət etməyərək satışa vaxtı ötmüş məhsullar çıxaranlar isə az deyil. İstifadə müddəti bitmiş ərzaq və qeyri ərzaq məhsullarının satılması qadağan olsa da, dükan və marketlərdə bu cür mallara tez-tez rast gəlmək olur. Saxlama müddəti keçmiş ərzaq məhsullarını satanlar onu istehsalçıya qaytarmayaraq, istehlakçılara təklif edirlər. Bu isə insan sağlamlığını ciddi təhlükə qarşısında qoyur. Yeyinti məhsulları haqqında Azərbaycan respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq məhsulun üzərində Azərbaycan dilində onun tərkibi və mənşəyi barəsində məlumatlar olmalıdır. Lakin keyfiyyətsiz əksər ərzaq məhsullarında belə məlumatlara rast gəlinmir. Alıcılar isə çox vaxt məhsulların görünüşünə nəzər yetirərək onun istifadə müddəti və üstündəki normativ sənədlərə baxmırlar. Əsasən də, gündəlik yeyinti qidalarına, kolbasa və ət məhsullarına. Mütəxəssislər xəbərdarlıq edir: məhsuldan yad qoxu gəldikdə, onun qablaşdırılmasında problemlər olduqda, konservləşdirilmiş qablarda əziklər-batıqlar olduqda almaq təhlükəlidir. Həmçinin ərzaq məhsullarının üzərindəki markalanmaya da xüsusi diqqət yetirmək lazımdır. Bu cür halların aradan qaldırılması istiqamətində müvafiq qurumlar bir sıra tədbirlər görürlər. Qanunu pozan istehsalçıları 1500 manatdan 5000 manatadək cərimə gözləyir.

Lakin qeyd olunduğu kimi aidiyyatı qurumlar tərəfindən mütəmadi yoxlamalar aparılmasına baxmayaraq, istər ölkə daxilində istehsal olunan, istərsə də xaricdən idxal olunanlar arasında keyfiyyətsiz məhsullar kifayət qədərdir. "Yeyinti məhsulları haqqında" qanunun 4-cü maddəsinə əsasən, yeyinti məhsullarının keyfiyyəti yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normallaşdırılması və təkmilləşdirilməsi sertifikatlaşdırılması, dövlət gigiyena qeydiyyatı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti ilə təmin edilir.

Onu da bildirək ki, Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramı qəbul olunmasına baxmayaraq, onun icrası hələ istənilən səviyyədə deyil. Ekspertlər bildirir ki, 2012-ci ilin statistikasına əsasən, Azərbaycanda ərzaq məhsullarından mindən artıq zəhərlənmə faktı qeydə alınıb. Mütəxəssislər zəhərlənmə faktlarının artmasına səbəb kimi istehsal olunan ərzaq məhsullarının keyfiyyətinin aşağı olmasını göstərir. Xatırladaq ki, bütün qida istehsalı müəssisələrində gəlirin 25 faizi keyfiyyətə xərclənməlidir. Keyfiyyət isə insan amili, texnoloji və xammalda özünü göstərir. Lakin təəssüf ki, buna hələ də tam əməl edilmir. Vəziyyətdən çıxış yolu kimi təklif olunur ki, Azərbaycanda Dövlət Keyfiyyət Şurası yaradılsın. Belə bir qurum Rusiya, Ukrayna və Belarusda çoxdan fəaliyyət göstərir. Analoji qurumun ölkəmizdə də yaradılması zəruri sayılır.
Sizin Reklam Yeriniz